Mehdi Kərbəlayı Məhəmmədəli oğlu Kazımov () — Azərbaycan pedaqoqu və maarif xadimi. İrəvan Müəllimlər Seminariyasının məzunlarından biri olmuş, İrəvanda Azərbaycan məktəbçiliyinin inkişafında, İrəvan Türk Pedaqoji Texnikumunun yaradılmasında və Azərbaycan teatr mühitinin formalaşmasında iştirak etmişdir.

Həyatı Mehdi Kazımov 1890-cı ildə İrəvan şəhərində anadan olmuşdur. İbtidai təhsilini İrəvanda almış, 1910-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. Seminariyanı bitirdikdən sonra ona ibtidai məktəb müəllimi adı verilmiş və təyinat üzrə 6 il işləməsi barədə qərar çıxarılmışdır.

Mehdi Kazımov 1910-cu ildən 1916-cı ilədək İrəvan Xalq Məktəbləri Müdiriyyətinin tabeliyində fəaliyyət göstərən ibtidai məktəblərdə müəllim işləmişdir. O, Vedibasar mahalındakı Vedi kənd məktəbində və Aralıq Başkənd məktəbində çalışmış, sonralar həmin məktəblərin müdiri olmuşdur. 1917-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutuna daxil olmaq üçün müraciət etmiş və İrəvan kişi rus-tatar məktəbinin müdiri kimi həmin instituta qəbul olunmuşdur.

1918-ci ildə erməni silahlılarının azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlardan sonra İrəvandan Gəncə şəhərinə köçmüşdür. Burada Cavad bəy Cuvarlının təşkil etdiyi üçaylıq pedaqoji kursda iştirak etmişdir. Sonralar Gədəbəydə oğlan məktəbinin direktoru, 1921-ci ildə isə Dəllərdə maarif şöbəsinin müdiri olmuşdur.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən İrəvana qayıtmış və burada fəaliyyətini davam etdirmişdir. 1922-ci ildə Ermənistan SSR Xalq Maarif Komissarlığının nəzdində yaradılmış "azlıqda qalan millətlər" şöbəsinin müdiri olmuşdur. Həmin dövrdə Yeni Türk Əlifbası Komitəsi sədrinin müavini və büro üzvü kimi də fəaliyyət göstərmişdir.

Mehdi Kazımov İrəvanda Azərbaycan teatrının inkişafında da iştirak etmişdir. O, müxtəlif tamaşalarda səhnəyə çıxmış və İrəvandakı teatr həvəskarları hərəkatının fəal üzvlərindən biri olmuşdur. 1910–1920-ci illərdə İrəvanda formalaşan Azərbaycan teatr mühitində ziyalılarla birlikdə fəaliyyət göstərmişdir.

Mehdi Kazımov 1924-cü ildə İrəvan Türk Pedaqoji Texnikumunun açılmasının təşəbbüskarlarından biri olmuş və onun ilk direktoru təyin edilmişdir.1924–1933-cü illərdə həmin texnikuma rəhbərlik etmişdir. 1932–1933-cü illərdə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin Azərbaycan bölməsinin məsul katibi vəzifəsində çalışmışdır.

Mehdi Kazımov maarifçi və ictimai xadim Bülbül Kazımova ilə ailə qurmuşdur. Onların ailəsi İrəvanın Azərbaycan ictimai-mədəni mühitində fəal iştirak etmişdir.

1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar ailəsi ilə birlikdə Xanlar rayonuna köçmüşdür. 1949–1950-ci illərdə Xanlar Pedaqoji Məktəbində rus dili müəllimi, 1951–1953-cü illərdə isə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) çalışmışdır. Mehdi Kazımov 1954-cü ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:İrəvan Müəllimlər Seminariyasının məzunları Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar