Fridrix Karl fon Savinyi (; ) — alman hüquqşünası və dövlət xadimi. Hüququn tarixi məktəbinin ən məşhur nümayəndələrindən biri və dövrünün ən görkəmli hüquqşünaslarından biri hesab olunur. Almaniyada və Avropada tanınmış Roma hüququ mütəxəssisi (romanist) və mülkiyyət hüququ üzrə mütəxəssisdir (sivilist).

Bioqrafiya

Əslən Lotaringiyanın Mets, Lüneburq və Dakburq qraflarından gələn, almanlaşmış fransız protestant zadəgan ailəsində anadan olmuşdur. Atası lüteran (peşəcə hüquqşünas), anası isə kalvinist idi. XVII əsrin 30-cu illərində Fransada protestantların təqib edilməsinə görə Savinyi ailəsi Lotaringiyanı tərk edərək Frankfurtda məskunlaşmışdı.

Savinyi erkən yaşlarında yetim qalmışdır: 1791-ci ildə atasını, 1792-ci ildə isə anasını itirmişdir. Onun tərbiyəsi və təhsili ilə atasının yaxın dostu, İmperiya Ali Məhkəməsində çalışan Vetslar fon Neyrat məşğul olmuşdur. Savinyi 15 yaşına çatdıqda, Neyrat onu və öz oğlunu universitetə hazırlamaq üçün onlara pozitiv hüquq, təbii beynəlxalq hüquq, Roma hüququ və imperiya (dövlət) hüququ kurslarını keçmişdir. Bu intensiv hazırlıq sayəsində Savinyi on altı yaşında Marburq Universitetinə daxil ola bilmişdir. O, 1795–1799-cu illərdə Marburq Universitetində, 1796–1797-ci illərdə isə Göttingen Universitetində hüquq təhsili almışdır.

1800-cü ildə Göttingen Universitetində "Formal deliktlərin rəqabəti haqqında" mövzusunda magistr dissertasiyasını müdafiə etmişdir. 1801-ci ildən Marburq Universitetinin privat-dosenti, 1803-cü ildən isə ekstraordinar professoru olmuşdur. Burada cinayət hüququ (yalnız ilk müəllimlik ilində) və Roma hüququndan mühazirələr oxumuşdur.

1808–1810-cu illərdə Bavariyanın Landsqut şəhərində Roma mülki hüququ üzrə professor işləmişdir. 1810-cu ildən müəllimlik karyerasının sonuna qədər (1842) Berlin Universitetində Roma mülki hüququ professoru kimi fəaliyyət göstərmiş, İnstitusiyalar və Pandektlər fənnini tədris etmişdir.

1817-ci ildə Prussiyanın dövlət naziri və Prussiya Dövlət Şurasının üzvü olmuşdur. Həmçinin Prussiyanın Məxfi Şurasının üzvü idi. 1819–1842-ci illərdə Reyn əyalətləri üçün Berlin Təftiş və Kassasiya Məhkəməsinin hakimi kimi çalışmışdır. 1826-cı ildən Prussiya Qanunlar Məcəlləsinə yenidən baxılması üzrə komissiyanın üzvü olmuşdur. 1842–1848-ci illərdə (28 fevral 1842 — 18 mart 1848) Prussiyanın qanunvericilik naziri (qanunlara yenidən baxılması üzrə nazir) vəzifəsini icra etmişdir.

Hüquq təlimi

Alim-hüquqşünasın öz hüquqi baxışlarını dəqiq formalaşdırmasına səbəb, hüquqşünas Tibonun irəli sürdüyü "hüququn qanunverici tərəfindən yaradılması" nəzəriyyəsinə etiraz etmək niyyəti olmuşdur.

Savinyinin siyasi-hüquqi mövzulardakı işlərinin nəticələri onun "Mülkiyyət hüququ" () və səkkiz cildlik "Müasir Roma hüququ sistemi" () əsərlərində öz əksini tapmışdır.Авенариус М. Савиньи и его русские ученики. Передача научного юридического знания в середине ХІХ века // Древнее право (Jvs Antiqvvm). - 2005. - № 15. – С. 108 – 118.

