thumb|upright=1.36|Hind-İran tayfalarının miqrasiyası ilə əlaqələndirilən arxeoloji mədəniyyətlər xəritəsi. Yaz mədəniyyəti — Marqiana, Baktriya və Soqdiana ərazilərində, təxminən E.ə. 1500–500-cü illər arasında mövcud olmuş Erkən Dəmir dövrü arxeoloji mədəniyyəti. Mədəniyyət öz adını Türkmənistanın Bayramalı şəhəri yaxınlığında yerləşən Yaz təpə arxeoloji abidəsindən götürmüşdür.

Baktriya-Margiana Arxeoloji Kompleksi (BMAK) kimi Son Tunc dövrü mədəniyyətlərinin yerində formalaşan bu mədəniyyətin daşıyıcıları daş qüllələr və mürəkkəb suvarma sistemləri ilə təchiz olunmuş iri malikanələr inşa edirdilər. Tapılan keramika nümunələri əksərən əl işidir, lakin dulusçuluq çarxı vasitəsilə istehsal olunmuş qabların istifadəsinə də rast gəlinir. Tunc və ya dəmirdən hazırlanmış ox ucluqları, dəmir oraqlar və bıçaqlar bu mədəniyyət arealından aşkar edilmiş mühüm tapıntılar sırasındadır.

Bu mədəniyyətlə əlaqələndirilən oturaq əkinçi tikililəri, habelə çöl (step) mənşəli metallurgiya və dulusçuluq nümunələrinin mövcudluğuna baxmayaraq, ərazidə heç bir məzarın tapılmaması diqqət çəkir. Bu xüsusiyyətinə görə Yaz mədəniyyəti, Avesta mətnlərində təsvir olunan erkən Şərqi İran mədəniyyətinin real arxeoloji nümunəsi hesab olunur. İndiyədək mədəniyyətə aid qəbirlərin aşkarlanmaması, müasir dövrdə də Zərdüştlük ardıcılları tərəfindən davam etdirilən, cəsədlərin basdırılmadan təbiət elementlərinin (göy quşlarının və vəhşi heyvanların) ixtiyarına buraxılması ("Sükut qüllələri") ənənəsinin ən qədim izi kimi şərh edilir.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:Asiya tunc dövründə Kateqoriya:Türkmənistan arxeoloji mədəniyyətləri Kateqoriya:Arxeoloji mədəniyyətlər Kateqoriya:Mərkəzi Asiyanın arxeoloji mədəniyyətləri Kateqoriya:Özbəkistan arxeoloji mədəniyyətləri Kateqoriya:Hind-ari arxeoloji mədəniyyətləri Kateqoriya:Əfqanıstan arxeoloji mədəniyyətləri Kateqoriya:Tacikistan arxeoloji mədəniyyətləri Kateqoriya:Asiyada dəmir dövrü mədəniyyətləri