Qabriela Zapolskaya kimi tanınan Mari Qabriela Stefaniya Korvin-Pyotrovskaya (; ) — polyak yazıçı, dramaturq, naturalist yazıçı, felyetonçu, teatr tənqidçisi və səhnə aktrisası. Zapolskaya 41 pyes, 23 roman, 177 hekayə, 252 jurnalistika işi, bir film ssenarisi və 1500-dən çox məktub qələmə yazıb.
Zapolskaya ən çox sosial-satirik komediyaları ilə tanınıb. Onların arasında burjua əxlaqının "hörmətli" tərəflərini satira atəşinə tutan "Xanım Dulskanın əxlaqı" adlı əsəri ən məşhuru sayılır və ümumilikdə erkən modernist Polşa dramaturgiyasının dönüş nöqtəsi hesab olunur. Onun səhnə pyesləri xarici dillərə tərcümə edilib, Polşa və Avropa teatrlarında səhnələşdirilib. Zapolskayanın özü isə Varşava, Krakov, Poznan, Lvov, Sankt-Peterburq və Parisdə 200-dən çox pyes əsasında qurulmuş tamaşalarda səhnəyə çıxıb.
Həyatı
Zapolskaya 30 mart 1857-ci ildə Volıniyada, Lutsk yaxınlığındakı Pidhatsi kəndində, varlı polyak ailəsində anadan olub. Həmin dövrdə bu ərazi Rusiya imperiyasının tərkibində olub. Onun atası Vinsenti Kazimej Yan Korvin-Pyotrovski, Volıniya zadəganlarının marşalı olub. Anası Yuzafa Karska isə keçmiş balerina olub. Zapolskaya Lvovdakı "Müqəddəs ürək" İnstitutu, eləcə də Elm və Təhsil İnstitutunda təhsil alıb. 1876-cı ildə ailəsi onu çar qvardiyasının polyak leytenantı Konstantin Snejko-Blotski ilə evlənməyə məcbur etsə də, qısa müddət sonra o, 1888-ci ildə boşanır. 1879–1880-ci illərdə Varşavada yaşayaraq, burada Xeyriyyə Cəmiyyətinin idarə etdiyi həvəskar teatrda çıxış edib. 1881-ci ildə Zapolskaya nikahdankənar münasibətdən hamilə qalaraq, ailəsindən uzaqlaşıb. Elə həmin il o, "Qızılgülün ömründən bir gün" adlı əsəri ilə ilk qısa hekayə debütünü edib. 1882-ci ildə Krakov teatrında peşəkar aktrisa kimi fəaliyyətə başlayıb və Qabriela Zapolskaya təxəllüsünü götürüb. O, həmçinin Poznan və Polşa çarlığının müxtəlif yerlərində qastrolda olan səyyar teatr truppalarında da çıxış edib. 1888-ci ilin oktyabrında isə onun intihara cəhd etdiyi bildirilir.
1889-cu ildə aktrisa olmaq üçün Parisə köçən Zapolskaya bulvar teatrlarında, "Théâtre Libre" və "Théâtre de l'Œuvre" teatrlarında kiçik rollar oynayıb. Zapolskaya "Théâtre de l'Œuvre"da Moris Meterlinkin "Daxili aləm" pyesinin səhnə işində rol alıb. Parisdə olarkən Zapolskaya həm incəsənət mühiti ilə, həm də polşalı sosialist mühacirlərlə əlaqələr qurmuşdu ki, bu da onun sosial baxışlarına təsir göstərmişdi.
Ölkəsinə qayıtdıqdan sonra Krakovda məskunlaşaraq, bağ teatrlarında, səyyar truppalarda, sonra isə Tadeus Pavlikovskinin rəhbərlik etdiyi Krakov Yuliuş Slovatski Teatrında çıxış edib. Onun üsyankar, sufrajist təbiəti teatr rəhbərləri ilə münaqişələrə səbəb olurdu. Pavlikovskinin gedişindən sonra, 1900-cü ildə onun müqaviləsinə xitam verildi. Sonra Zapolskaya zaman-zaman fəaliyyət göstərən öz teatrını qurdu. 1902-ci ildə Zapolskaya, Krakovda dram məktəbi işlədirdi və daha sonra Qabriela Zapolskaya Müstəqil Teatrını qurdu. Paris təcrübəsi ona Meterlinkin iki əsərinin — hər ikisi 1902-ci ildə səhnələşdirilən "Şahzadə Malen" və "Çağırılmamış qonaq" tamşalarını hazırlamağa imkan verdi.
