Lidiya Koydula və ya Lidiya Emiliya Yansen (; ) — Estoniyalı şair və Estoniya milli hərəkatının üzvü. O, həmçinin tez-tez "Koidulaulik" ("Səhər nəğməkarı") ləqəbi ilə də xatırlanıb. Zaman keçdikcə o, Estoniyanın milli şairi statusunu qazanıb və ölkəsinin ədəbi irsində silinməz iz qoyub. Onun yaradıcılığı Estoniya milli oyanış dövrünün ən mühüm simvollarından birinə çevrilib.

Həyatı

Lidiya Yansen 12 (24) dekabr 1843-cü ildə məşhur eston maarifçisi və jurnalisti İohan Voldemar Yansenin ailəsində Estoniyanın Vandra qəsəbəsində anadan olub. 1850-ci ildə ailəsi yaxınlıqdakı Pyarnu şəhərinə köçüb. Orada 1857-ci ildə onun atası İohan Voldemar Yansen ilk yerli eston dilli qəzetin nəşrinə başlayıb və Lidiya alman dilli gimnaziyada təhsil alıb. 1864-cü ildə Yansenlər ailəsi universitet şəhəri olan Tartuya köçüblər. Rusiya imperiyasında millətçiliyin hər hansı formada ifadəsi, o cümlədən yerli dillərdə nəşrlər həssas mövzu olsa da, çar II Aleksandrın hakimiyyəti (1855–1881) nisbətən liberal olub. Beləliklə, Yansen imperiya senzurasını razı salaraq 1864-cü ildə ümummilli yayımı olan ilk eston dilli qəzeti nəşr etmək icazəsi alıb. Həm Pyarnu qəzeti, həm də milli qəzet "Postimees" (Kuryer) adını daşıyıb.

Lidiya həm atasının qəzetləri üçün yazılar hazırlayıb, həm də öz müstəqil əsərlərini çap etdirib. 1873-cü ildə o, ordu həkimi Eduard Mihelson ilə ailə qurub və Kronştadt şəhərinə (Sankt-Peterburq yaxınlığında adada yerləşən rus hərbi dəniz bazası) köçüb. 1876–1878-ci illərdə Mihelsonlar ailəsi Breslau, Strasburq və Vyana şəhərlərini ziyarət ediblər. Koydula 13 il Kronştadtda yaşayıb və yay aylarını Estoniyada keçirməsinə baxmayaraq, xəbərlərə görə, o, təsəllisi olmayan bir vətən həsrətindən heç vaxt qurtula bilməyib.

Lidiya Koydula üç övlad anası olub. O, 11 avqust 1886-cı ildə süd vəzisi xərçəngindən vəfat edib. Onun sonuncu şeiri "Enne surma — Eestimaale!" (Ölümdən əvvəl — Estoniyaya!) adını daşıyıb.

O, həm şair kimi, həm də eston milli kimliyinin formalaşmasında iştirak edən böyük bir ziyalı kimi tarixə düşüb.

Yaradıcılığı

Lidiya Koydula XIX əsrin ortalarında Estoniyada qadın üçün yazıçılığın münasib peşə sayılmaması səbəbindən həm poeziya nümunələrini, həm də atasının qəzetindəki fəaliyyətini gizli saxlayıb anonim fəaliyyət göstərib. Lakin buna baxmayaraq Estoniya ədəbiyyatının nəhəng simalarından birinə və milli teatrın banisinə çevrilib. O, 1867-ci ildə özünün ən məşhur əsəri olan "Emajõe ööbik" kitabını nəşr etdirib. Həmin dövrdə isə estoniyalı fəallar bərabərlik və təhsilin eston dilində olması üçün imperatora müraciət ünvanlayıb, lakin bu müraciətə görə polis tərəfindən sorğu-sual olunaraq həbsə məhkum ediliblər. 1866-cı ildə senzura qaydalarının yenidən sərtləşməsi nəticəsində ədəbi azadlıqların məhdudlaşdırılmasına baxmayaraq, Lidiya Koydula təhkimçilikdən azad olunmuş eston xalqının milli oyanış və öz müqəddəratını təyinetmə arzularının ən güclü səsinə çevrilib. Bölgədə alman mədəniyyətinin və dilinin hakim olduğu bir mühitdə formalaşaraq alman dilindən çoxlu sayda əsərlər tərcümə edib, öz yaradıcılığında ailə, din və kənd həyatı kimi mövzuları əhatə edən "Biedermeier" üslubundan təsirlənib və "Vainulilled" kimi ilk əsərlərində bu təsirləri zərif, melodik və vətənpərvər duyğularla birləşdirərək sənətkarlıqla nümayiş etdirib.

Lidiya Koydula finli bir müxbirinə yazdığı məktubda insanın tarix yaza biləcəyi böyük zamanlarda kiçik qalmağı "böyük günah" adlandırıb, Estoniyanın 600 ildən artıq davam edən əsarətinə qarşı şəxsi bir reaksiya nümayiş etdirib. O, Karl Robert Jakobson ilə sıx əməkdaşlıq edib və məhz ondan "Koydula" (Sübh qızı) təxəllüsünü götürüb, eyni zamanda milli epik dastan olan "Kalevipoeg"in müəllifi Fridrix Reynhold Kreytzvald ilə də yaxın münasibətlərdə olub. Kreytzvald qədim xalq yaradıcılığı ənənələrini təqlid etməyə çalışdığı halda, Koydula daha müasir olan Qərbi Avropa son qafiyəli şeir formalarından istifadə edərək öz yaradıcılığını xalq üçün daha anlaşıqlı və əlçatan edib. Koydulanın əsas tarixi əhəmiyyəti onun eston dilindən istifadə məharətində özünü göstərib. Belə ki, o dövrdə eston dili sadə kəndli dili və ya dini mətnlər vasitəsi hesab edilsə də, o, bu dildə həm zərif məhəbbət şeirləri yazıb, həm də "Mu isamaa nad olid matnud" (Vətənim, səni basdırdılar) kimi güclü vətənpərvərlik çağırışları edib. Bununla da Koydula eston dilinin inkişaf etməmiş bir dil olması barədə müstəmləkəçi baxışlara meydan oxuyub, bu dilin ən dərin emosiyaları və milli amalları ifadə etmək gücündə olduğunu sübuta yetirib. Teatrda Lidiya Koydula eyni zamanda "Vanemuine" cəmiyyətindəki dramatik fəaliyyəti vasitəsilə Estoniya teatrının banisi hesab olunub, belə ki, o, orijinal pyeslər yazaraq səhnə rejissorluğu və prodüserlik məsələləri ilə yaxından məşğul olub. 1870-ci ildə Teodor Körnerin əsəri əsasında "Saaremaa Onupoeg" (Saaremaalı əmioğlu) komediyasını yazıb səhnələşdirərək eston dilli teatrın əsasını qoyub, ardınca isə "Maret ja Miina" və tamamilə orijinal ilk eston pyesi sayılan "Säärane mulk" əsərlərini ərsəyə gətirib. Onun teatra yanaşması Qothold Efraim Lessinqin fəlsəfi fikirlərindən təsirlənib və pyesləri xalqın maarifləndirilməsi üçün didaktik bir vasitə rolunu oynayıb. Teatr imkanlarının məhdud olmasına baxmayaraq, yaratdığı inandırıcı xarakterlər və dövrün aktual hadisələrinə toxunması müasirlərini dərindən heyran edib. Bundan əlavə, 1869-cu ildə keçirilən ilk Estoniya Mahnı Festivalında Koydulanın "Sind Surmani" və "Mu isamaa on minu arm" şeirlərinə bəstələnmiş mahnılar ifa olunub. Donuncu mahnı Sovet işğalı dövründə rəsmi himn qadağan edildiyi vaxtlarda qeyri-rəsmi himnə çevrilib və bu gün də hər festivalın sonunda ifa olunaraq bir ənənə kimi yaşamağa davam edib.

