Məmmədsadıq Quluzadə, Məmmədsadıq Xülusi və ya Mehmet Hulusi () ― siyasətçi, Gizli Müsavatın qurucu üzvlərindən biri, Müsavat Partiyasının Təbriz komitəsinin sədri, Müsavat Partiyasının Divan üzvü.
1923-cü ildə BDSİ tərəfindən yoldaşları ilə birlikdə həbs olunub. 1925-ci ildə İrana mühacirət edib. Müsavat Partiyasının Xarici Bürosunun Təbriz Komitəsinin üzvü, daha sonra isə komitənin sədri olub. Müsavatçıların Cənubi Azərbaycanda sovet işğalına qarşı mübarizə aparmaqları SSRİ-ni narahat etdiyi üçün 1930-cu il mayın 24-də SSRİ Xarici İşlər Nazirliyi, İran hökumətinə nota verib. Bundan sonra Məmmədsadıq Xülusi Tehrana sürgün olunub. Bir müddət sonra yenidən Təbrizə qayıdıb və illərlə mübarizə aparıb.
1936-cı ildən sonra Türkiyəyə mühacirət edib və ömrünün sonunadək Azərbaycan Milli Mərkəzində fəaliyyət göstərib.
Haqqında
İlk illəri 198x198px|thumb|left|1920-ci illər. Məmmədsadıq Həşim oğlu Quluzadə Bakıda yaşayıb. Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində əsir düşərək Nargin adasında yerləşən əsir düşərgəsində saxlanılan Osmanlı əsgərlərinin qaçırılması əməliyyatlarının təşkilatçılarından biri olub.
Azərbaycan Cümhuriyyəti dövründə Bakı Politexnik məktəbində təhsil alıb. 1919-cu ildə Bakı Politexnik məktəbinin Tələbə İcraiyyə Komitəsinin sədri seçilib.
1920-ci il aprelin 27-də Cəfər Cabbarlının şəhərin kənarında yerləşən mənzilində Cəfər Cabbarlı, Əbdül Vahab Məmmədzadə, Mirzə Bala Məmmədzadə, Məhəmmədhəsən Baharlı və Məmmədsadıq Quluzadənin iştirakı ilə andiçmə mərasimi keçirilib və Müsavat Partiyasının gizli təşkilatının Ümumi Mərkəzi təsis edilib. Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə Mirzə Bala Məmmədzadə təşkilatın sədri, Cəfər Cabbarlı isə baş katibi seçilib. Köhnə müsavat komitələrini canlandırmaq və yenilərini qurmaq vəzifəsi isə Məmmədsadıq Quluzadəyə tapşırılıb.
1920-ci il aprelin 29-da keçmiş Bakı Şəhər Dumasının binasında təxminən 300 müsavatçının iştirakı ilə ümumi iclas keçirilib. İclasda 15 nəfərdən ibarət Mərkəzi Komitə formalaşdırılıb. Məmmədsadıq Quluzadə Mərkəzi Komitənin üzvü və təşkilat katibi seçilib. 1923-cü ildə Gizli Müsavatın tərkibində fəaliyyət göstərən Hərbi Təşkilatın sədri olub. Hərbi Təşkilatın məqsədi silahlı üsyana hazırlıq görmək, keçmiş Azərbaycan ordusunun zabitlərini bir araya gətirmək və müstəqilliyin bərpası üçün hərbi baza formalaşdırmaq idi.
1923-cü il iyunun 14-dən 15-nə keçən gecə sovet hakimiyyəti tərəfindən 15 siyasi xadim, yazıçı və jurnalist həbs edilib. Həbs olunanlar arasında Əbdül Vahab Məhəmmədzadə, Cəfər Cabbarlı, Seyid Hüseyn Sadıq, Novruz Ağazadə, Rəhim Vəkilov, Kərbəlayı Vəli Mikayılzadə, Nəriman bəy Nərimanbəyli, Həsən Kərbəla və Məmmədsadıq Quluzadə də olub.
