Polşa yeraltı dövləti () — İkinci Dünya müharibəsi illərində Almaniya və Sovet qoşunları tərəfindən işğal olunmuş Polşa ərazisində fəaliyyət göstərən, vahid gizli dövlət qurumu şəklində birləşmiş yeraltı hərbi, siyasi və mülki təşkilatları ifadə edən termindir.

Polşa yeraltı dövlətinin məqsədi müttəfiq qoşunlarının Polşaya yaxınlaşdığı anda keçirilməsi planlaşdırılan ümumxalq üsyanına hazırlıq idi. "Polşa yeraltı dövləti" termini ilk dəfə 13 yanvar 1944-cü ildə gizli nəşr olunan Biuletyn Informacyjny adlı yeraltı dövri nəşrdə işlədilmişdir.

Tarixi 1939-cu ilin sentyabrında, Almaniyanın Polşanı işğal etməsindən və Polşanın tərkibində olmuş Qərbi Ukrayna və Qərbi Belarusun SSRİ-yə birləşdirilməsindən qısa müddət sonra müxtəlif yeraltı təşkilatlar kortəbii şəkildə yaranmağa başladı. Artıq 1939-cu ilin sonuna ölkədə bir neçə yüz yeraltı hərbi və mülki təşkilat fəaliyyət göstərirdi.

1939-cu il sentyabrın 27-də Polşa Silahlı Qüvvələrinin Ali Baş Komandanı Edvard Rıdz-Smiqlı tərəfindən Alman və Sovet qoşunlarının işğalı altında qalan Polşa ərazisində saxlanılmış bir qrup yüksək rütbəli zabit «Polşanın Qələbəsi Uğrunda Xidmət» adlı gizli hərbi təşkilatı yaratdı. Təşkilata general Mixal Tokaşevski-Karaşeviç rəhbərlik edirdi. O, 1940-cı ilin martında yeni Almaniya–SSRİ sərhədini keçməyə cəhd edərkən Lvovda NKVD tərəfindən həbs olundu. 1939-cu il noyabrın 13-də, sürgündə fəaliyyət göstərən Polşa hökuməti ilə razılaşdırıldıqdan sonra «Polşanın Qələbəsi Uğrunda Xidmət» ləğv edildi və onun əvəzinə «Silahlı Mübarizə İttifaqı» (Związek Walki Zbrojnej) yaradıldı. Təşkilatın rəhbərliyi iki şəxs arasında bölüşdürüldü: Kazimej Sosnkovski Sovet işğal zonası üzrə, Stefan Rovetski isə Alman işğal zonası üzrə məsul təyin edildi. 1940-cı ilin iyununda Stefan Rovetski hər iki işğal zonasına rəhbərlik etmək səlahiyyəti aldı. 1942-ci ildə isə «Silahlı Mübarizə İttifaqı» yenidən təşkil edilərək Krayova Ordusu adlandırıldı.

1939-cu ilin dekabrında sürgündəki Polşa hökuməti tərəfindən Milli Şura (pol. Rada Narodowa) yaradıldı. 1940-cı ilin əvvəlində üç əsas siyasi partiyanın nümayəndələri – PPS (PPS – Azadlıq, Bərabərlik, Müstəqillik adı ilə fəaliyyət göstərirdi), SN (pol. Stronnictwo Narodowe – Milli Partiya) və SL (pol. Stronnictwo Ludowe – Xalq Partiyası) – görüş keçirdilər. Bu partiyalar Milli Şuraya daxil olaraq Siyasi Məşvərət Komitəsi (pol. Polityczny Komitet Porozumiewawczy – PKP) adlı gizli parlament yaratdılar. Sonralar bu parlamentə Polşaya Xidmət Partiyası (SP) və kiçik siyasi partiyalar, həmçinin Demokratik Partiya (pol. Stronnictwo Demokratyczne – SD) da qoşuldu.

