Hüceyrə qişası kompleksi — Bakteriyanın daxili hüceyrə membranından və hüceyrə divarından ibarətdir. Qram-mənfi bakteriyalarda əlavə olaraq xarici membran da bu quruluşa daxildir. Mollikutes sinfinə aid bakteriyalarda isə hüceyrə divarı olmadığından hüceyrə örtüyü mövcud deyildir.
Bakterial hüceyrə örtükləri iki əsas kateqoriyaya bölünür: Qram boyanması zamanı bənövşəyi rəng alan qram-müsbət tip və çəhrayı rəng alan qram-mənfi tip. Hər iki tip əlavə qorunma təmin edən polisaxarid kapsulla əhatə oluna bilər. Bu bakteriyalar birlikdə polisaxarid kapsullu bakteriyalar kimi tanınırlar.IC Sutcliffe, DJ Harrington.Lipoproteins of mycobacterium tuberculosis: an abundant and functionally diverse class of cell envelope components. FEMS Microbiology Reviews 28 (2004) 645-759
Funksiya Digər canlılarda olduğu kimi, bakterial hüceyrə divarı da hüceyrənin struktur bütövlüyünü təmin edir. Prokariotlarda hüceyrə divarının əsas funksiyası hüceyrənin daxilində zülalların və digər molekulların xarici mühitlə müqayisədə daha yüksək konsentrasiyada olması nəticəsində yaranan daxili turqor təzyiqindən hüceyrəni qorumaqdır.
Bakterial hüceyrə divarı bütün digər orqanizmlərin hüceyrə divarlarından peptidoqlikanın (poli-N-asetilqlükozamin və N-asetilmuramik turşu) mövcudluğu ilə fərqlənir. Peptidoqlikan sitoplazmatik membranın dərhal xaricində yerləşir. O, bakterial hüceyrə divarının sərtliyinə və hüceyrə formasının müəyyən edilməsinə cavabdehdir.
Peptidoqlikan nisbətən məsaməlidir və kiçik substratlar üçün keçiricilik baryeri hesab edilmir. Bir neçə istisna (məsələn, Mukoplasma kimi hüceyrədaxili parazitlər) xaric olmaqla, bütün bakterial hüceyrə divarlarında peptidoqlikan mövcuddur. Lakin bütün hüceyrə divarları eyni ümumi quruluşa malik deyildir. Bu fərq xüsusilə bakteriyaların qram-müsbət və qram-mənfi qruplara bölünməsində özünü göstərir.Chopra I, Storey C, Falla TJ, Pearce JH. Antibiotics, peptidoglycan synthesis and genomics: the chlamydial anomaly revisited. Microbiology. 1998 144 ( Pt 10):2673-8.
Növləri Qram-müsbət hüceyrə divarı
Qram-müsbət hüceyrə divarı çox qalın peptidoqlikan qatının olması ilə xarakterizə olunur. Məhz bu qat Qram boyanması proseduru zamanı kristal bənövşəyi boyanın saxlanılmasına səbəb olur.
Bu tip hüceyrə divarı yalnız Aktinomycetota (yüksək G+C tərkibli qram-müsbət orqanizmlər) və Bakillota (aşağı G+C tərkibli qram-müsbət orqanizmlər) şöbələrinə aid bakteriyalarda müşahidə edilir. Deinokokkota qrupuna aid bakteriyalar da qram-müsbət boyanma xüsusiyyəti göstərə bilərlər, lakin onların hüceyrə divarlarında qram-mənfi bakteriyalara xas bəzi strukturlar mövcuddur.
Qram-müsbət hüceyrə divarına teixoy turşuları adlanan polialkoqollar yerləşmişdir. Bunların bir hissəsi lipidlərlə birləşərək lipoteixoy turşularını əmələ gətirir. Lipoteixoy turşuları sitoplazmatik membrandakı lipidlərlə kovalent əlaqədə olduqları üçün peptidoqlikanın sitoplazmatik membrana bağlanmasını təmin edirlər.
Teixoy turşularının monomerləri arasında fosfodiester rabitələrinin olması qram-müsbət hüceyrə divarına ümumi mənfi yük verir.Hatch TP. Disulfide cross-linked envelope proteins: the functional equivalent of peptidoglycan in chlamydiae? J. Bacteriol. 1996 178:1–5.
Hüceyrə divarının xaricində bir çox qram-müsbət bakteriyada “kirəmitvari” düzülmüş zülallardan ibarət S-qatı mövcuddur. S-qatı bakteriyanın səthlərə yapışmasına və biofilm əmələ gətirməsinə kömək edir.
S-qatının xaricində çox vaxt polisaxarid kapsul yerləşir. Kapsul bakteriyanın sahib orqanizmin faqosit hüceyrələrindən yayınmasına kömək edir. Laboratoriya şəraitində yetişdirilmə zamanı müsbət seçmə təzyiqi olmadıqda S-qatı və kapsul çox vaxt reduktiv təkamül nəticəsində itirilir.
Qram-mənfi hüceyrə divarı
Qram-mənfi hüceyrə divarında sitoplazmatik membranın yaxınlığında yerləşən nazik peptidoqlikan qatı vardır. Bu qat qram-müsbət bakteriyalardakı qatla müqayisədə daha nazikdir və buna görə də Qram boyanması zamanı etanolla rəngsizləşdirmədən sonra kristal bənövşəyi boyanı saxlaya bilmir.
