Milli İran Neft Şirkəti (, NIOC; , ) — 1948-ci ildə təsis edilmiş İranın dövlət neft və qaz şirkəti.

Bu müəssisə Səudiyyə Ərəbistanının "Aramco" və Rusiyanın "Qazprom" şirkətlərindən sonra dünyanın üçüncü ən böyük neft-qaz şirkəti hesab olunmuşdur.Sumit Dutta, THE WORLD’S BIGGEST OIL & GAS COMPANIES & THE INDUSTRY GIANTS WHO LEAD THEM , Oil & Gas IQ, November 2013The world’s biggest oil and gas companies , Kable, 12 November 2013 Şirkətin baş qərargahı Tehran şəhərində yerləşir və səhmlərinin 100 faizi dövlətə məxsusdur.

NIOC və onun törəmə müəssisələri İranda neft və təbii qazın kəşfiyyatı, hasilatı, nəqli, emalı və ixracı sahəsində müstəsna səlahiyyətlərə malikdir. Müəssisənin cari hasilat imkanları gündəlik 4 milyon bareldən çox neft və 500 milyon kubmetrdən çox qaz həcmində qiymətləndirilmişdir.

Tarixi 1901-ci ildə Qacar hökmdarı Müzəffərəddin şah britaniyalı sahibkar Vilyam d'Arsiyə Rusiya imperiyasının həmsərhəd olduğu beş şimal vilayəti istisna olmaqla, ölkənin bütün ərazisində neft, təbii qaz, asfalt və bitum axtarışı üçün konsessiya vermişdir. D'Arsi ilə bağlanan konsessiya müqaviləsinin müddəti 60 il olaraq müəyyən edilmişdir. Konsessiyanın şərtlərinə əsasən, Vilyam d'Arsi İran hökumətinə 20 min funt-sterlinq məbləğində "imza bonusu" ödəməyi, neft axtarışı üçün yaradılacaq şirkətin səhmlərinin 10 faizini hökumətə təhvil verməyi və həmin şirkətin mənfəətinin 16 faizini İrana ödəməyi öhdəsinə götürmüşdür. 1904-cü ilə qədər İranda geoloji-kəşfiyyat işlərinə 250 min funt-sterlinqdən çox vəsait xərcləyən d'Arsi konsessiya müqaviləsi üzrə hüquqlarını lord Straktun və Britaniyanın "Burma Oil Company" şirkətinə təhvil vermişdir. Bu müqavilə nəticəsində İranda kəşfiyyat işlərini davam etdirmək üçün "Concessions Syndicated Limited" adlı yeni şirkət təsis edilmişdir. İranda və bütün Yaxın Şərqdə ilk neft yatağı 1908-ci ilin may ayında İranın cənub-qərbində yerləşən Məscidi-Süleyman rayonunda (hazırda Xuzistan ostanı) kəşf edilmişdir. Həmin dövrdə Vilyam d'Arsi və "Burma Oil Company" artıq bu ölkədəki fəaliyyətlərini dayandırmaq niyyətində olmuşdular.

1909-cu ilin aprel ayında İran neft yataqlarının istismarı məqsədilə lord Straktun və "Burma Oil Company" tərəfindən İngiltərə-İran Neft Şirkəti (APNK) təsis edilmişdir. 1914-cü ilin yayında, o dövrdə admirallığın birinci lordu vəzifəsini tutan Vinston Çörçillin israrlı tövsiyəsi ilə Britaniya hökuməti APNK-nın əsas səhmdarına çevrilmişdir. 1923-cü ildən etibarən şirkət İranda neft hasilatı üzrə müstəsna hüquqlar əldə etmişdir.

27 noyabr 1932-ci il tarixində İranın Maliyyə Nazirliyi İngiltərə–İran Neft Şirkətinin rəhbərliyinə 1901-ci ildə d'Arsiyə verilmiş konsessiyanın İran hökuməti tərəfindən ləğv edildiyini bildirən nota göndərmişdir. 1933-cü ilin aprel ayında Britaniya hökumətinin çoxtərəfli təzyiqlərindən sonra İran şahı Rza Pəhləvi İngiltərə–İran Neft Şirkəti ilə 31 dekabr 1993-cü il tarixinədək qüvvədə olacaq yeni konsessiya müqaviləsinin imzalanması barədə göstəriş vermişdir. Yeni konsessiyanın köhnə müqavilədən əsas fərqi pul ayırmaları sisteminin dəyişdirilməsindən ibarət idi. Belə ki, APNK törəmə müəssisələrin gəlirləri də daxil olmaqla, xalis mənfəətinin 16 faizini İran hökumətinə köçürməli idi. Yeni razılaşmaya əsasən konsessiya zonası ixtisar edilmişdir. 1939-cu ilə qədər bu zona d'Arsiyə verilmiş ilkin ərazinin yalnız beşdə birini təşkil etməli idi. Şirkətin qeyri-texniki personalı bundan sonra müstəsna olaraq iranlılardan ibarət olmalı idi. Yeni konsessiya müqaviləsinin bağlanması nəticəsində İngiltərə–İran Neft Şirkəti İranın cənub-qərbindəki neft yataqlarının işlənilməsi üzrə inhisarçı hüququnu daha da möhkəmləndirmişdir.

