"Assassin's Creed Rogue" () — "Ubisoft Sofia" tərəfindən istehsal edilmiş və "Ubisoft" şirkəti tərəfindən 2014-cü ildə yayımlanmış döyüş-macəra videooyunu. Bu oyun "Assassin's Creed" seriyasının yeddinci əsas buraxılışı olmuşdur. Bundan başqa, oyun 2012-ci ildə satışa çıxarılmış "Assassin's Creed III" oyunu ilə eyni zaman kəsiyini əhatə etmiş və 2013-cü ilə aid "Assassin's Creed IV: Black Flag" oyunundan sonrakı hadisələri təsvir etmişdir. Oyun həmçinin, "Rogue" ilə eyni gündə satışa çıxarılan "Assassin's Creed Unity" layihəsi ilə də sıx bağlılığa malikdir. Bu layihə yeddinci nəsil konsollar üçün hazırlanmış sonuncu "Assassin's Creed" oyunu hesab olunur. Belə ki, oyun 11 noyabr 2014-cü il tarixində "PlayStation 3" və "Xbox 360", 10 mart 2015-ci il tarixində isə "Windows" platforması üçün təqdim edilmişdir. Oyunun yenilənmiş versiyası 20 mart 2018-ci il tarixində "PlayStation 4" və "Xbox One" konsolları üçün nümayiş olunmuşdur. Layihə həmçinin, 6 dekabr 2019-cu il tarixində "The Rebel Collection" toplusunun tərkibində "Black Flag" ilə birlikdə "Nintendo Switch" platformasında, 5 oktyabr 2021-ci il tarixində isə "Google Stadia" bulud xidmətində istifadəyə verilmişdir.
Süjet xətti Şimali Atlantikada real tarixi hadisələrin uydurulmuş versiyası üzərində qurulmuşdur. Burada sülh və azad iradənin qorunması uğrunda mübarizə aparan Assasin qardaşlığı ilə sülhə mütləq nəzarət vasitəsilə nail olmaq istəyən tampliyerlər ordeni arasındakı çoxəsrlik münaqişə təsvir olunmuşdur. XXI əsrə təsadüf edən müasir çərçivə hekayəsində oyunçu, müasir tampliyerlərin gizli fəaliyyət vasitəsi olan "Abstergo Industries" şirkətinin əməkdaşı rolunda çıxış edir və şirkətin serverlərini təmir etməyə çalışarkən assasin–tampliyer qarşıdurmasına dair müxtəlif sirlərin üstünü açır. Əsas süjet isə 1752-1760-cı illərdə, Fransa–hindu müharibəsindən əvvəl və müharibə dövründə cərəyan edir. Hekayənin mərkəzində assasinlərin tətbiq etdiyi taktikalardan məyus olaraq tampliyerlərin tərəfinə keçən və öz keçmiş qardaşlığının üzvlərini təqib etməyə başlayan irlandiyamənşəli amerikalı dəniz qulduru və assasin Şey Patrik Kormak dayanır. "Rogue" oyununun geympleyi "Black Flag" ilə böyük oxşarlıq təşkil edir. Burada gəmi vasitəsilə dəniz səyahətləri və üçüncü şəxs baxış bucağından həyata keçirilən quru kəşfiyyatı sintez olunmuş, həmçinin oyuna bəzi yeni xüsusiyyətlər əlavə edilmişdir.
Buraxılışdan sonra "Rogue" tənqidçilər tərəfindən müxtəlif rəylərlə qarşılanmışdır. Oyunçunun tampliyer qismində çıxış etməsi sayəsində ənənəvi formula gətirilən yenilik, eləcə də süjet xətti, baş qəhrəmanın xarakteri və dəniz döyüşləri mexanikası müsbət qiymətləndirilmişdir. Bununla belə, seriyanın ümumi strukturuna köklü yeniliklər gətirə bilməməsi, hekayənin qısa olması və "Black Flag" ilə olan həddindən artıq oxşarlığı tənqid hədəfinə çevrilmişdir.
