Eros (təxminən 2018-1 yanvar 2024) İstanbul şəhərinin Başakşəhər ilçəsindəki yaşayış kompleksində yaşayan və həmin kompleksin sakini İbrahim Keloğlan tərəfindən öldürülmüş küçə pişiyidir. Hadisədən sonra açılan məhkəmə işində Keloğlana verilən cəza "yaxşı hal" endirimi ilə azaldılmış, daha sonra isə hökmün açıqlanmasının geri saxlanılması qərara alınmışdır. Məhkəmənin qərarı "Hürriyyət" qəzeti tərəfindən 27 iyun 2024-cü ildə jurnalist Ali Rıza Akbulutun yazdığı "Bu nəyin yaxşı halıdır?" başlıqlı xəbər vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Qərar cəmiyyətdə böyük narazılıq doğurmuş və Türkiyənin müxtəlif bölgələrində günlərlə davam edən etiraz aksiyalarına səbəb olmuşdur. Təqsirləndirilən şəxs 13 mart 2024-cü ildə Küçükçekmece 16-cı Asliye Məhkəməsində keçirilən ikinci məhkəmə iclasından sonra iki il altı ay müddətinə azadlıqdan məhrum edilmiş və onun barəsində ölkədən çıxış qadağası tətbiq olunmuşdur.

Həyatı Erosun ölümündən sonra qəzetə müsahibə verən yaşayış kompleksi sakinlərindən biri pişiyin təxminən 6 yaşında olduğunu və doğulduğu gündən etibarən burada yaşayan insanlar tərəfindən baxıldığını bildirmişdir. O, Erosun mehriban və sakit xasiyyətli pişik olduğu üçün ona "Eros" adının verildiyini qeyd etmişdir.

Ölümü 1 yanvar 2024-cü ildə İbrahim Keloğlan yaşadığı binanın liftində Erosla qarşılaşmış və pişiyi təpikləməyə başlamışdır. Lift başqa mərtəbədə açıldıqdan sonra Eros qaçmağa çalışsa da, Keloğlan onun arxasınca gedərək pişiyi küncə sıxışdırmış və təxminən altı dəqiqə ərzində işgəncə verərək ölümünə səbəb olmuşdur. Hadisə binanın təhlükəsizlik kameralarına düşmüş və bundan sonra Keloğlana qarşı cinayət işi açılmışdır.

Məhkəmə prosesi Hadisədən sonra, 4 yanvar tarixində saxlanılaraq həbs edilən İbrahim Keloğlan barəsində məhkəmə işi başlanmışdır.

Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında bildirildi ki, təqsirləndirilən şəxs yaşayış kompleksi sakinlərinin baxdığı pişiyi əvvəlcə liftdə təpikləmiş, daha sonra isə dəhlizə qaçan heyvanın çıxışını bağlayaraq ona işgəncə vermiş və öldürmüşdür.

Bununla da, Heyvanların Mühafizəsi Qanununun cinayət müddəalarına əsasən, "ev heyvanını qəsdən öldürmə" maddəsi üzrə İbrahim Keloğlan üçün altı aydan dörd ilədək həbs cəzası tələbi ilə məhkəmə prosesi başlamışdır

8 fevral 2024-cü ildə Küçükçekmece 16-cı Asliye Cinayət Məhkəməsində keçirilən ilk məhkəmə iclasında Keloğlan bir il üç ay həbs cəzasına məhkum edilmişdir. Daha sonra ona "yaxşı hal endirimi" tətbiq edilərək cəzası üç ay azaldılmış və hökmün açıqlanması geri saxlanılmışdır. İş üzrə vəkillər bu qərarın kifayət qədər çəkindirici olmadığını, ictimai vicdanın nəzərə alınaraq maksimum cəzanın verilməli olduğunu bildirmişlər. Qərara etiraz edən heyvansevərlər sosial şəbəkələr vasitəsilə təşkilatlanaraq Türkiyənin müxtəlif şəhərlərində ədalət yürüşləri keçirməyə başlamışdırlar. İstanbul Vəkillər Kollegiyası Heyvan hüquqları mərkəzi də məhkəmənin qərarının qəbuledilməz olduğunu bildirərək qərardan şikayət veriləcəyini açıqlamışdır.

Şikayətin nəticəsində 20 fevral 2024-cü ildə Küçükçekmece 4-cü Ağır Cinayətlər Məhkəməsi əvvəlki qərarın ləğv edilməsinə və işin yenidən məhkəməyə qaytarılmasına qərar vermişdir. Qərarın əsaslandırılmasında Türkiyə Konstitusiyasının 56-cı maddəsində qeyd edilən "Hər kəs sağlam və balanslı ətraf mühitdə yaşamaq hüququna malikdir" ifadəsinə və Ümumdünya Heyvan Rifahı Bəyannaməsinə istinad edilmişdir.

13 mart 2024-cü ildə işin yenidən Küçükçekmece 16-cı Asliye məhkəməsində baxılması qərara alınmışdır. İclasdan əvvəl məhkəmə binası qarşısına toplaşan heyvan hüquqları müdafiəçiləri etiraz şüarları səsləndirmişdirlər.

Müdafiəsində İbrahim Keloğlan hadisəni ani əsəb nəticəsində törətdiyini, peşman olduğunu və hadisədən sonra küçə heyvanları üçün ianə etdiyini bildirmişdir. Onun vəkili isə müttəhim haqqında cəmiyyət daxilində artıq kifayət qədər reaksiya yarandığını deyərək bəraət tələb etmişdir. Məhkəmənin yekun qərarına əsasən, Keloğlan "qəsdən heyvan öldürmə" maddəsi ilə iki il altı ay həbs cəzasına məhkum edilmiş və onun barəsində ölkədən çıxış qadağası tətbiq olunmuşdur.

İstinadlar

Kateqoriya:Məşhur pişiklər