Psevdoaqressiya — nəticəsində zərər (ziyan) vurula bilən, lakin əvvəlində heç bir pis niyyət durmayan hərəkətlərdir.

Cəmiyyətdə insanların bərabər yaşayış norma və qaydalarına zidd olan, hücum obyektlərinə (canlı və cansız) ziyan vuran, insanlara fiziki zərər yetirən, onlarda mənfi hisslər, gərginlik, qorxu, bədbinlik və s. yaradan məqsədyönlü destruktiv davranış kimi başa düşülən aqressiyadan fərqli olaraq, psevdoaqressiyanın əsasında digər insana zərər vurmaq məqsədi, niyyəti və ya arzusu durmur.

Psevdoaqressiyanın növləri

Qeyri-iradi (bədbəxt hadisə nəticəsində yaranan) aqressiya; Oyun aqressiyası; Özünü təsdiqetmə xarakterli aqressiya.

Qeyri-iradi aqressiya

Erix Fromm bu növ aqressiyaya nümunə olaraq bir insanın təsadüfən yaralanmasını, yəni bədbəxt hadisə zamanı baş verən aqressiv hərəkəti göstərir.

Oyun aqressiyası

Psevdoaqressiyanın bu növünün əsasında hər hansı mənfi motivasiya durmur. O, daha çox məharət və çevikliyin nümayiş etdirilməsi üçün zəruridir. Oyun aqressiyası qılıncoynatma, oxatma, duellər kimi idman və döyüş sənətlərində özünü büruzə verir. Silahdan istifadə edilməsinə baxmayaraq, fəaliyyətin bu növləri rəqibə zərər vurmaq niyyəti daşımır.

Özünü təsdiqetmə xarakterli aqressiya

Aqressiyaya bir özünü təsdiqetmə üsulu kimi yanaşma, kişi hormonlarının insanın aqressivliyinə təsiri sahəsində aparılan tədqiqatlarla da təsdiqlənir. Bimanın siçanlar üzərində apardığı eksperimentlər göstərmişdir ki, kişi hormonu (testosteron) aqressiv davranışın stimullaşdırıcısı rolunu oynayır, lakin onun yeganə şərti deyil. Kişilər "özünüreallaşdırma üçün zəruri olan daha yüksək hücumkarlıq (təşəbbüskarlıq) aktivliyinə" malik olduqları üçün özlərini ovçu, general kimi sahələrdə daha yaxşı reallaşdırırlar; empatiyaya meylli olan qadınlar isə yaxşı həkim və müəllim olurlar. Lakin burada da istisnalar mövcuddur — "zəif cinsin" bir çox nümayəndəsi kişilərin öhdəsindən gələ bilmədiyi ən mürəkkəb tapşırıqların öhdəsindən asanlıqla gəlir.

Bu sahədə aparılan tədqiqatlar göstərmişdir ki, özünü təsdiqetmə xarakterli aqressiyasını azad şəkildə reallaşdırmaq imkanı olan fərdlər, məqsədyönlü hücumkarlığı yatırılan və ya məhdudlaşdırılan (məsələn, avtoritar valideynlər tərəfindən) fərdlərə nisbətən daha az düşmənçilik nümayiş etdirirlər.

İstinadlar

Həmçinin bax

Aqressivlik

Kateqoriya:Təcavüz Kateqoriya:Şəxsiyyət nəzəriyyələri