1935-ci ildə İran şahı Rza Pəhləvinin xarici dövlətlərə "Persiya" adı və ondan törəyən ifadələr əvəzinə "İran" adından istifadə edilməsi ilə bağlı müraciətindən sonra İngiltərə–Persiya Neft Şirkətinin adı dəyişdirilmiş və İngiltərə–İran Neft Şirkəti (AİNŞ) adlandırılmışdır. 1950-ci ildə AİNK-nın səhmdarları Britaniya hökuməti (56%), "Burma Oil Company" (22%) və özəl investorlardan (22%) ibarət olmuşdur.

1951-ci ilin baharında ölkənin neft sənayesinin milliləşdirilməsi və AİNŞ konsessiyasının ləğv edilməsi tələbi ilə keçirilən kütləvi nümayiş və tətillərdən sonra İran parlamenti neft sənayesinin milliləşdirilməsi haqqında qanunlar qəbul etmişdir. Bu qanunlara əsasən, AİNŞ-nin bütün aktivləri 1948-ci ildə təsis edilmiş Milli İran Neft Şirkətinin (NIOC) sərəncamına verilmişdir. Buna cavab olaraq İngiltərə–İran Neft Şirkəti bütün idarəedici və mühəndis-texniki heyətini ölkədən geri çağırmış və neft kartelinə daxil olan şirkətlər ("Exxon", "Gulf Oil", "Texaco", "Mobil", "Chevron", "Royal Dutch Shell" — "Yeddi bacı (neft şirkətləri)" olaraq tanınan qrup) arasında İran neftinin idxalına qarşı hərtərəfli embarqo tətbiq olunmasını təşviq etmişdir. AİNK-nın əsas səhmdarı olan Britaniya hökuməti milliləşdirmə qərarına Haaqada yerləşən Beynəlxalq Məhkəmədə etiraz etməyə çalışmış və Vaşinqton ilə birlikdə İrana qarşı iqtisadi blokada təşkil etmişdir.Sztucki, Jerzy; Interim measures in the Hague Court. Brill Archive. (1984). p. 43. ISBN 978-90-6544-093-8.

1953-cü ilin avqust ayında iqtisadi böhran və Məhəmməd Müsəddiq hökumətinin daxili siyasi mövqelərinin zəifləməsi fonunda Britaniya və ABŞ xüsusi xidmət orqanları İranda dövlət çevrilişi təşkil etmiş, baş nazir Müsəddiqi hakimiyyətdən kənarlaşdırmış və şah Məhəmməd Rza Pəhləvinin ölkəyə qayıtmasını təmin etmişdilər. 5 dekabr 1953-cü ildə Britaniya ilə diplomatik münasibətlər bərpa edilmişdir. 9 aprel 1954-cü il tarixində Londonda İran neft yataqlarının işlənilməsi məqsədilə "Iranian Oil Participants Ltd." (IOP) beynəlxalq konsorsiumunun yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən, konsorsiumdakı paylar bu qaydada bölüşdürülmüşdür: 40% İngiltərə–İran Neft Şirkətinə, 40% ABŞ-ın beş neft şirkətinə (Gulf Oil, Socal, Esso, Socony, Texaco), 14% İngiltərə–Niderland birgə müəssisəsi olan "Shell" şirkətinə, 6% isə Fransanın "Compagnie Francaise de Petroles" (hazırda "TotalEnergies") şirkətinə verilmişdir. 1954-cü ilin sentyabrında IOP İran hökuməti ilə saziş bağlayaraq 25 il müddətinə neft-qaz yataqlarının işlənilməsi hüququnu əldə etmişdir. Razılaşmaya görə, konsorsiumun fəaliyyətindən əldə edilən mənfəət İran hökuməti ilə 50/50 nisbətində bölüşdürülməli idi. Konsorsium iştirakçıları formal olaraq Milli İran Neft Şirkətinin ölkədəki yataqlar üzərində mülkiyyət hüququnu və əməliyyatçı şirkətlərin fəaliyyətinə nəzarət yetkisini tanısalar da, faktiki olaraq neft sənayesinin böyük hissəsi və ixracat tamamilə konsorsium tərəfindən idarə olunmuşdur. NIOC-un idarəçiliyində yalnız "Nəfti-şah" yatağı, "Kirmanşah" neft emalı zavodu və ölkədaxili paylama şəbəkəsi qalmışdır.

