Sırım Datov üsyanı — 1783–1797-ci illərdə Sırım Datulının rəhbərliyi ilə Kiçik jüz qazaxlarının həyata keçirdiyi üsyan.

Üsyan Sırım Datovun rəhbərliyi altında qazaxların üsyan qaldırması, hökumətin tabeçiliyində olan qazax nəsillərinin daxili həyatını tənzimləmək cəhdləri ilə birbaşa bağlı olmuşdur. Əslində, XVIII əsrin sonunda Kiçik jüzdə cərəyan edən gərgin hadisələr başqırdların və qazax nəsillərinin bir hissəsinin fəal iştirak etdiyi Yemelyan Puqaçovun kəndli müharibəsinin əks-sədası hesab edilmişdir. İlk mərhələdə Puqaçov hərəkatının şiddətini azaltmaq məqsədilə II Yekaterina bəzi mühüm güzəştlərə getmişdir. Bu güzəştlər Ural, Orenburq və Sibir kazak qoşunlarının genişləndirilməsi, habelə Ural və İrtış çayları boyu sərhəd xətlərinin təşkili ilə əlaqədar əllərindən alınmış ənənəvi köç yerlərindən, çay və göl sahələrindən istifadəyə icazə verilməsini nəzərdə tuturdu.

Xarici İşlər Kollegiyasının 7 noyabr 1775-ci il tarixli fərmanı ilə qazaxlara Ural və Volqa çayları arasındakı otlaqlardan, Xəzər dənizi sahillərindən və İrtışın sağ sahilindən istifadə etməyə icazə verilmişdir, lakin bu tədbirlər sözügedən ərazilərin müstəmləkələşdirilməsi istiqamətində artıq atılmış addımlarla ziddiyyət təşkil etmişdir. Belə ki, həmin torpaqlar ya kazak xutorları və dövlət əkin sahələri tərəfindən tutulmuş, ya da bu məqsədlər üçün planlaşdırılmışdı. 1782-ci ildə imzalanan fərmanla aydınlıq gətirilmişdir ki, mal-qaranın qeyd olunan torpaqlara sürülməsi üçün əvvəlcədən "icarə haqqı" ödənilməlidir, lakin bu tədbir də yetərli hesab olunmamışdır. Xüsusilə, Ural kazakları təşəbbüs göstərərək qoşun tərəfindən idarə olunan ərazilərdən keçid zamanı amanatların (girovların) verilməsini tələb etmiş, daha sonra isə qoşun idarəsi torpaqların icarəyə verilməsini tamamilə qadağan etmişdir. Bu, faktiki olaraq qazaxların Uralın digər tərəfinə, yəni "daxili hissəyə" keçməsinin qadağan edilməsi demək idi. Cavab olaraq genişmiqyaslı üsyan başlamış, forpostlara və istehkamlara çoxsaylı hücumlar edilmiş, buna qarşılıq olaraq isə cəza ekspedisiyaları təşkil olunmuşdur.

Eyni zamanda Kiçik jüzdə daxili ixtilaflar da baş vermişdir. Rusiya himayəsinə keçdikdən sonra xan hakimiyyətinin nüfuzu zəifləmiş, "xan — sultanlar — nəsil ağsaqqalları" şəklindəki şaquli feodal piramidası dağılmışdı. Nəsil başçılarının hər biri sərhəd və mərkəzi administrasiya ilə müstəqil şəkildə razılığa gəlməyə çalışırdı. Yarandığı iddia edilən anarxik qarışıqlığı aradan qaldırmaq üçün Orenburq general-qubernatoru Osip İgelstrom ağsaqqalların qurultayını — bir növ çöl parlamentini çağırmağı təklif etmişdir, lakin qurultayın rəhbəri vəzifəsinə Sırım Datovun seçilməsindən və bu qurumun polyak seyminə bənzəməyə başlamasından sonra, 1789-cu il tarixində İgelstrom xan hakimiyyətinin bərpa olunmasına üstünlük vermişdir.

O. İgelstrom Kiçik jüzün idarəçiliyində islahatlar apararkən yol verdiyi xətaları anlayaraq mərkəzə yeni bir layihə təqdim etmişdir. O, Ordanın qərb hissəsini altı "raspava"ya (məhkəmə-inzibati dairəyə) bölmüş və Sırım Datovun namizədliyini baş prokuror vəzifəsinə irəli sürmüşdür., lakin hökumət bu ideyanı bütövlükdə bəyənməmiş, yalnız xan hakimiyyətinin gücləndirilməsi hissəsini dəstəkləmişdir. Eyni zamanda, Volqa və Ural çayları arasında kalmıkların tərk etdiyi torpaqlardan qazax əhalisinin istifadə hüquqlarının məhdudlaşdırılmasına başlanılmışdır. Bu addımlar Sırım Datov tərəfdarları ilə çar idarəetmə strukturları arasında qarşıdurmanın yenidən alovlanmasına səbəb olmuşdur.

Rusiya administrasiyasına qarşı açıq itaətsizlik, sərhəd xətlərinə hücumların sayının artması və 1790-cı illər boyu Orta Asiya ilə ticarətin tamamilə dayanması daxili çəkişmələrlə paralel şəkildə davam etmişdir. Yalnız 1797-ci il tarixinə qədər ağsaqqallar və sultanlarla aparılan çoxsaylı danışıqlar nəticəsində qazax nəsillərinin əksəriyyətini sakitləşdirmək mümkün olmuş və üsyan zəifləməyə başlamışdır. Sırım Datov Xivə xanlığının ərazilərinə köç etmək məcburiyyətində qalmışdır.Қазақстан тарихы (XVIII ғасыр — 1914 жыл). Жалпы білім беретін мектептің 8-сыныбына арналған оқулық. Қабылдинов З.Е., Қайыпбаева А.Т.Алматы: Атамүра, 2008. — 352 бет, суретті, карталы.ISBN 9965-34-816-2

İstinadlar

Kateqoriya:Qazaxıstanda üsyanlar Kateqoriya:XVIII əsrin üsyanları