Rəci hadisəsi () və ya Rəci vaqiəsi () — 625 ildə Qarə və Ədəl qəbilələri tərəfindən müsəlmanlara qarşı törədilmiş sui-qəsd.

Coğrafiya Rəci hadisəsinin baş verdiyi məntəqə bu gün Məkkə-Mədinənin köhnə yolu üzərində, Usfana çatmamış sağ tərəfdəki vadidən təxminən 5 km daxildə yerləşir.

Arxa planı Uhud döyüşündən sonra Bəni-Hüzeylin qollarından olan Bəni-Lihyan qəbiləsinin lideri Xalid ibn Süfyan Mədinəyə hücum üçün hazırlığa başlamışdır. Bu xəbəri eşidən Məhəmməd, Abdullah ibn Üneys əl-Cühəni göndərərək Xalid ibn Süfyanı öldürülməsini təmin etmiş və Mədinəyə potensial hücumun qarşını almışdır. Mənbələrə görə bu hadisə Bənu Lihyan qəbiləsinin müsəlmanlara olan düşmənçiliyini daha da artırmış, onlar da Ədəl və Qarə qəbilələrinə müraciət edərək, müsəlmanlardan qisas almaq üçün plan hazırlamışdılar. Plana əsasən Ədəl və Qarə qəbilələri Məhəmməddən İslamın öyrədilməsi üçün bir heyətin göndərməsini istəyəcəkdilər. Göndərilmiş heyət üzvlərindən bir hissəsini Xalid ibn Süfyanın qisasını almaq məqsədilə öldürəcək, qalan hissəsini isə Bədr və Uhud döyüşlərində yaxınları öldürülən məkkəlilərə satacaqdılar.

Xalid ibn Süfyanın qətlə yetirilməsindən bir ay sonra 6 və ya 7 nəfərlik bir heyətlə Mədinəyə gələn Ədəl və Qarə üzvləri, Məhəmməddən heyət göndərməsini istədilər. Məhəmməd də onların istəyini qəbul edərək 6, 7 və ya 10 nəfərdən ibarət bir heyət göndərdi (hicri 4 ilinin Səfər ayı/iyul 625). Bu heyət müsəlman olduqlarını bildirən Ədəl və Qarə qəbilələrinə İslamı öyrədəcək, onlardan zəkat toplayacaq, həm də Məkkə yaxınlığına gedərək Qureyş qəbiləsi əleyhində kəşfiyyat məlumatları toplayacaqdılar.

Heyət üzvləri arasında Xalid ibn Bukeyr, Hübeyb ibn Ədi, Zeyd ibn Dəsinə, Abdullah ibn Tariq və Müəttib ibn Ubeydin olduğu qeyd edilmişdir. Heyətdə adı qeyd edilməyən daha 3 şəxs olmuşdur. Heyətə başçılığı isə Mərsəd ibn Əbu Mərsəd və ya Asim ibn Sabit etmişdir.

Hadisə Müsəlmanlar Məkkə ilə Usfan arasında, Hüzeyl qəbiləsinin nəzarətdə olan Həda məntəqəsinə gəlirlər. Burada Rəci quyusunun ətrafında düşərgə saldıqları vaxt Bəni-Lihyan qəbiləsindən 100 (və ya 200) nəfərlik bir dəstə onlara hücum edərək mühasirəyə alırlar. Təslim olduqları təqdirdə onlara zərər verilməyəcəyini bildirən Bəni-Lihyan qəbiləsinin üzvləri, bunu sadəcə məkkəlilərdən fidyə tələb etmək üçün etdiklərini bildirirlər. Lakin müsəlmanlar onların təklifini rədd edərək döyüşə girirlər.

Döyüşdə Mərsəd ibn Əbu Mərsəd, Asim ibn Sabit, Xalid və Müəttib həlak olurlar. Yoldaşlarının qətlə yetirildiyini görən Hübeyb ibn Ədi, Zeyd ibn Dəsinə və Abdullah ibn Tariq öldürməyəcəkləri şərti ilə təslim olurlar. Əsir tutulmuş müsəlmanlar Məkkəyə aparılarkən Abdullah əllərini açaraq yenidən döyüşməyə başlasa da rəqibləri tərəfindən qətlə yetirilir.

Hübeyb ibn Ədi ilə Zeyd ibn Dəsinə isə Məkkəyə aparılaraq, burada məkkəlilərə təhvil verilirlər. Onlar burada zorakılığa məruz qalmalarına baxmayaraq, öz inanclarından dönməyəcəklərini bildirirlər. Bundan sonra bir müddət həbsdə saxlanılan müsəlmanlar, Tənimə (Yəcəc) aparılaraq edam edilirlər.

Məhəmməd hadisədən sonra tərəfdarlarını dəfn etmələri və ona qarşı sui-qəsd hazırlayan Əbu Süfyanı cəzalandırmaları üçün Əmr ibn Ümeyyə əd-Dəmrini Cabbar ibn Səhr əl-Ənsari (və ya Sələmə ibn Əsləm) ilə birlikdə göndərmişdir. Bəzi mənbələrə görə isə Məhəmməd Məkkəyə Zübeyr ibn Əvvam ilə Miqdad ibn Əmri göndərmişdir.

Əmr ibn Ümeyyə yoldaşları ilə birlikdə gizlincə Məkkəyə daxil olaraq Hübeyb ibn Ədini dəfn etmiş və məkkəli bir casusu da yaxalayaraq Mədinə qayıtmışdır. Bu hadisə mənbələrdə "Əmr ibn Ümeyyə səriyyəsi" adlandırılmışdır.

Nəticəsi İslam tarixçisi Vəqidi Rəci hadisəsinin xəbərinin eyni gecə Məhəmmədə çatdığı demişdir. Hadisədən təəssüflənən Məhəmməd isə 30 və ya 40 gün sübh namazlarında (bəzi mənbələr görə bütün namazlarda) hadisəyə səbəb olan qəbilələrə bəddua etmişdir. Bəqərə surəsinin 204–207-ci ayələrinin bu hadisə ilə bağlı nazil olduğu qeyd edilmişdir.

Bu hadisədən iki il sonra, hicri 6-cı (627) ildə Məhəmməd Bəni-Ləhyanı cəzalandırmaq üçün yürüş təşkil etmiş, lakin yürüşdən xəbərdar olan Bəni-Ləhyanlıların dağlara çəkilmələri səbəbi ilə onların ərazilərindən iki gün qaldıqdan sonra Mədinəyə qayıtmışdır.

İrsi və mirası Edam edilməzdən əvvəl Hübeyb ibn Ədinin iki rükət namaz qılması, sonradan edam ediləcək müsəlmanların iki rükət namaz qılması ənənəsinin əsasını qoymuş, Həssan ibn Sabit isə bu hadisədə qətlə yetirilənlər üçün bir mərsiyə söyləmiş və Bəni-Ləhyan qəbiləsinin üzvlərini sərt şəkildə tənqid etmişdir.

Həmçinin bax Biri-Məunə hadisəsi

İstinadlar

Kateqoriya:Məhəmmədin yürüşləri