Bənu Təyy () — Qəhtanilərə mənsub olan ərəb qəbiləsi.
Mənşəyi Qəbilə Təyy ibn Udəd ibn Zeydin adını daşıyır. Qəhtanilərin Kəhlan qoluna mənsubdur. Bənu Təyyin Qavs və Cədilə adlı iki qolu vardır.
Tarixi Qəbilə İslamdan əvvəlki hadisələrdə mühüm rol oynamışdır. Qəbilənin böyük hissəsi İraq sərhədində yaşadığı üçün Ləxmilər və Sasanilərlə siyasi-hərbi əlaqələrə malik olmuşlar. Ləxmilərin sonuncu hökmdarı (və ya valisi) III Numan Bənu Təyy qəbiləsinə mənsub iki qadınla evlənmişdir. Lakin Bənu Təyy qəbilə mənfəətlərinə uyğun olaraq, özləri kimi ərəb olan Ləxmiləri deyil, Sasaniləri dəstəkləmişlər. Bu qəbiləyə mənsub olan İyas ibn Qabisə Sasanilər tərəfindən Ləxmilərin paytaxtı olan Hirə valisi təyin edilmişdir. Onların dəstəklədiyi İyas ibn Qabisə və Sasanilər Zi Qar quyusu ətrafındakı döyüşdə Bəni-Bəkrə məğlub olsalar da, onlar İraq sərhədindəki mövcudluqlarını davam etdirmişlər.
Əbu Bəkrin xəlifəliyi dövründə Bənu Təyy özünü peyğəmbər elan edən Tüleyhəni dəstəkləyən qəbilələrdən biri olmuşdur.
Əli ilə Muaviyə arasında baş verən qarşıdurmalarda isə Suriyada yaşıyan Təyylilər Muaviyəni, İraqda yaşayanlar da Əlini dəstəkləmişlər.
Əməvilər dövründə Təyylilər Şimali Afrika və Əndəlüsün ələ keçirilməsində iştirak etmişlər.
Qəbilənin alt qollarından biri olan və Şimali Ərəbistanda yaşamış Cərrahilər də X–XI əsrlərdə bölgədə mühüm rol oynamışlar.
Bənu Təyy həm Cahiliyyə dövründə, həm də sonrakı dövrlərdə bir çox dövlət xadimi, şair və alim yetişdirmişdir. Dövrünün məşhur sufilərindən olan İbnül-Ərəbi də bu qəbiləyə mənsub olmuşdur.
Dini inancı İslamdan əvvəl qəbilənin sitayiş etdiyi büt Fəls idi. Məhəmməd bir ordu göndərərək bu bütü dağıltmışdır.
Qəbilənin bəzi fərdləri xristianlığı mənimsəsələr də sonradan İslamı qəbul ediblər.
Həmçinin bax Zi Qar döyüşü
İstinadlar Kateqoriya:Bəni-Tay Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:İraq qəbilələri