Alber Sabul (; ) — Fransa marksist tarixçisi, Böyük Fransa inqilabı və Birinci İmperiya dövrünün tarixi üzrə mütəxəssis, Böyük Fransa inqilabı tarixinin ən əhəmiyyətli tədqiqatçılarından biri.
Jorj Lefevrin tələbəsi və yaxın dostu olan Alber Sabul çoxsaylı elmi əsərlərin müəllifidir. Onun bu qəbildən olan tədqiqatları arasında ən məşhuru üç cildlik "Fransa inqilabının sivilizasiyası" əsəridir. Ömrünün son illərində o, Fransua Fürenin rəhbərlik etdiyi revizionist tarixçilər tərəfindən tənqidlərə məruz qalmışdır.
Həyatı Alber Sabul 27 aprel 1914-cü ildə Fransa Əlcəzairinin Relizan əyalətinin Ammi-Mussa şəhərində, yerli əhalidən müsadirə edilmiş kənd təsərrüfatı torpaqlarını ödənişsiz şəkildə mənimsəmək üçün Ardeş departamentindən gəlmiş fransız müstəmləkəçi-köçürməçilərinin ailəsində anadan olmuşdur.Claude Mazauric, Un historien en son temps, Albert Soboul (1914-1982) : essai de biographie morale et intellectuelle, Éditions d'Albret, 1er décembre 2003, 256 p. (ISBN 978-2-91305-507-0)
O, 1936-cı ildə Sorbonna Universitetini bitirmişdir. 1932–1739-cu illərdə Paris tələbə kommunist təşkilatının üzvü və rəhbərlərindən biri olmuş, 1939-cu ildən etibarən isə rəsmi olaraq Fransa Kommunist Partiyasının sıralarına daxil olmuşdur (baxmayaraq ki, partiyanın fəaliyyətinə daha erkən dövrlərdən cəlb edilmişdi). 1939–1945-ci illərdə, İkinci Dünya müharibəsi dövründə Müqavimət Hərəkatının fəal iştirakçısı olmuşdur.
1945–1960-cı illərdə Paris liseylərində müəllim kimi fəaliyyət göstərmişdir. 1959-cu ildən etibarən "Robespyerpərəst Tədqiqatlar Cəmiyyəti"nin baş katibi vəzifəsini icra etmişdir. 1960–1967-ci illərdə Klermon-Ferran Universitetində mühazirələr oxumuşdur. 1967-ci ildən etibarən Sorbonna Universitetində Fransa inqilabı tarixi kafedrasının professoru və Sorbonna nəzdindəki Fransa İnqilabı Tarixi İnstitutunun direktoru olmuşdur. Alber Sabul, həmçinin "Annales historiques de la Révolution française" jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
İstinadlar
Kateqoriya:Fransa kommunistləri Kateqoriya:Fransa tarixçiləri Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Pye-Nuar