Geympleyi "Assassin's Creed Rogue" açıq dünya mühitində cərəyan edən və üçüncü şəxs baxış bucağından oynanılan döyüş-macəra və stels oyunudur. Oyunda üç əsas bölgə təqdim olunur: qərbi Şimali Atlantika (Müqəddəs Lavrentiya körfəzi ətrafı), uydurulmuş Çay vadisi (qismən Hadson vadisindən ilhamlanmışdır) və Nyu-York şəhəri. İlk iki bölgəyə kiçik adalar, insan məskənləri, hərbi dəniz qalaları və gəmi qəzası yerləri kimi kəşf edilə bilən çox sayda fərdi məkan daxildir. "Assassin's Creed IV: Black Flag" oyununda olduğu kimi, dəniz kəşfiyyatı və döyüşləri geympleyin əsas tərkib hissəsini təşkil edir. Baş qəhrəman Şey Kormakın kapitanlıq etdiyi "Morriqan" gəmisi Edvard Kenveyin "Cakdau" gəmisi ilə müqayisədə daha az suya oturma dərinliyinə malikdir və bu, onun çaylarda hərəkət etməsinə şərait yaradır. Gəmi Pukl pulemyotları, yandırıla bilən neft ləkələri yaradan sistem və buzqıran kimi bir neçə yeni silah və avadanlıqla təchiz oluna bilir. Bundan əlavə, düşmən gəmiləri "Morriqan"a abordaj edə bilir və kiçik gəmilərə zərər vuran dalğalar yaratmaq üçün müəyyən aysberqlər məhv edilə bilir. Bununla belə, "Black Flag" oyununda mövcud olan sualtı dalğıc missiyaları bu layihədən çıxarılmışdır. Belə ki, Şimali Atlantikanın dondurucu sularında üzmək personajın sağlamlıq göstəricisinin sürətlə tükənməsinə səbəb olur, baxmayaraq ki, Şey Çay vadisinin daha cənubdakı sularında sərbəst şəkildə üzə bilir. Sələflərinin əksəriyyətindən fərqli olaraq, oyunda çoxistifadəçili rejimi yoxdur.
Döyüş sistemi üçün oyuna "Black Flag" oyunundakı üfürmə borusuna bənzər və oyunçunun düşmənləri məsafədən səssizcə sıradan çıxarmasına imkan verən pnevmatik tüfəng əlavə edilmişdir. Bu pnevmatik tüfəng yuxu iynələri və fişənglər kimi müxtəlif növ mərmilərlə təchiz edilə bilir. Süjet xəttinin müəyyən bir mərhələsində Benjamin Franklinin uydurulmuş versiyası tərəfindən Şeyin tüfənginə qəlpəli qumbaralar və digər yüklər ata bilən qumbaraatan əlavəsi verilir. Əlbəyaxa döyüş sistemində də yüngül dəyişikliklər edilmişdir. Belə ki, artıq düşmən hücumlarına qarşı "Batman: Arkham" oyunlar seriyasına bənzər şəkildə dəqiq zamanlama ilə əks-hücumlar təşkil etmək mümkündür. Düşmən qismində çıxış edən assasinlər, oyunçuların seriya boyu istifadə etdiyi bacarıqlardan istifadə edərək əvvəlki oyunlardakı arxetipləri nümayiş etdirirlər. Onlar kolluqlarda gizlənə, kütləyə qarışa və oyunçuya qarşı havadan qəfil sui-qəsdlər icra edə bilirlər. Zəhərli qaz artıq ətraf mühit silahı kimi istifadə oluna bilir və Şeyin onun təsirini azaltmaq üçün xüsusi maskası mövcuddur. Bir düşmən tərəfindən təqib edilərkən Şeyin "Qartal baxışı" xüsusiyyəti formasını dəyişərək seriyanın əvvəlki oyunlarının multiplayer rejimindəki elementləri mənimsəyir və oyunçuya düşmənin mövqeyini radar bənzəri sistemlə izləmək imkanı verir. Hətta "Qartal baxışı" istifadə edilmədikdə belə, ekranın kənarlarının qırmızı rəngə boyanması ilə oyunçuya gizli təqibçilərin yaxınlıqda olması barədə xəbərdarlıq edilir.
