Nadir şahın Dağıstana birinci yürüşü () — 1734-cü ildə Nadir şahın rəhbərliyi altında Əfşar imperiyası ordusunun Şərqi Qafqazın Osmanlı imperiyasından geri alınması kontekstində Dağıstanı tabe etmək məqsədilə həyata keçirdiyi hərbi kampaniya.
Yürüş şah üçün uğurla nəticələnmişdir. Qanlı döyüşlərdən sonra o, yolboyu kəndləri dağıdaraq Qazıqumuq xanlığının paytaxtı Qumuq şəhərini ələ keçirmiş və Dağıstan hakimlərindən biri olan Surxay xanı geri çəkilməyə məcbur olmuşdur.
Səbəblər
1732-ci ildə Rusiya imperiyası ilə imzalanmış müqaviləyə əsasən, Mazandaran və Gilan əyalətləri Səfəvi dövlətinə geri qaytarılmışdır. Səfəvi ordusunun əldə etdiyi bir sıra hərbi uğurlar Osmanlı imperiyasını sülh danışıqlarına başlamağa məcbur etmişdir. 1733-cü ildə Bağdadda bağlanan sülh sazişinə görə, Osmanlı imperiyası əvvəllər Səfəvilərə məxsus olan torpaqları onlara geri qaytarmağa razı olmuşdur.
Nadir şah Surxay xan Qazıqumuxlunun nəzarətində olan Şamaxını təhvil verməsi tələbi ilə onun yanına bir nökərini elçi olaraq göndərmişdir, lakin Surxay xan bu əmrə tabe olmamaqla yanaşı, İran elçisini qətlə yetirmişdir. Şahın tarixçisinin qeydlərinə görə, o, həm Osmanlılara, həm də Nadir şaha ünvanladığı cavabında Şirvanın ləzgi aslanlarının qılıncı ilə fəth edildiyini bəyan etmiş, Bağdad hakimi Əhməd paşanın və ya hər hansı başqa bir şəxsin bu işlərə qarışmaq hüququnun olmadığını bildirmişdir.
Surxay xanın Şamaxını iranlılara təhvil verməkdən imtina etməsi Nadir şahın ordusu ilə hərbi münaqişənin yaranmasını qaçılmaz etmişdir.
Yürüş thumb|right|Nadir şah.
1734-cü ilin avqust ayında Nadir şahın rəhbərlik etdiyi İran qoşunları Kür çayına yaxınlaşmışdır. Şamaxını müdafiə etməmək qərarına gələn Surxay xan əhalini şəhərdən təxliyə etmiş və daha əlverişli mövqelər tutmaq üçün qoşunlarını dağlara çəkmişdir. Artıq 17 avqust 1734-cü ildə Nadir şah Şamaxıya daxil olmuşdur. O, şəhərin təməlinə qədər dağıdılmasını və əhalinin Ağsuya köçürülməsini əmr etmişdir. Tezliklə Şamaxıdan təxminən 20 km məsafədə, Nic kəndi yaxınlığında baş verən döyüşdə Surxay xanın arxa dəstələri məğlubiyyətə uğramışdır. Şah 500 nəfəri əsir götürmüş, lakin mərhəmətli hökmdar təəssüratı yaradaraq dağlıların müqavimətini zəiflətmək məqsədilə onları dərhal cəzasız azad etmişdir.
Bundan sonra Surxay xan ilə yanaşı, ləzgilər və Car camaatlıqlarından toplanmış 12.000 nəfərlik qoşun yığmışdır. Bu qüvvələrə hissə-hissə 8000 Osmanlı və Krım əsgəri də qoşulmuşdur.
Səfəvi ordusu tamamilə süvarilərdən ibarət olan 12.000 peşəkar döyüşçüdən təşkil olunmuşdur. Surxay xanın qüvvələrindən fərqli olaraq, şahın ordusunda artilleriya da mövcud olmuşdur. Üç gündən sonra daha 12.000 əsgərin bu qüvvələrə birləşməsi planlaşdırılmışdır.
Əsas döyüş Qəbələ ilə Şamaxı arasında yerləşən Dəvə-Batan ərazisində baş tutmuşdur. Surxay xanın qoşunlarının müxtəlif yerlərdən toplanması və orduda daha dörd komandirin olması qoşunların əlaqələndirilməsini çətinləşdirmiş, bu isə nizamsızlığa və kütləvi geri çəkilməyə səbəb olmuşdur. İran qoşunlarının hücumu nəticəsində rəqib qüvvələr müxtəlif istiqamətlərə dağılmışdır: türklər və Krım tatarları Gəncəyə, dağlılar isə öz yurdlarına üz tutmuşdur. Surxay xan öz əsgərləri ilə birlikdə, iranlıların geri çəkilmə yolunu kəsməsinə imkan verməmək üçün sürətlə Qumuqa doğru hərəkət etmişdir.
