Əbül-Əsbəğ Əbdüləziz ibn Mərvan ibn Həkəm əl-Üməvi (; ) — Mərvan ibn Həkəmin oğlu, Ömər ibn Əbdüləzizin atası. Əməvilərin Misir valisi.

Həyatı Mədinədə anadan olub. Atası Mərvan, anası isə Bənu Kəlb qəbiləsinə mənsub olan Leyla bint Zəbbandır.

II Müaviyənin ölümündən sonra Cəbiyədə xəlifə seçilən Mərvan, vəliəhd olan Xalid ibn Yezid ilə Əmr ibn Səidi azad edərək onların yerinə oğulları Əbdülməlik ilə Əbdüləzizi (ikinci vəliəhd) təyin etdi.

684-cü ilin oktyabr ayının ortalarında Misiri ələ keçirən Mərvan ibn Həkəm yanındakı oğlu Əbdüləzizi buraya vali təyin etdi. Mərvanın ölümündən sonra xəlifə olan Əbdülməlik də atasının tövsiyəsinə əməl edərək qardaşı Əbdüləzizi vəzifəsində saxladı. Beləliklə, Əbdüləziz ölümünə qədər iyirmi ildən artıq bir müddət Misir valisi oldu.

Hicri 69-cu (688–89) ildə Əbdülməliklə görüşmək üçün Dəməşqə getdiyi zaman xəlifəyə üsyan etmiş Əmr ibn Səidi öldürmək ona tapşırıldı. Lakin o, xəlifənin bu əmrini yerinə yetirməkdən çəkindiyi kimi, öldürülmüş Əmr ibn Səidin yaxınlarının da bağışlanmasını təmin etdi. Növbəti il başlayan vəba epidemiyası zamanı Fustatı tərk etdi. Nil sahilindəki Hulvanda məskunlaşaraq burada evlər, köşklər və məscidlər tikdirdi və bölgəni abadlaşdırdı.

Xəlifə Əbdülməlik öz oğulları Vəlid və Süleymanı vəliəhd təyin etmək istədikdə, atası tərəfindən daha əvvəl ikinci vəliəhd təyin edilmiş Əbdüləziz buna qəti şəkildə qarşı çıxdı və bu səbəbdən iki qardaşın münasibətləri pisləşdi. Xəlifənin bəzi yaxınları da bu təklifə qarşı çıxaraq xəlifəni tərəddüddə saxladılar. Lakin Əbdüləziz çox sevdiyi oğlu Əsbəğin ölümündən sonra xəstələndi və on altı gün sonra Hulvanda vəfat etdi. Onun cənazəsi Fustətə aparılaraq orada dəfn edildi. Bundan sonra Əbdülməlik oğlu Vəlidi vəliəhd təyin etdi.

Valilik dövrü

Hərbi əməliyyatlar Əbdüləziz ibn Mərvan Misir valisi olduğu zaman, əvvəlcə mərkəzdən kifayət qədər qüvvə ala bilmədiyi üçün Şimali Afrikaya qarşı hər hansı bir hərbi əməliyyata başlaya bilməmişdi. Lakin Züheyr ibn Qeys komandanlığı altında yaradılan ordunun Şimali Afrikadakı uğurlarından sonra bu dəfə Bizans yenidən hücuma keçərək 695-ci ildə müsəlmanları məğlub etdi. Züheyr ibn Qeys də həlak oldu.

Bundan istifadə edən bərbərlər üsyan qaldırdılar. Lakin aralarında yaranan fikir ayrılığı onların Qeyrəvandakı islam qüvvələrinə zərər verməsinə mane oldu. Şimali Afrikadakı bu hadisələrdən sonra Əbdüləziz ibn Mərvan xəlifə Əbdülməlikdən yardım istədi.

Xəlifə Həssan ibn Numan əl-Qəssaninin komandanlığı altında böyük bir ordu göndərdi. Həssan bizanslıların əlində olan Karfageni ələ keçirdi. Bu arada bərbərləri ətrafına toplayan Kahinə adlı qadınla mübarizə aparan Həssan ibn Numan Karfagenin yenidən hücuma keçən Bizans qüvvələrinin əlinə keçməsinin qarşısını ala bilmədi.

Lakin əlavə qüvvələrin gəlməsi ilə Bizan qarşı mübarizə apararaq onları Karfagendən Kritə çəkilməyə məcbur etdi. Daha sonra Kahinəyə qarşı mübarizə aparan Həssan 702-ci ildə onu öldürməyə nail oldu. Bu hadisədən sonra bərbərlər müsəlman oldular. Beləliklə, Şimali Afrika islam hakimiyyəti altına keçdi.

Həssan ibn Numan bərbərlərlə apardığı müharibə zamanı çoxlu əsir götürmüşdü. Bu əsirləri Əbdüləzizə göndərdi. Şair Əbu Mihcən bu barədə belə deyir:

Əbdüləziz Həssan ibn Numandən sonra Şimali Afrikaya Musa ibn Nüseyrini vali təyin etdi. Əbdüləzizin ölümündən sonra Musa ibn Nüseyr Əbdülməlik və Vəlid dövrlərində də Şimali Afrika valisi vəzifəsində qaldı.

Tikinti-bərpa işləri Əbdüləziz ibn Mərvan iyirmi ildən artıq idarə etdiyi Misirdə hərbi yürüşlərlə yanaşı, müxtəlif tikinti-bərpa işləri də həyata keçirmişdir:

Nil çayının su səviyyəsini müəyyən etmək üçün ölçü qurğuları (miqyaslar) tikdirdi. Əmr ibn Əs məscidinə bəzi əlavələr edərək genişləndirdi. Əmir əl-möminin kanalı üzərində, Əmr əl-Qəsva yaxınlığında Fustat tərəfə bir körpü tikdirdi və öz adını onun üzərinə həkk etdirdi. Hulvanı özünə mərkəz etdi və Beytül-maldakı vəsaitləri buraya köçürdü. Hulvanda hovuz tikdirdi və bulaqlardan gətirdiyi su ilə onu doldurdu. Suyun gətirilməsi üçün asma körpülərdən istifadə etdirdi. Hulvanda məscid və böyük binalar tikdirdi. Fustat şəhərində oğlu Zəbbənin adına bir hamam tikdirdi. Hamamın qarşısına şüşədən bir qadın heykəli qoydurdu. Bu heykələ Mürrə adı verildi. Misirdə dinar kəsdirdi. Əbdüləziz bu fəaliyyəti ilə ilk dəfə dinar kəsdirən vali olmuşdur.

Hədisçiliyi İbn Səd və Nəsaiyə görə "siqa" (etibarlı) ravi olan Əbdüləziz, atası Mərvandan, həmçinin Əbu Hüreyrə, Abdullah ibn Zübeyr və Uqbə ibn Amirdən hədis rəvayət etmişdir. Ondan isə oğlu Ömər ibn Əbdüləziz, Zöhri və Kəsir ibn Mürrə hədis rəvayət etmişlər.

Həmçinin bax

Bişr ibn Mərvan

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Taxta çıxanmayan varislər Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Mədinəlilər Kateqoriya:Misirin dövlət başçıları Kateqoriya:VIII əsr Misir şəxsləri Kateqoriya:Əməvilər Kateqoriya:Tabiinlər