Oyunçu ovçuluq və ya balıqçılıq vasitəsilə əldə edilən heyvan dərilərindən istifadə edərək kraftinq sistemi vasitəsilə Şeyin təchizatını təkmilləşdirə bilir. Oyundakı tampliyer xəzinələri, yerli qəbilə sütunları və vikinq qılınclarının qəlpələri kimi kolleksiya əşyaları da tapıldıqdan sonra Şeyə yeni geyimlər və avadanlıqlar qazandırır. "Morriqan" gəmisi də digər gəmilərə, anbarlara və düşmən düşərgələrinə edilən basqınlardan əldə olunan resurslarla təkmilləşdirilə bilir. Bu, ona daha güclü gəmilərə qarşı mübarizə aparmaq imkanı verir. Bu gəmilərin ən güclüləri Şimali Atlantikada yerləşən və "Black Flag" oyununda da mövcud olan gizli boss döyüşləri — beş Əfsanəvi gəmidir.
Əlavə missiyalar və fəaliyyətlər geri qayıtmışdır və onların bir çoxu əvvəlki oyunlardakı analoji tapşırıqlara əsaslanır. Şeyin tampliyer rolunu əks etdirən oyuna yeni bir əlavə missiya daxil edilmişdir: Assasinlərin qarşısının alınması. Bu missiyalar əvvəlki oyunlardakı sui-qəsd tapşırıqlarının tərs formasıdır; belə ki, Şey sui-qəsd müqaviləsi daşıyan poçt göyərçinini ələ keçirdikdən sonra yaxınlıqda gizlənən assasinləri tapıb məhv etməli və hədəfin öldürülməsinin qarşısını almalıdır. Digər əlavə fəaliyyətlər Yeddillik müharibə ilə bağlıdır və bura dəniz qarşıdurmaları, düşmən gəmilərində saxlanılan hərbi əsirlərin azad edilməsi, düşmən qalalarının və məskənlərinin ələ keçirilməsi daxildir.
Əvvəlki buraxılışlardan geri qayıdan digər bir xüsusiyyət binaların təmir edilməsi imkanıdır. Bu binalar sonradan banka köçürülən və müntəzəm olaraq toplanmalı olan gəlir gətirir. Bu sistem "Assassin's Creed: Brotherhood" oyunundakı Borcia qüllələri və "Assassin's Creed: Revelations" oyunundakı Tampliyer sığınacaqları ilə bənzər şəkildə fəaliyyət göstərir. Binalar yalnız yerləşdikləri ərazi assasinlərin nəzarətindən azad edildikdən sonra təmir oluna bilər. Oyunda assasinlər üç əsas bölgədə ümumilikdə on sığınacağı olan bir dəstəyə rəhbərlik edirlər. Sığınacağı təmizləmək üçün oyunçu dəstə rəhbərini (Şeyin birbaşa hücumlarının çoxunu bloklaya bilən və bloklana bilməyən gizli bıçaq zərbəsinə malik olan personajı) qətlə yetirməli, dəstənin bayrağını yandırmalı və bəzi hallarda tampliyer dönüklərini öldürməli və ya əsir götürülmüş Britaniya əsgərlərini xilas etməlidir.
Əvvəlki "Assassin's Creed" layihələrində olduğu kimi, oyunda real tarixi şəxsiyyətlərə əsaslanan personajlar yer almışdır. Onların arasında Benjamin Franklin, Corc Monro, Lui-Jozef Qotye de la Verendri, Kristofer Cist və Lourens Vaşinqton kimi şəxslər tapılır.