İkinci Dünya müharibəsinin sonuna yaxın bu parlament Milli Birlik Şurası adlandırılmağa başladı. Onun nümayəndəsi “Azadlıq, Bərabərlik, Müstəqillik” partiyasından Kazimej Pujak idi.

1940-cı ildə Polşa üzrə Hökumət Nümayəndəliyi (Delegatura Rządu na Kraj) yaradıldı. Bu qurum Polşa Yeraltı Dövləti ilə sürgündəki Polşa hökuməti arasında əlaqələndirici rolunu oynayırdı. Baş nazir statusunda ilk hökumət nümayəndəsi Kirill Ratajski oldu. Nümayəndəlik nazirliklərə uyğun gələn departamentlərdən ibarət bir struktur idi. Polşa Yeraltı Dövlətinin bütün institutları fəaliyyətlərini İkinci Polşa Respublikasının inzibati-ərazi bölgüsünə uyğun şəkildə həyata keçirirdi. Polşa Yeraltı Dövlətinin strukturundan kənarda bəzi millətçi, sosialist və kommunist gizli təşkilatlar fəaliyyət göstərirdi. 1942-ci ildə polyak millətçilərinin bir hissəsi Milli Silahlı Qüvvələr (Narodowe Siły Zbrojne) adlı təşkilat yaratdı. Bu təşkilatın da öz mülki idarəetmə strukturu var idi.

1942-ci il yanvarın 5-də polyak kommunistləri Varşavada Polşa Fəhlə Partiyasını yaratdılar. Partiyanın Xalq Qvardiyası adlı silahlı qanadı fəaliyyət göstərirdi. Kommunistlər Moskvadan gələn göstərişlərə uyğun hərəkət edir və sürgündəki Polşa hökumətinə qarşı çıxırdılar. ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Çörçill Polşanın Qırmızı Ordunun fəaliyyət zonasına daxil olduğunu qəbul etmişdilər; bu məsələ hələ Antihitler koalisiyası liderlərinin Tehran konfransında razılaşdırılmışdı. Stalin, Ruzvelt və Çörçill Polşanın şərq sərhədlərinin təxminən Kerzon xətti boyunca keçməsi barədə razılığa gəlmişdilər.Tony Sharp. The origins of the 'Teheran formula' on Polish frontiers (англ.) // Journal of Contemporary History[англ.] : journal. — 1977. — https://www.jstor.org/stable/260222

Dərc olunmuş sənədlər göstərir ki, müharibə şəraitində həm Ruzvelt, həm də Çörçill SSRİ-nin yeraltı müqavimət hərəkatının düşmən hesab edilən fəaliyyətlərinin qarşısını almaq hüququnu tanımışdılar.

Buna baxmayaraq, sürgündəki Polşa hökuməti, eləcə də Polşa ərazisində fəaliyyət göstərən Polşa Yeraltı Dövləti və Daxili Ordu rəhbərliyi faktiki vəziyyətə rəğmən rəsmi olaraq Qərb müttəfiqlərinin dəstəyi ilə Polşanın müharibədən əvvəlki şərq sərhədlərini, həmçinin Zaolzye, Orava və Spiş bölgələrini qoruyub saxlamaq, bununla yanaşı qərb və şimal istiqamətlərində yeni ərazilər əldə etmək siyasətini davam etdirirdilər.

Daxili Ordu və onu dəstəkləyən əhalinin bir hissəsi bu siyasi konsepsiyanın girovuna çevrilmişdi. Sürgündəki hökumətin və ona tabe olan strukturların bu ərazi iddialarını həyata keçirmək üçün nə hərbi, nə də siyasi baxımdan real resursları var idi. Sürgündəki hakimiyyət və ölkə daxilində ona tabe olan strukturların rəhbərləri beynəlxalq arenadakı təsir imkanlarını açıq şəkildə olduğundan artıq qiymətləndirirdilər.

İstinadlar

Kateqoriya:1939-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1945-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Polşa tarixi