1904-cü ildə Lvova köçən Zapolskaya, rəssam Stanislav Yanovski ilə ailə həyatı qurur. O, 1907–1908-ci illərdə Qalisiyada qastrol səfərlərində olan və onun adını daşıyan səyyar teatrın (Qabriela Zapolskaya Teatrı) hamisinə çevrilir. 1910-cu ildə ikinci yoldaşından da boşanır. 1912–1913-cü illərdə Zapolskaya "Teatr Premier"in bədii rəhbəri olur. Felyetonçu və teatr tənqidçisi kimi o, "Gazeta Krakowska", "Słowo Polskie", "Nowa Reforma", "Ilustracja Polska" və "Wiek Nowy" qəzetləri ilə əməkdaşlıq edib. 1915-ci ildə Lvov, Rusiya Ordusu tərəfindən işğal edildikdən sonra o, kiçik qənnadı mağazası işlədib. Zapolskaya 17 dekabr 1921-ci ildə Lvovda vəfat edib və oradakı Lıçakiv qəbiristanlığında dəfn olunub.
Üslubu Qabriela Zapolskayanın yaradıcılığında naturalizm – gündəlik reallığı olduğu kimi əks etdirməyə çalışan ədəbi cərəyan üstünlük təşkil edib. Ona ən çox fransız naturalist yazıçı Emil Zolyadan təsirlənib. Müəllifin əsərləri jurnalist və didaktik tona sahibdir. O, cəmiyyətin ən kasıb və müdafiəsiz təbəqələrinin, o cümlədən proletarların, yəhudilərin, xidmətçilərin, fahişələrin və başqalarının həyatını əsərlərində canlandırıb.
Zapolskayanın əsərlərindəki personajlar əsasən adi insan tipləridir. O, "Gənc Polşa" hərəkatı yazıçısılarına xas olan psixoloji təhlildən qaçmağa meyil göstərib. Yazıçı, həmçinin fahişəlik və zöhrəvi xəstəliklər kimi ziddiyyətli və mübahisəli mövzulara da əsərlərində toxunub.
Zapolskaya, ən məşhur əsərləri olan "Moralność pani Dulskiej", "Żabusia", "Ich czworo. Tragedia ludzi głupich", "Sezonowa miłość" və "Panna Maliczewska" dramlarında acıdil, nifrət dolu və küskün ədəbi personajlar yaradıb.
Nəsr əsərləri Qabriela Zapolskaya öz qısa hekayə debütünü 1881-ci ildə "Qızılgülün ömründən bir gün" əsəri ilə edibr. Onun ilk dövr yaradıcılığına aid əsərlərinin çoxu hissə-hissə Lvovda, sonra isə Varşava mətbuatında, əsasən də "Przegląd Tygodniowy" qəzetində dərc olunub. O, erkən dövr qısa hekayələrini "Ağrı tarixindən" (1890) adlı toplusunda bir araya gətirib. Onun roman və qısa hekayələri bir çox dillərə, o cümlədən ingilis, rus, alman, isveç, çex, slovak, macar və ukrayna dillərinə tərcümə edilib. Zapolskaya, əsərlərindəki fahişəlik, səfalət, tabu mövzular kimi qəbul edilən naturalist aspektlərə görə mühafizəkarlar tərəfindən tənqid olunub. Zapolskayanın diqqətəlayiq nəsr əsərlərinə aşağıdakılar daxildir: Jeden dzień z życia róży (Qızılgülün ömründən bir gün, 1881) Małaszka (1883) Kaśka Kariatyda (Keti Karyatid, 1885–1886) Przedpiekle (1889) Menażeria ludzka (1893) Janka (1895) Fin-de-sièclistka (Fin-de-siekle-ist, 1897) Zaszumi las (1899) Sezonowa miłość (1904) Córka Tuśki (1907) Pani Dulska przed sądem (1908) O czym się nie mówi (1909) Śmierć Felicjana Dulskiego (Felicjan Dulskinin ölümü, 1911) Kobieta bez skazy (1913)
Dram əsərləri Zapolskaya daha çox dramları, sosial-satirik komediyaları və tragikomediya janrında olan əsərləri ilə tanınır. Onun "kiçik burjua tragi-farsı" olan "Xanım Dulskayanın mənəviyyatı" əsəri müəllifin ən məşhur işi hesab olunur və erkən modernist polyak dramaturgiyasının dönüş nöqtəsi kimi qəbul edilir. Bu əsərinin süjeti iki qısa hekayədə — "Xanım Dulskaya məhkəmə qarşısında" və "Felitsian Dulskayanın ölümü" davam etdirilib. Onun dram əsərləri digər dillərə də tərcümə olunub, Polşa və Avropa səhnələrində nümayiş etdirilib, həmçinin radio və kinoya uyğunlaşdırılıb. Zapolskayanın tanınmış dram əsərlərinə aşağıdakılar daxildir: Żabusia (Froggi, 1897) Małka Szwarcenkopf (1897) Jojne Firułkes (1898) Xanım Dulskayanın mənəviyyatı, (1906) Ich czworo. Tragedia ludzi głupich (1907) Skiz (1908) Panna Maliczewska (Xanım Maliçevska, 1910)
Həmçinin bax Polşada feminizm
İstinadlar
Further reading
Xarici keçidlər
Gabriela Zapolska at e-teatr.pl
Kateqoriya:Polşa tərcüməçiləri Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Polşa teatr aktrisaları Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XX əsr qadın yazıçıları