Məhəmməd Cəfərov və ya Kudalı Məhəmməd (avarca: ЖахӀпарилазул МухӀамад, rusca: Магомед Джафаров; ) — Rusiya İmperiyasının avar əslli polkovniki, Birinci Dünya müharibəsinin qəhramanı, Dağlılar Respublikasında alay komandiri, Dağlılar Respublikası tərkibində Çeçenistanın rəhbəri, 1918-ci il Xırdalan döyüşündə komandirlərdən biri.

Həyatı Məhəmməd Cəfərov 1 aprel 1884-cü ildə Dağıstanın Qunib rayonunun əsasən avarların yaşadığı Kudalı (Kudalib) kəndində anadan olub. Atası Hacı Cəfər Cəfər oğlu Rusiya çar ordusunun və 1913-cü ildən milisinin kapitanı, ata babası isə İmam Şamilin naibi olub. Cəfər Hacının 3 arvadı və 9 övladı olub.

1890-cı ildə atası iki oğlunu — Məhəmməd və Şapini təhsil məqsədilə Temir-xan-Şuraya Real Məktəbə (Uçilişeyə) göndərib.

Məzun olduqdan sonra Məhəmməd Qafqaz Yerli Atlı Diviziyanın tərkibindəki 2-ci Dağıstan Atlı Alayında Süvari kimi hərbi xidmətə başlayıb. O, 2 dekabr 1905-ci ildə Rus-Yapon müharibəsi zamanı göstərdiyi şücaətə görə 4-cü Dərəcəli Georgi Xaçı ilə təltif edilib. Bu müharibədən sonra Məhəmməd yunker rütbəsində Yelisavetqradda yerləşən Süvarilər Məktəbinə (Kavaleriya Uçilişesinə) göndərilib.

1907-ci ildə həmin məktəbi bitirdikdən sonra Məhəmməd Xorunji rütbəsi ilə Baykalaşırı ərazidə yerləşən Kozak Nerçin Alayına göndərilib. Birinci Dünya müharibəsi başlayanda Məhəmməd 1-ci Dağıstan Atlı Alayına göndərilib.

Birinci Dünya müharibəsi başlayanda M. Cəfərov 1-ci Dağıstan Atlı Alayında porutçik vəzifəsinə təyin olunub. Sonra o 3-cü Qafqaz Ordu Korpusunun Konvoy rəisi təyin edilib və general V. İ. İrmanov (alman əsilli Rusiya generalı) tərəfindən 2-ci dərəcəli qılınclı Müqəddəs Anna Ordeni ilə təltif edilməsi üçün təqdim edilib və təltif olunub. Bu zamana qədər onun artıq aşağıdakı təltifləri mövcud idi:

"İgidliyə görə" 4-cü dərəcəli Müqəddəs Anna Ordeni (1915); 4-cü dərəcəli qılınclı və bantlı Müqəddəs Vladimir Ordeni (1915); 3-cü dərəcəli qılınclı və bantlı Müqəddəs Anna Ordeni (1914); 2-ci dərəcəli qılınclı Müqəddəs Stanislav Ordeni (1914); Müqəddəs Georgi silahı; digər hərbi təltiflər.

Cəfərov Məhəmməd Nuh bəy Tarkovski, Nəcməddin Qotsinski, Cəlaləddin Qorxmazov, Məhəmmədəli Daxadayev kimi şəxsiyyətləri və o dövrün digər məşhur insanlarını yaxşı tanıyırdı. Cib-Cib dəstəsi (Dağıstanda fəaliyyət göstərən partizan birliyi) o dövrdə Məhəmmədi öz tərəfinə çəkmək istəyib, çünki Məhəmməd bacarıqlı hərbçi, istedadlı komandir olub. Məhəmmədali Daxadayev Məhəmməd Cəfərovu öz yanına dəvət etsə də, Məhəmməd imtina edib. Dağlılar Respublikası Məhəmmədi öz Silahlı Qüvvələrinə dəvət etsələr də, bir müddətdən sonra o, bu dəvətdən də imtina edib. Məhəmməd bir zamanlar Nəcməddin Qotsinskinin tərəfindən olsa da, sonralar onu da tərk edib.

Məhəmməd Cəfərov Rusiya İmperiyası dağılanda (1917) Dağlılar Respublikasının silahlı qüvvələrində alay komandiri kimi polkovnik (albay) rütbəsində xidmət edib və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gələn hərbi birləşmədə alay komandiri kimi iştirak edib.