Peptidoqlikan qatından əlavə, qram-mənfi hüceyrə divarında fosfolipidlərdən və lipopolisaxaridlərdən ibarət əlavə xarici membran mövcuddur. Bu membran xarici mühitə doğru yönəlmişdir.
Lipopolisaxaridlərin yüksək yüklü olması qram-mənfi hüceyrə divarına ümumi mənfi yük verir. Xarici membranın lipopolisaxaridlərinin kimyəvi quruluşu çox vaxt müəyyən bakteriya ştammlarına və ya yarımnövlərinə xas olur və həmin ştammların bir çox antigen xüsusiyyətlərini müəyyən edir.
Fosfolipid ikiqat qatı olduğuna görə xarici membranın lipid hissəsi yüklü molekulların əksəriyyəti üçün keçirilməzdir. Bununla belə, xarici membranda porin adlanan kanallar mövcuddur. Bu kanallar bir çox ionların, şəkərlərin və amin turşularının xarici membran vasitəsilə passiv daşınmasına imkan verir.
Bu maddələr plazma membranı ilə xarici membran arasında yerləşən periplazmada toplanır. Periplazma peptidoqlikan qatını və substratların bağlanmasına, hidrolizinə və hüceyrədənkənar siqnalların qəbuluna cavabdeh olan çoxsaylı zülalları ehtiva edir.
Tərkibində yüksək miqdarda zülal və peptidoqlikan olduğuna görə periplazmanın mayedən daha çox geləbənzər vəziyyətdə olduğu hesab edilir. Sitoplazmatik membran ilə xarici membran arasında yerləşdiyinə görə qəbul edilən siqnallar və bağlanan substratlar burada yerləşən nəqliyyat və siqnal zülalları vasitəsilə sitoplazmatik membranı keçərək hüceyrə daxilinə daşına bilirlər.
Təbiətdə becərilməsi mümkün olmayan bir çox qram-mənfi bakteriyalarda da S-qatı və kapsul mövcuddur. Laboratoriya şəraitində becərilmə zamanı bu strukturlar çox vaxt itirilir.
Mikobakteriyalar
Mukobakteria (turşuya davamlı bakteriyalar) nə qram-müsbət, nə də qram-mənfi bakteriyalara xas olan tipik hüceyrə örtüyünə malikdir. Mikobakterial hüceyrə örtüyündə qram-mənfi bakteriyalara xas xarici membran yoxdur. Bunun əvəzinə peptidoqlikan–arabinoqalaktan–mikol turşusu kompleksindən ibarət xüsusi divar quruluşu mövcuddur ki, bu da xarici keçiricilik baryeri rolunu oynayır. Bu səbəbdən sitoplazmatik membran ilə xarici baryer arasında “psevdoperiplazma” adlanan ayrıca bir sahənin mövcud olduğu düşünülür. Lakin bu sahənin təbiəti hələ tam aydınlaşdırılmamışdır.
Mukobakteria kimi turşuya davamlı bakteriyalar boyama prosedurları zamanı turşularla rəngsizləşdirməyə qarşı davamlıdırlar. Mikobakteriyalarda mikol turşularının yüksək miqdarda olması əvvəlcə boyanın zəif sorulmasına, sonradan isə güclü saxlanılmasına səbəb olur.
Turşuya davamlı bakteriyaların müəyyən edilməsində ən geniş istifadə olunan üsul Ziel–Neelsen boyanması və ya turşuya davamlı boyama üsuludur. Bu üsul zamanı turşuya davamlı çöplər parlaq qırmızı rəng alır və mavi fon üzərində aydın şəkildə seçilirlər.
Peptidoqlikan hüceyrə divarı olmayan bakteriyalar Xlamudiacea fəsiləsinə aid məcburi hüceyrədaxili bakteriyalar morfoloji baxımdan unikaldırlar, çünki onların infeksion formalarının hüceyrə divarında aşkar edilə bilən miqdarda peptidoqlikan yoxdur. Bu qram-mənfi bakteriyaların hüceyrədənkənar formaları struktur bütövlüyünü sitoplazmatik membran ilə xarici membran arasında yerləşən, disulfid rabitələri ilə çarpaz bağlanmış sisteinlə zəngin zülal qatının hesabına qoruyur. Bu qat digər qram-mənfi bakteriyalardakı peptidoqlikan qatına funksional baxımdan bənzəyir. Bakteriyanın hüceyrədaxili formalarında isə bu disulfid çarpaz əlaqələri mövcud deyildir. Buna görə də həmin forma mexaniki cəhətdən daha kövrək olur. Mollikutes sinfinə aid bakteriyaların hüceyrə örtüyündə hüceyrə divarı yoxdur. Bu sinfin əsas patogen nümayəndələri Mukoplasma və Ureaplasma cinslərinə aid bakteriyalardır. L-formalı bakteriyalar isə normal şəraitdə hüceyrə divarına malik olan bakteriyalardan yaranmış, lakin sonradan hüceyrə divarını itirmiş bakteriya ştammlarıdır.
İstinadlar
Kateqoriya:Bakteriyalar Kateqoriya:Hüceyrələr