"Un banc, un arbre, une rue" () — Fransa müğənnisi Severin tərəfindən ifa olunmuş, musiqisi Jan-Pyer Burteyrə, fransızca mətri isə İv Deskayaya aid olan mahnı. Sözügedən musiqi kompozisiyası 1971-ci ildə Dublin şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsində Monakonu təmsil etmiş və ölkənin bu müsabiqədəki yeganə qələbəsini qazandırmışdır.
Konsepsiyası "Un banc, un arbre, une rue" mahnısı İv Deskayanın fransızca mətni əsasında Jan-Pyer Burteyr tərəfindən bəstələnmişdir. Əsər uşaqlıq günahsızlığının itirilməsinə və arzuların ardınca getməyə yönəlmiş klassik fransız baladasıdır. Nəqarətin ilk sətirləri "hamımızın bir oturacağı, bir ağacı, bir küçəsi var / Harada ki, arzularımızı bəsləmişdik / çox qısa sürən bir uşaqlıq" şəklində tərcümə olunmuşdur. Severin mahnını dörd dildə lentə aldırmışdır: fransızca, ingiliscə ("Chance in Time"), almanca ("Mach' die Augen zu (und wünsch dir einen Traum)") və italyanca ("Il posto").
Avroviziya "Télé Monte-Carlo" (TMC) yayım şirkəti "Un banc, un arbre, une rue" kompozisiyasını 16-cı Avroviziya Mahnı Müsabiqəsi üçün seçmişdir. Mahnı üçün Severinin boş Monte-Karlo meydanında ifa etdiyi tanıtım çarxı buraxılmışdır. Videoda o, oturacağa yaxınlaşır, əyləşərək orta bəndləri ifa edir və sonda kadrdan uzaqlaşaraq diqqət mərkəzindən çıxır.
3 aprel 1971-ci il tarixində Dublinin "Qayeti" teatrında RTÉ telekanalının təşkilatçılığı ilə keçirilən və bütün qitədə canlı yayımlanan Avroviziya Mahnı Müsabiqəsində Severin "Un banc, un arbre, une rue" mahnısını dörd yeniyetmə bək-vokalçının müşayiəti ilə gecənin üçüncü ifası olaraq təqdim etmişdir. O, Malta təmsilçisi Co Qrekin "Marija l-Maltija" mahnısından sonra və İsveçrə təmsilçiləri Piter, Syu və Markın "Les Illusions de nos vingt ans" mahnısından əvvəl çıxış etmişdir. Monako təmsilçisinin çıxışı zamanı canlı orkestri Jan-Klod Peti idarə etmişdir.
Səsvermənin yekununda mahnı 128 xal toplayaraq on səkkiz iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur. Kompozisiya səsvermədə iştirak edən altı ölkədən o dövr üçün mümkün olan ən yüksək xalı — 10 balı almağa nail olmuşdur. Mahnı, bu səsvermə dövründə ən çox 10 bal almaq rekordunu özündə saxlayır. 1972-ci ildə müsabiqənin növbəti qalibi Lüksemburqu təmsil edən Viki Leandrosun "Après toi" mahnısı olmuşdur. Növbəti ildə Monakonu təmsil edən növbəti mahnı isə Piter Makleyn və Ann-Mari Qodarın ifasında "Comme on s'aime" kompozisiyası olmuşdur.
İstinadlar
Kateqoriya:1971-ci ilin mahnıları Kateqoriya:1971-ci ilin sinqlları Kateqoriya:Fransız dilində mahnılar