1 noyabr 1954-cü ildə İngiltərə-İran Neft Şirkətinin adı dəyişdirilmiş və "British Petroleum Company" (hazırda BP) adlandırılmışdır. Beynəlxalq konsorsium (IOP) öz fəaliyyətini 1979-cu il İran İslam inqilabına qədər davam etdirmişdir. Bu dövr ərzində NIOC tədricən inkişaf etmişdir. İran ərazisində konsorsiuma daxil olmayan xarici neft şirkətləri ilə, xüsusilə 1957-ci ildə İtaliyanın "Eni" və 1958-ci ildə ABŞ-nin "Standard Oil Company of Indiana" şirkətləri ilə birgə müəssisələr yaradılmışdır. 1960-cı illərdə tankeri və neft-kimya sahələri üzrə törəmə şirkətlər təsis edilmiş, Hindistan və Cənubi Afrika Respublikasındakı neft emalı zavodlarında səhmlər alınmışdır. 1970-ci illərin əvvəllərinə qədər NIOC-un payına dünya neft hasilatının təxminən 1%-i və İranın neft ixracatının 5%-i düşmüşdür.

İslam inqilabından sonra 1978-ci il İran İslam inqilabından və ABŞ sanksiyalarının tətbiqindən sonra şirkətin vəziyyəti köklü şəkildə dəyişmişdir. Ayətullah Ruhulla Xomeyninin yeni rejimi beynəlxalq konsorsiumun İrandakı bütün mülkiyyətini müsadirə etmiş, birgə müəssisələr ləğv edilmişdir. Bu müəssisələrin aktivləri yeni yaradılmış "Iranian Offshore Oil Company" strukturuna təhvil verilmiş, xaricdəki fəaliyyətlərdən isə yalnız Hindistandakı neft emalı zavodunda olan pay qorunub saxlanılmışdır. İran rəsmi şəkildə ABŞ-yə neft ixracından imtina etmişdir. Bununla belə, qeyri-rəsmi ticarət əlaqələri ABŞ yəhudisi Mark Riçə məxsus olan İsveçrənin "Marc Rich + Co" neft treyderi vasitəsilə davam etdirilmişdir. Riç öz bioqrafına bildirdiyinə görə, İran tərəfi əvvəlki razılaşmalara sadiq qalmış və NIOC Riçin Məhəmməd Rza Pəhləvi hökuməti ilə bağladığı müqaviləyə tam uyğun olaraq, hər hansı iddia irəli sürmədən "Marc Rich + Co" şirkətinə ildə 8–10 milyon ton (60–75 milyon barel) neft satmağa davam etmişdir.

1980-ci ilin sentyabr ayında İran–İraq müharibəsi başlamış, 1981-ci ilə qədər İranda neft hasilatı 75 faiz azalmışdır. Müharibə gedişində neft emalı zavodları və ixrac terminalları dəfələrlə bombardmanlara məruz qalmışdır. Nəticədə 1990-cı illərin əvvəllərində İran neft məhsullarını xaricdən idxal etmək məcburiyyətində qalmışdır.

Neft ehtiyatları 2005-ci ilin əvvəlinə olan məlumata görə, NIOC-un maye karbohidrogen ehtiyatları 136,99 milyard barel (21 780 km³ — dünya həcminin 10%-i), qaz ehtiyatları isə 28,17×10¹² m³ (dünya həcminin 15%-i) təşkil etmişdir.

Şirkət rəhbəri Möhsin Xocastəmehrin 2022-ci il üçün verdiyi bəyanata əsasən, NIOC-un karbohidrogen ehtiyatları dünyada ən böyük hesab olunmuş və neft ekvivalentində 1,2 trilyon barel təşkil etmişdir. Bu ehtiyatların 157 milyard bareli neft, 33 trilyon m³-i isə təbii qazın payına düşmüşdür.

Fəaliyyəti thumb|İranın 2004-cü il üçün neft və qaz sənayesi xəritəsi. Mərkəzi Kəşfiyyat İdarəsi.

Milli neft istehsalçısı və distribütoru olan NIOC, neftin kəşfiyyatı, hasilatı, nəqli və ixracı, habelə təbii qazın və mayeləşdirilmiş təbii qazın (MTQ) kəşfiyyatı, hasilatı və satışı ilə məşğul olmuşdur.

NIOC, neftin artıq qalan hissəsini Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) müəyyən etdiyi kvota çərçivəsində, beynəlxalq bazarda qəbul olunmuş qiymətlərlə digər ölkələrə ixrac etmişdir.

2021-ci il üçün neft hasilatının həcmi gündəlik 3,8 milyon bareldən çox olmuş, bunun 1,5 milyon bareli ixrac edilmişdir. Təbii qaz hasilatı isə gündəlik təxminən 1 milyard m³ (neft ekvivalentində 5,9 milyon barel) təşkil etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Официальный сайт компании IRAN / US EIA — Управление энергетической информации министерства энергетики США, 4 мая 2017 Iran Oil & Gas Resources

Kateqoriya:İran şirkətləri Kateqoriya:İranda energetika Kateqoriya:Milli neft və qaz şirkətləri