İran qoşunları Köhnə Xaçmaz qalası tərəfindən bir müddət ləngidilmişdir. Surxay xanı təqib edən şah on gün ərzində Xosrexə çatmış, lakin rəqibi yaxalaya bilməmişdir. Belə ki, xan artıq Qumuqa keçmişdir. İran mənbələrinin məlumatına görə, hücum edən tərəf yerli mal-qaranı ələ keçirmiş və əsas ordudan geri qalan 300-ə yaxın Surxay xan əsgərini əsir götürmüşdür. Yerli rəvayətlər isə şahın qoşunlarının Xosrexdə üç gün müddətinə saxlanıldığını qeyd edir. Qumuqa doğru irəliləyən şah Qurah, Çiraq, Quli, Qaya və digər kəndləri qarət edərək dağıtmışdır. thumb|right|Qumuq. 1899-cu il.
Surxay xan məktub vasitəsilə bəzi güzəştlərə razı olduğunu bildirsə də, şah irəliləməyə davam etmişdir. Xan Qumuq yaxınlığındakı körpünü uçuraraq kəndin müdafiəsinə hazırlaşmışdır. Rəqib qoşunlarını atışmaya cəlb edən şah Qəni xan Abdalinin əfqan süvarilərini gizlicə çaydan keçirmişdir. Vəziyyətin əlverişsiz olduğunu və mühasirəyə düşəcəyini görən Surxay xan Avarıstana geri çəkilmək qərarına gəlmişdir. Bir gün sonra, 9 sentyabr 1734-cü ildə şah Qumuqa daxil olmuş, oranı qarət etmiş və orada möhkəmlənmişdir. Şah Qumuqda bir həftə qalmışdır.
Surxay xanı təqib edən iranlılar Şalibə çataraq oraya zərər vurmuş, 16 sentyabr 1734-cü ildə isə geri qayıtmağa başlamışdılar.
Nəticələr
thumb|Qumuqda qala. Qriqori Qaqarin tərəfindən çəkilmiş rəsm əsəri. 1847-ci il.
Yerli qədim qeydlərdə göstərildiyi kimi, "Onlar hər şeyi elə dağıtmışdılar ki, qida və digər ehtiyacların yoxluğu səbəbindən qumuqluların bu dünyada yaşaması üçün heç bir imkan qalmamışdı". Ümumilikdə, "Dağıstan vilayətində 300-ə yaxın və ya bir qədər az insan qətlə yetirilmişdir". Bu rəqəm İran mənbələrinin məlumatları ilə də üst-üstə düşür. Surxay xan İran fatehlərinin zərbəsini təkbaşına qarşılamış, digər Dağıstan hakimləri isə ya iranpərəst və ya rusiyapərəst mövqe tutmuş, ya da neytrallıqlarını qorumuşdular.
Şah Qumuqda olduğu müddətdə şamxal Adil Gərayın oğlu Xaspolad və Aquşa qazısı Əyyub onun hüzuruna gəlmişlər. Şah daha əvvəl ləğv edilmiş şamxal rütbəsini Xaspolada geri qaytarmışdır. Beləliklə, şamxal Dağıstanda İranın vassalı təyin edilmişdir. Xaspoladın xahişi ilə şah Qumuqun dağıdılmasını dayandırmış və bütün əsirləri azad etmişdir. Nadir şah yürüşü davam etdirməyə risk etməyərək öz mülklərinə geri dönmüşdür.
Tezliklə Axtı sakinləri Samur çayı üzərindəki körpünü uçuraraq müdafiəyə hazırlaşmışlar. Gözlənildiyi kimi, şahın 20 min nəfərdən çox olan qoşunu bir gün ərzində keçidi bərpa etmiş, ardınca qədim qalanı hücumla ələ keçirmişdir. Daha sonra axtıparalıların ailələrinin gizləndiyi yerlərə dəstələr göndərilmiş və Axtıpara darmadağın edilmişdir.
İran ordusu Dokuzpara ərazilərindən keçmiş, Şahdağ və Qəbələ istiqamətində irəliləmişdir.
6 mart 1735-ci ildə növbəti Rusiya–Osmanlı müharibəsinin başlaması ilə əlaqədar Nadir şah ilə Rusiya arasında müttəfiqlik müqaviləsi imzalanmışdır. Bu müqavilədən sonra Dərbənd və Şirvanın Xəzəryanı hissəsi Səfəvi dövlətinə qaytarılmışdır.
1735-ci ilin oktyabr ayında Nadir şahın Dağıstana ikinci yürüşü başlamışdır.
1736–1737-ci illərdə Şirvanda və Dağıstanda böyük iğtişaşlar baş vermişdir. 1736-cı ilin baharında Surxay xan dağlılarla birlikdə Dərbənd və Şamaxıya hücum etmişdir. 1738-ci ildə Car-Balakəndə güclü üsyan baş qaldırmış, bu hadisələr zamanı şahın qardaşı İbrahim xan öldürülmüşdür.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Nadir şah Əfşarın yürüşləri Kateqoriya:Qumuqların tarixi Kateqoriya:Dağıstanın hərb tarixi