Mühacirətdə 224x224px|thumb|Xülusinin 1928-ci ildə M. Ə. Rəsulzadəyə göndərdiyi şəklin arxasında yazdıqları: "Böyük arkadaş və mürşidimiz Məhəmmədəmin həzrətlərinə qarşılıqlı olmaq üzərə Parisdə qazanmış olduğu qələbə münasibətilə təqdim ediyorum. Təbriz, 29 avqust 1928."1925-ci ildə İrana mühacirət edib. Aprel işğalından sonra xaricdəki müsavatçıların fəaliyyətini əlaqələndirmək məqsədilə 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Müsavat Partiyasının Xarici Bürosu yaradılmışdı. Məmmədsadıq Quluzadə əvvəlcə həmin büronun Təbriz Komitəsinin üzvü, 1927-ci ildə Mirzə Bala Məmmədzadə Türkiyəyə köçdükdən sonra büronun Təbriz Komitəsinin sədri olub. O, eyni zamanda Müsavat Partiyasının Divan üzvü kimi fəaliyyət göstərib. 1926-cı ildən Təbrizdə yaşayıb və Azərbaycan Milli Mərkəzinin nümayəndəsi olub.
1930-cu il mayın 24-də SSRİ Xarici İşlər Nazirliyi İran hökumətinə nota təqdim edib. Notada Təbriz, Ərdəbil və Astarada müsavatçıların, xüsusilə Məmmədsadıq Xülusinin rəhbərliyi altında aparılan antisovet fəaliyyətindən narahatlıq ifadə olunub. SSRİ tərəfi Güney Azərbaycanda fəaliyyət göstərən Müsavat təşkilatlarının rəhbər və fəallarının bölgədən çıxarılaraq İranın cənub bölgələrinə sürgün olunmalarını tələb edib. Bu tələblərdən sonra 1931-ci ildə İran hökuməti Güney Azərbaycanda Müsavat təşkilatlarının fəaliyyətini qadağan edib, təşkilatın bir sıra fəal üzvlərini isə Xuzistan əyalətinə sürgün edib. Məmmədsadıq Xülusi isə Tehrana sürgün olunub.
Məmmədsadıq Quluzadə bir müddət Tehranda qaldıqdan sonra sürgündən qaçaraq yenidən Təbrizə qayıtmış və Müsavat Partiyasının Təbriz komitəsinin fəaliyyətini bərpa etməyə çalışmışdır. Onun rəhbərliyi dövründə komitə Azərbaycanda Sovet işğalına qarşı baş verən üsyan və müqavimət hərəkatlarının əlaqələndirilməsində mühüm rol oynamışdır. Komitənin təşəbbüsü ilə Azərbaycana keçərək sovet işğalına qarşı vuruşmaq üçün, bölgədə yaşayan yerli əhalidən ibarət xüsusi silahlı dəstələr təşkil edilmişdi.
1936-cı ilin avqustunda Varşavada keçirilən Müsavat Partiyasının konfransına dəvət olunmuş 14 nümayəndədən biri olub. Lakin müxtəlif texniki səbəblərə görə konfransda iştirak edə bilməyib.
1936-cı ildən sonra Türkiyəyə mühacirət edib və Azərbaycan Milli Mərkəzində fəaliyyət göstərib. Türkiyədə "Mehmet Hulusi" kimi tanınıb. 1945-ci ildə Dənizli şəhərində vəfat edib.
Ailəsi Məmmədsadıq bəyin atası Hacı Həşim bəy Quliyev 1918-ci ildə ermənilərlə danışıqlarda iştirak edərkən güllələnib.
Məmmədsadıq bəyin Azər adlı qızı olub. Azər Sinanoğlu 1945–1952-ci illərdə Ankara radiosunda, 1952–1956-cı illərdə isə Londonda BBC radiosunda işləyib. Daha sonra isə Strasburqa köçüb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Siyasi mühacirlər Kateqoriya:Siyasi məhbuslar Kateqoriya:Türkiyə azərbaycanlıları