Süjeti Müasir dövrdə oyunçu Fransa–hindu müharibəsi zamanı On üç koloniyada fəaliyyət göstərmiş assasin Şey Patrik Kormakın (Stiven Piovesan) xatirələrini araşdırmaqla vəzifələndirilmiş adsız bir "Abstergo Entertainment" əməkdaşı rolunda çıxış edir. Araşdırma zamanı oyunçu ehtiyatsızlıqdan "Animus" serverlərinə virus salan gizli xatirə faylını aktivləşdirir. "Abstergo" binasında karantin elan edilir və oyunçu Şeyin xatirələrini yaşayaraq "Animus" serverlərini təmizləməli olur. 1752-ci ildə Şey Kolonial Assasin qardaşlığının yeni bir üzvüdür. Onun yüksək potensialı itaətsiz xarakteri ilə təzad təşkil edir. Şey assasin mentoru Axilles Devenportun (Rocer Aaron Braun) rəhbərliyi altında Şimali Atlantika bölməsində təlim keçərkən, assasin Adevale (Tristan D. Lalla) bura gələrək prekursor məbədinin axtarışı zamanı Port-o-Prens şəhərinin güclü zəlzələ nəticəsində viran qalması xəbərini gətirir. Gəmi idarəetməsindəki təcrübəsinə görə Şeyə tampliyerlərdən prekursor qutusunu və əlyazmasını geri almaq tapşırılır, lakin assasinlərin tampliyerlərlə dialoqa girməkdən imtina edərək, vəziyyətdən asılı olmayaraq Şeyə onları qətlə yetirməyi əmr etməsi onda qardaşlığın niyyətlərinə qarşı şübhələr oyatmağa başlayır.
1754-cü ildə qutunu və əlyazmanı ələ keçirən Şey onları Benjamin Franklinə (Rik Cons) təslim edir. Franklinin qutu üzərində apardığı təcrübələr nəticəsində dünyadakı digər prekursor məbədlərinin yerini göstərən bir xəritə formalaşır. Lissabondakı məbədi araşdırmaq əmri alan Şey oradakı mərkəzi artefaktı yerindən çıxarmağa çalışarkən ehtiyatsızlıqdan dağıdıcı bir zəlzələyə səbəb olur. Hadisə nəticəsində təsadüfən həlak olan minlərlə günahsız insanın ölümünə görə o, dərin vicdan əzabı və peşmanlıq keçirir. Port-o-Prens şəhərinin də eyni şəkildə məhv edildiyi qənaətinə gələn Şey Axilles ilə qarşıdurmaya girir. Axillesin prekursor artefaktlarının axtarışını davam etmək və bununla da daha çox insanın həyatını təhlükəyə atmaq niyyətində olduğunu öyrəndikdə Şey dəhşətə gəlir. O, əlyazmanı oğurlayaraq qaçmağa çalışsa da, qardaşlıq tərəfindən küncə sıxışdırılır. Şey əlyazmanı məhv edə bilmədən güllələnir və ölümə tərk edilir.
Dənizdə köməksiz qalan Şeyi polkovnik Corc Monro (Qrem C. Katbertson) xilas edir və onu Nyu-Yorkda tampliyer tərəfdarı olan bir ailənin himayəsinə verir. 1756-cı ildə sağaldıqdan sonra Şey şəhər sakinlərindən xərac toplayan və assasinlərlə müttəfiq olan dəstələri təmizləyir. Bu fəaliyyəti ilə Monronun diqqətini çəkir və polkovnik Şeyi başqalarının həyatını yaxşılaşdıra biləcəyinə inandırır. "Morriqan" gəmisini assasinlərdən geri aldıqdan və Kristofer Cisti (Riçard M. Dümon) köməkçisi təyin etdikdən sonra Şey yeni tampliyer müttəfiqlərinə kömək etməyə razılıq verir. Assasinlər əlyazmanı geri oğurlamaq üçün Monronu qətlə yetirdikdən sonra Şey qardaşlığın prekursor məbədlərinin axtarışından əl çəkmədiyini anlayır və onun üzvlərini tək-tək ovlamağa başlayır. Bu müddətdə o, tampliyerlər cərgəsində yüksək mənsəbə sahib olur.