Məhəmməd Hüseyn əz-Zəhəbi (; ) — Hənəfi məzhəbinə mənsub misirli alim, təfsirçi və Əzhər İşləri naziri (1975–1976).

Bioqrafiya 1915-ci ildə anadan olub və kiçik yaşlarında atasını itirib. Quranı əzbərləyib, fundamental dini biliklərə yiyələnib. 1939-cu ildə əl-Əzhərin Şəriət fakültəsindən məzun olub. 1946-cı ildə alimiyyə (indiki doktorluq) dərəcəsinə yiyələnib. Məscidlərdə imamlıq edib.

1948–1951-ci illər arasında bir qrup müəllimlə birlikdə Səudiyyə Ərəbistanına gedərək Taif və Mədinə şəhərlərində dərs deyib. Misirə qayıtdıqdan sonra əl-Əzhərin nəznindəki mədrəsələrdə müəllimlik edib. 1955–1956-cı və 1961–1963-cü illər arasında dərs demək üçün İraqa göndərilib. Bağdadda olduğu vaxtlarda Əbu Hənifə məscidində xütbələr verib.

1968-ci ildə Küveyt Universiterinə ezam olunub. 1973-cü ildə əl-Əzhər İlahiyyat və Şəriət fakültələrinə dekanlıq edib və başqa məsul vəzifələrdə çalışıb.

3 iyul 1977-ci ildə silahlı şəxslər tərəfindən evinə basqın edilib. Cəsədi aşkarlandıqdan sonra 7 iyul 1977-ci ildə əş-Şafeinin qəbirinin yanında, öz ailə məzarlığına dəfn edilib.

M. Hüseyn əz-Zəhəbi "ət-Təfsir vəl-müfəssirun", "Elmüt-təfsir", "Təfsiru İbn Ərəbi lil-Quran: Həqiqətüh və xətaruh" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Misir tarixi Kateqoriya:Misir yazıçıları Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Terrorizm qurbanları