1918-ci ildə türklər Dağıstanı tərk etdikdə, Dağlılar Respublikasının hökuməti Məhəmməd Cəfərovu Çeçenistanın başçısı və Çeçenistan ordusunun başçısı təyin edilib. O dövrdə Denikinin ordusu Çeçenistanın Sunja bölgəsində olsa da, Məhəmməd Cəfərovun rəhbərlik etdiyi ordu Denikinçilərin Çeçenistanın dərinliklərinə daxil olmasının qarşısını alıb. Bundan sonra Anton Denikin Məhəmməd Cəfərovla görüşündə əsəbi şəkildə "Sızı edam ipi gözləyir" deyib.

Daha sonra Məhəmməd Cəfərov Tsaritsində 1-ci Dağıstan alayının komandiri kimi Ağ ordu hissələri döyüşüb. Döyüşdən sonra alay Dağıstana geri qayıdıb.

Böyük Britaniyanın bölgədəki elçisi, polkovnik Henri Rovvlinson Məhəmməd Cəfərov yüksək vəzifə verilməsi üçün Hindistana dəvət edib, lakin Məhəmməd Qafqazda daha çox lazım olduğunu bildirərək, təklifi rədd edib.

Lakin Məhəmmədin talehi faciəvi bitib. Belə ki, Sovet hakimiyyətinin qələbəsindən sonra o, həbs edilib.

13.11.1933-cü ildə M. Cəfərov troyka (3 baş zabitlərdən ibarət səyyar hərbi məhkəmə) tərəfindən ölüm cəzasına məhkum edilib.

3 noyabr 1937-ci ildə Məhəmməd Cəfərov RSFSR-in Şərqi-Sibir diyarının Novosibirsk şəhəri yaxınlığındakı Siblaq adlanan əmək-islah düşərgəsində, onunla birlikdə həbsxanada saxlanılan 16 nəfərlə birlikdə güllələnib.

Ailəsi güllələnmə ilə razılaşmayıb və dəfələrlə Sovet İttifaqının məhkəmə orqanlarına müraciətlər edilib. Nəticədə, Dağıstan Sovet Sosialist Respublikasının Ali Məhkəməsi Prezidimunun 30.11.1979-cu il tarixli Qərarı ilə troykanın 13.11.1933-cü il tarixli hökmü qanunazidd hesab edilərək ləğv edilib və M. Cəfərov barəsində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət qərarı verilib.

Xırdalan döyüşündə iştirakı 1918-ci il Mart soyqırımından sonra Nəcməddin Qotsinski Azərbaycanın dinc müsəlman əhalisini qorumaq üçün hərbi yürüş təşkil edib. Yürüşdə Dağıstan qoşunlarının hissələri və könüllülər iştirak ediblər. Döyüşdən əvvəl döyüşçülərin əhval-ruhiyyəsi yüksək qiymətləndirilib.

Qotsinskinin Dağıstan müsəlmanlarına müraciətində deyilib: "Daşnaklar Azərbaycanda müsəlmanları qırırlar. Müsəlmanlar qətlə yetirildiyi bir vaxtda müsəlmanlar buna laqeyd qala bilməzlər… Azərbaycan xalqının problemlərini biz polad xəncərlə həll edəcəyik". Bəzi mənbələrə görə, Azərbaycana köməyə gələnlərin ümumi sayı 5 min nəfər olub.

Azərbaycana gələn yolda qumıq, tabasaran, ləzgi könüllüləri və digərləri Qotsinskinin dəstələrinə qoşulurdular.

Dağıstan hərbi birləşmələrinin Azərbaycanın paytaxtı istiqamətində irəliləməsi gedişində Quba, Xaçmaz və Dəvəçidə yerli hərbi hissələr də onlara qoşulurdu. Qotsinskinin dəstələri Bakı şəhərindən 10 km məsafədə yerləşən Xırdalan stansiyası yaxınlığında döyüş mövqelərini tutdular. Burada polkovnik Məhəmməd Cəfərov və D. Musayevin rəhbərlik etdiyi daha iki Dağıstan alayı və könüllülər onlara qoşulub.

Bakı İnqilabi Müdafiə Komitəsinin 7 aprel 1918-ci il tarixli məlumatına görə, N. Qotsinskinin süvari və piyada dəstələri Biləcəri və Bakı istiqamətində hücuma keçib. Aprelin 7–8-də Xırdalan stansiyası yaxınlığında Qotsinskinin dəstələri ilə Qırmızı Ordu arasında şiddətli döyüşlər getsə də, 10 aprel 1918-ci ildə Qotsinskinin dəstələri məğlub olaraq Dərbəndə geri çəkilməyə məcbur olublar.

Ailəsi Məhəmmədin həyat yoldaşı Yelena Qoqoberidze ilə o Termir-Xan-Şurada tanış olub.

İstinadlar