Lidiya Koydula muzeyi Pyarnu Muzeyinin bir filialı olan Lidiya Koidulanın Xatirə Muzeyi XIX əsr Estoniya milli oyanış dövrünün mühüm simaları sayılan şairənin və onun atasının həyat və yaradıcılığına dair geniş icmal təqdim edib. Onların xatirəsini yaşatmaq missiyasını öz üzərinə götürüb. Muzey Koydulanın böyüdüyü və atasının "Perno Postimees" qəzetinin redaksiyası kimi fəaliyyət göstərib. 1850-ci ildə inşa edilmiş qədim Pyarnu Ülejoe məktəb binasında yerləşib. Hazırda tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunaraq özünəməxsus daxili interyerini qoruyub saxlayıb. Şəhərin mərkəzində, Kuninqa və Louna küçələrinin kəsişməsində isə heykəltaraş Amandus Adamsonun son işi olan və 1929-cu ildə ucaldılmış Koydula abidəsi yer alıb. Həmçinin şairənin eston mədəniyyətindəki böyük xidmətləri nəzərə alınaraq onun təsviri avrodan əvvəlki 100 krunluq əskinasların üzərində əks olunub.

Əsərləri Şeirlər topluları

1866 "Waino-lilled" (Çəmən çiçəkləri) 1867 "Emajõe ööbik" (Emajõgi sahillərindən bülbül)

Ölümündən sonra dərc edilib 1925 "Kogutud luuletused" (Şeirlər toplusu) 1934 "Valitud laulud" (Seçilmiş mahnılar) 1943 "Valitud luuletused" (Seçilmiş şeirlər) 1948 "Valik luulet" 1949 "Valitud luuletused" 1957 "Teosed" I: Luuletused, II: Jutud ja näidendid 1967 "Väike luuleraamat" (Kiçik şeirlər kitabı) 1969 "Luuletused" (Şeirlər) 1978, 1993 "Mu isamaa on minu arm" (Mənim vətənim mənim sevgimdir) 2005 "Löö, süda, õitsele!" 2019 "Emajõe ööbik" (Emajõgi sahillərindən bülbül)

Şeirləri "Mu isamaa on minu arm" (Mənim vətənim mənim sevgimdir) "Kodu" (Ev) "Ema süda" (Ana ürəyi) "Sind surmani" (Səni ölümə qədər) "Sügis" (Payız) Pyesləri "Säärane mulk" "Saaremaa onupoeg" (Əmioğlu Saaremaa ) "Kosjakased" "Kosjaviinad"

Maraqlı faktlar Lidiya Koydulanın "Mənim vətənim — mənim məhəbbətimdir" () adlı şeirinin sözlərinə eston bəstəkarı Qustav Ernesaks tərəfindən mahnı bəstələnib. Bu musiqi əsəri sonradan Estoniyanın qeyri-rəsmi himninə çevrilib. 100 Estoniya kronu dəyərindəki əsginasın bir tərəfində bülbül ilə birlikdə Lidiya Koydulanın təsviri əks olunub, digər tərəfində isə onun şeirindən bir bənd yazılıb. O, xalqın yaddaşında həm böyük bir şair, həm də milli ruhun simvolu kimi yer tutub.

Estoniya 100 kronu thumb|none|Lidiya Koydulanın təsvirithumb|none|Lidiya Koydulanın şeirindən misralar

İstinadlar

Ədəbiyyat Ots.L. The History of Estonian Literature. University of Tartu. Olesk.S & Pillak.P . Lydia Koidula .24.12.1843-11-08.1886. Tallinn. Umara Kirjastus, P.14 Nirk.E. Estonian Literature. Tallinn Perioodika. 1987. pp73–77, 79–81, 366

Kruus.O & Puhvel.H. Eesti kirjanike leksikon. Eesti raamat.Tallinn. 2000. pp 210– 211

Xarici keçidlər