Savinyinin fikrincə, hüquq hər bir cəmiyyətdə və xalqın daxilində tarixi olaraq, mərhələli şəkildə inkişaf edir. Onun inkişafı təsadüflərdən asılı deyil və heç bir şəxsin özbaşınalığı hüququn inkişafına təsir göstərə bilməz. Hüquq hər hansı bir cəmiyyətin şüurunun tərkib hissəsidir və özünü həmin cəmiyyətdə hüquqi institutların, mücərrəd obrazların və təriflərin yaradılması şəklində büruzə verir.Нечаев В. М. Савиньи, Фридрих-Карл // Энциклопедический словарь Брокгауза и Ефрона

Hüququn inkişafına mərhələli şəkildə nəzər salsaq, başlanğıcda o, ictimai şüurda mövcud olan "təbii hüquq" formasındadır (alim öz əsərlərində hüququn "milli ruhda" mövcud olduğunu qeyd edirdi). Real həyatda isə bu, hüquqi münasibətlərdə (onların yaradılması, xitam verilməsi və ya dəyişdirilməsi) öz ifadəsini tapır. Daha sonra cəmiyyətin, onun mədəniyyətinin və mənəvi dəyərlərinin yüksəlişi hüququn da inkişafına səbəb olur. Hüquq alimlərin, hüquqşünasların tədqiqat obyektinə çevrilir və onların əlində bütöv bir elm formasını alır. Savinyi hesab edir ki, bu mərhələdə qanunvericilik fəaliyyəti hüququn peşəkar hüquqşünaslar tərəfindən işlənilməsi olmadan qeyri-mümkündür.Кениг И. Савиньи и его отношение к современной юриспруденции // в кн.: Немецкая историческая школа права. – Челябинск: Социум, 2010. – 528 с.

Savinyi öz əsərlərində qeyd edirdi ki, hüququn inkişafı milli ruhun inkişafından ayrılmazdır və onunla sıx qarşılıqlı əlaqədədir. O, hüququn inkişafını canlı orqanizmin inkişafı ilə müqayisə edir və onların təkamülünü bir-birinə çox bənzər hesab edir. Məsələn, bir toxumun tədricən cücərib yetişməsi kimi, hüquq da zamanla böyüyür, milli ruhda daha aydın və müəyyən forma alır. Başlanğıcda o, alimlərin tədqiqat obyekti deyil — bu, hüququn adətlər formasında ifadə olunduğu birinci mərhələdir. Sonra isə hüquqşünaslar tərəfindən işlənilmə obyektinə çevrilir — bu isə ikinci mərhələdir. Burada da canlı orqanizmlə analogiya müşahidə olunur: bitki ömrünün sonuna qədər kökləri ilə əlaqəsini itirmədiyi kimi, hüquq da cəmiyyətin adətlərindən və ümumi inanclarından ayrı öyrənilə bilməz, onlardan ayrılmazdır.Friedrich Carl von Savigny by James E. G. de Montmorency // Great Jurists of the World. Edited by Sir John MacDonnell & Edward Mason. – Boston, 1914. – pp. 561 – 589.

Əsas əsərləri

"Mülkiyyət hüququ" (monoqrafiya, 1803); "Orta əsrlərdə Roma hüququnun tarixi" (1–6-cı cildlər, 1815–1831); "Müasir Roma hüququ sistemi" (1–8-ci cildlər, 1840–1849); "Qanunvericilik və hüquq elmi sahəsində dövrümüzün vəzifələri haqqında" (Berlin, 1814); "Öhdəlik hüququ" (2 cild, 1851–1853).

Həmçinin bax

Roma hüququ Mülki hüquq Qustav Hüqo

İstinadlar

Ədəbiyyat

.

Xarici keçidlər

Complete works and editions from Savigny at ParalipomenaIuris

Kateqoriya:Almaniya hüquqşünasları Kateqoriya:Almaniya monarxistləri