Həlimə Çavuş (Soyad Qanunundan sonra ; ) — Türkiyə İstiqlaliyyət müharibəsi zamanı milis qüvvələrinin sırasına kişi paltarında qatılan türk qadını. Həyatı Həlimə Qocabıyıq 1898-ci ildə Kastamonunun Duruçay kəndində anadan olub. Ata və anasının etirazına baxmayaraq, Türkiyə İstiqlaliyyət müharibəsində (1919-1923) iştirak edib. Saçlarını qırxdırıb, üzünü təraş edərək kişi paltarında milis qüvvələrinə qoşulub. Dostları arasında uzun müddət Həlim kimi də tanınıb. Ordunun logistika işlərində çalışıb. İnəbolu limanından Ankara və Sakaryaya öküz arabaları ilə silah və sursat daşıyıb. Bir gün İnəboludan cəbhəyə sursat apararkən, qarlı və soyuq havada gödəkçəsini silah-sursatın üstünə örtən zaman Mustafa Kamal Paşa və yanındakı heyətlə qarşılaşsa da, onu tanımayıb. Mustafa Kamal Paşa, cəbhəyə apardığı güllələri öz canından daha üstün tutan bu əsgəri görüncə çox təsirlənib və ondan soruşub: "Niyə əynindəki gödəkçəni mərmilərin üstünə ötmüsən, üşümürsən?" Həlimə cavabında: "Mənim üşüməyim vacib deyil. Bu silah-sursat yüzlərlə, bəlkə də minlərlə əsgərimizi qoruyacaq." Bəzi mənbələrə görə isə o, "Bəy, yüz min nəfər xilas olacaq. Mən ölsəm nə olar ki?" sözlərini deyib. Mustafa Kamal Paşa onun şəxsiyyət vəsiqəsini istəyib və Həlimənin qadın olduğunu anlayanda: "Sən qızsan?" deyə soruşub və "Bəli" cavabını alıb. Paşa yavərinə Həlimə Çavuşla bağlı bütün məlumatları qeyd etdirərək Ankaraya qayıdıb.
9 iyun 1921-ci ildə o, Yunanıstanın "Georgios Averof" və "Kilkis" hərbi gəmiləri İnəbolunu bombalayarkən ayağına dəyən qəlpə yarası nəticəsində ağır yaralanaraq ordudan tərxis olundu. Müharibənin sonunda Mustafa Kamal Paşa və həyat yoldaşı Lətifə xanımla görüşmək üçün Ankaraya dəvət edildi və Çankaya köşkündə on beş gün qonaq edildi. Bu vaxt çavuş rütbəsinə yüksəldilən Həlimə Qocabıyıq "İstiqlal" medalı ilə də təltif olundu. Paşanın "Səni buraxmıram, bizim qızımız ol" sözlərinə cavabında: "Anam və atam məni gözləyir" deyə bildirib. Paşa tərəfindən müxtəlif hədiyyələrlə birlikdə evinə yola salınıb və ona aylıq təqaüd də kəsilib.
1934-cü ildə "Soyad Qanunu"nun qəbulundan sonra Qocabıyıq soyadını götürüb. Həyatı boyu heç vaxt ailə qurmayan Həlimə Çavuş qardaşı Həsən Qocabıyıqın 13 yaşlı oğlu Sadiq Kocabıyıqı övladlığa götürərək böyüdüb. Ömrünün son altı ilini doğulduğu yer olan Kastamonunun Duruçay kəndində keçirib və 20 fevral 1976-cı ildə, 78 yaşında vəfat edib. Xatirəsi Həlimə Çavuş Uşaq bağçası (Söyüdlü, Sakarya) Həlimə Çavuş Xüsusi Təhsil Uşaq bağçası (Kastamonu) Həlimə Çavuş Qapalı Üzgüçülük hovuzu (Mərkəz/Kastamonu) Həlimə Çavuş Eşitmə Məhdudiyyətli Şəxslər üçün məktəb (Mərkəz/Kastamonu. Bağlanıb.) İstinadlar
Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar