Boqna Burska (; ) — instalyasiyalar, məkan fotoqrafiyası və video-art janrındakı əsərləri ilə tanınan polyak dramaturqu və vizual rəssamı. Onun yaradıcılığının prioritet istiqamətini feminizm təşkil edir. Rəssamın ilk rəngkarlıq kompozisiyaları divarlara, kətan və şüşə üzərinə barmaqla çəkilmiş, laxtalanmış qan formalarını xatırladan qırmızı boya süjetli motivlərdən ibarət olub.
Burska, "Varşava Rəssamlarının Fəaliyyəti" təşkilatını 2002-ci ildə təsis edib. O, həmçinin Polşada feminizm və gender bərabərliyi mövzularına həsr olunmuş ilk rəqəmsal jurnal olan "Artmix" adlı internet feminist və gender sənəti jurnalının redaktorlarından biri olub. Varşavada yaşayan rəssam Qdansk şəhərində fəaliyyət göstərir.ref name=Polish/> Onun əsərləri həm Polşanın müxtəlif yerlərində, həm də bir çox ölkələrdə nümayiş etdirilib. Burskanın yaradıcılığı "tənqidi sənət və estetik məsələlərin" sintezi kimi xarakterizə olunur. Onun feminist hərəkatına olan sadiqliyi özünün: "Mən sənətkaram, qadınam və feministəm.ef name=Bog/> Yaradıcılığımda qadınlıq və onun müxtəlif tərəfləri də daxil olmaqla, fərqli mövzulara toxunuram. Lakin, diqqətimi nəyə yönəltməyimdən asılı olmayaraq, feminist məsələlər mənim üçün hər zaman böyük əhəmiyyət kəsb edir" sözləri ilə daha aydın ifadə olunur.
Həyat və fəaliyyəti 1974-cü ildə Polşanın Varşava şəhərində anadan olan Boqna Burska incəsənət təhsilini Varşava Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində alaraq, 2001-ci ildə məzun olub.
Burska karyerasına 2006-cı ildə Qdanskda, Qdansk Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsində, Qjeqoj Klamanın rəhbərlik etdiyi İntermedia kafedrasında müəllim kimi başlayıb. O, akademiyada doktorantura təhsilini davam etdirərək 2009-cu ildə doktorluq dərəcəsinə yiyələnib. Hazırda o, Qdansk Rəssamlıq Akademiyasının İntermedia fakültəsində dosent vəzifəsində çalışır.
Burskanın sənət əsərləri rəngkarlıq, qarışıq media instalyasiya layihələri, fotoqrafiya və video kimi bir çox müxtəlif texnikaları əhatə edir.
Burskanın debüt əsərləri "bədənsəllik" və onun dərki ilə bağlıdır. Onun rəsmlərində üstünlük təşkil edən rəng qan qırmızısıdır. O, həmçinin şüşə və "qatran tökmələr" üzərində də rəsmlər çəkir. Onun qanı simvolizə edən qırmızı rəngdən istifadə etməsi təkcə "həyat və canlılığı" deyil, həm də "ölüm, zorakılıq, ağrı və qadın fiziologiyasını" ifadə edir. Onun 2001-2002-ci illərdə bu janrda yaratdığı bəzi əsərlər aşağıdakılardır: Varşavadakı Müasir İncəsənət Mərkəzində təşkil olunmuş emalatxanada onun tələbələri tərəfindən ağ divarlar üzərindən süzülən, tamamilə qan rəngində keçid yaradılmış və bu keçidə kişi və qadınlara aid üç cüt əl fiquru yerləşdirilmişdi. Bu sərginin izləyiciləri, belə bir zorakılığın nə törədicisindən, nə də qurbanından xəbərdar olmadan, birbaşa zorakılıq faktının özü ilə üz-üzə dayanırdılar; Bu qəbildən olan digər instalyasiya isə 2002-ci ildə "Biała" qalereyasında qurulub. Burada qalereya daxilində valideynlər və uşaq üçün otaqlar, divarda uşaq rəsmi və boş çarpayının üzərində müxtəlif cür — həm zorakılıq, həm də qadınların aylıq tsikli kimi şərh oluna bilən qan ləkələri olan bir ev ab-havası yaradılıb. Güllərin, cərrahiyyənin, alqoritmin, çiçəklənən pion güllərinin və amputasiya olunmuş ayaq mənzərəsinin estetik və həndəsi şəkildə bir-birinə qarışdırıldığı fotoşəkil seriyası. 2003-cü ildə çəkilmiş 9 şəkildən ibarət "Yol", 2003-cü ilə aid və 25 fotodan ibarət "Mülayimləşmə / Qar əriməsi" və göy üzü mənzərələri ilə təzad təşkil edən, qarın üzərindəki qan ləkələri naxışlarını əks etdirən, 2004-cü ilə aid 24 şəkildən ibarət "Kitab".
Yunan mifologiyasındakı gözəl toxucu qadın adı ilə adlandırılan və 2003-cü ildə Burska tərəfindən yaradılan "Araxna" əsəri video və fotoşəkillər toplusunun sintezindən ibarətdir. Burska bu əsərdə qadınların "ehtiraslar və qorxular", həmçinin gözəllik və eybəcərlik kimi problemlərini təqdim edir. Əsər Afina və Zevsin hekayəsinə əsaslanır.
Burskanın 2004-cü ildən etibarən tətbiq etdiyi innovativ texnika; filmlərə əsaslanan "tapılmış kadr videosu texnikası" ilə bağlıdır. Onun bu janrda yaratdığı və bəyənilən əsərləri arasında 2004-cü ildə ərsəyə gətirdiyi "Parisdə yağış" videosu var; bura Parisdə çəkilmiş "Kraliça Marqo", "Markiza", "Təhlükəli əlaqələr", "Həyəcan", "Henri və Cun", "Zəhərli qələm", "Yeni körpüdəki sevgililər" və "Gecə küləyi" kimi filmlərdən sevgi və erotizm elementləri daşıyan fraqmentlər daxil edilib.
2006-2008-ci ilələrdə, Burska "Dəyişən güzgülərlə oyun" mövzusunda bir sıra əsərlər ərsəyə gətirib. Digər bir seriyada isə o, üç filmdən – "Çin qutusu", "Lolita" və "Zədə" filmlərindən olan səhnələrdən istifadə edərək yeni hekayə yaradıb.
Sərgiləri Burska təkbaşına və qrup şəklində rəsm sərgilərini yalnız Polşada deyil, həmçinin müxtəlif ölkələrdə də keçirib. Onun təşkil etdiyi bəzi sərgilər aşağıdakı kimidir:
Aşağıdakı məkanlarda fərdi sərgiləri:
Zaxenta Milli İncəsənət Qalereyası, Varşava "Bunkier Sztuki" Müasir İncəsənət Qalereyası, Krakov Vıspa İncəsənət İnstitutu, Qdansk "Arsenal" Şəhər Qalereyası, Belostok "Kronika" İncəsənət Mərkəzi, Bitom Biala Qalereyası, Lyublyana Platan Qalereyası, Budapeşt Mıstetski Arsenal, Kiyev PL Qalereyası, Roma.
İstinadlar