Amerika Azərbaycan Cəmiyyəti (; ) — 1957-ci ildə yaradılmışdır. ABŞ-də Azərbaycan diasporunun ən qədim və ilk təşkilatlarından biri hesab olunur. Cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi, mədəni və sosial əlaqələrin inkişafına mühüm töhfələr verir. Qeyri-kommersiya təşkilatı statusuna malik olan cəmiyyətin mərkəzi ofisi Nyu-Cersi ştatının Nyuark şəhərində yerləşir.
Tarixi
Cəmiyyətin əsası 1957-ci ildə azərbaycanlı siyasi mühacir Saleh bəy Şeyxzamanlı tərəfindən qoyulmuşdur. Şeyxzamanlılar ailəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan və İkinci Dünya müharibəsinin başa çatmasından sonra ABŞ-yə mühacirət etmişdir. Təsisçinin atası Nağı bəy Şeyxzamanlı 1918–1920-ci illərdə AXC hökumətində Milli Təhlükəsizlik Naziri (Əksinqilab ilə Mübarizə Təşkilatının rəisi) vəzifəsini icra etmişdir. Təşkilat, amerikalılaşma şəraitində mühacirlərin öz dilini, ənənələrini və tarixini hifz edib saxlamalarına imkan verən unikal bir platformaya çevrilmişdir.
İlk dövrlərdə təşkilat əsasən SSRİ-dən qaçan azərbaycanlıları öz ətrafında birləşdirsə də, sonradan həm Məhəmməd Rza Pəhləvi rejimindən, həm də İran İslam İnqilabından sonra İrandan mühacirət edən İran szərbaycanlılarının hesabına onun sıraları daha da genişlənmişdir.
SSRİ-nin dağılmasından sonra, 1991-ci ildən etibarən təşkilat fəaliyyətini Bakı ilə Vaşinqton arasında diplomatik, iqtisadi və mədəni əlaqələrin, eləcə də Gəncə və Nyuark şəhərləri arasındakı qardaşlaşma münasibətlərinin möhkəmləndirilməsinə yönəltmişdir.
Təşkilat 2010-cu ildən başlayaraq hər il Müstəqillik Günü şərəfinə Nyu-Yorkda (Boulinq Qrin parkında) və Filadelfiyada Azərbaycanın üçrəngli bayrağının təntənəli şəkildə ucaldılması mərasimini keçirir.
Cəmiyyətin apardığı aktiv lobbiçilik fəaliyyəti nəticəsində Nyu-York Senatı tarixində ilk dəfə olaraq Bakıda baş vermiş faciəli 1918-ci il Mart hadisələrini rəsmən tanıyan qətnamə qəbul etmişdir.
Məqsəd və vəzifələri
Azərbaycan və Amerika Birləşmiş Ştatları xalqları arasında harmoniya və qarşılıqlı anlaşmanın yaradılması; Müxtəlif icmaları bir araya gətirmək, fərqli din və etiqadlara mənsub olan üzvləri cəmiyyətə cəlb etmək; Birləşmiş Ştatlar və Azərbaycan xalqları arasında qarşılıqlı razılaşmaya əsaslanan aktiv və möhkəm dostluq münasibətlərinin yaradılması; ABŞ və Azərbaycan arasında mədəni, ticarət, texniki və təhsil mübadiləsinə töhfə verilməsi; Uşaqlara və yeniyetmələrə Azərbaycan dilinin və adət-ənənələrinin öyrədilməsi; Kütləvi konsertlər, rəqs proqramları və sərgilər təşkil etməklə Azərbaycan dilinə, adətlərinə, musiqisinə, rəqslərinə və incəsənətinə marağın artırılması, bu mədəniyyət nümunələrinin əhəmiyyətinin təbliği, həmçinin ictimaiyyətə bu sənət sahələrinin tarixi və inkişafı barədə məlumatların çatdırılması; İştirakçıların fikir mübadiləsi apara biləcəyi, ümumi maraq və problemləri əks etdirən əlaqələndirilmiş proqramları formalaşdırıb həyata keçirə biləcəyi açıq forumların və struktur mexanizmlərinin yaradılması; Həm dövlət, həm də özəl xarakterli vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərilməsi.
İstinadlar
Kateqoriya:ABŞ-nin qeyri-kommersiya təşkilatları Kateqoriya:ABŞ–Azərbaycan münasibətləri