Əl-Miləl vən-Nihal () — Şəhristaninin dinlər, məzhəblər və fəlsəfə tarixi ilə bağlı qələmə aldığı əsər.
Əsər İki əsas hissədən ibarət olan əsərin birinci hissəsində vəhyə əsaslanan (səmavi) dinlər (islam, yəhudilik, xristianlıq) və onların qolları, ikinci hissəsində isə fəlsəfə, sabiilik və hind dinləri kimi ağıl və şəxsi fikirlərə əsaslanan inanc sistemləri araşdırılır. Müəllif dövrünə görə bitərəf və obyektiv bir yanaşma nümayiş etdirərək dini qrupların görüşlərini birbaşa onların mənbələrindən köçürməyə diqqət göstərmişdir. Bu obyektiv və ensiklopedik quruluşuna görə əsər islam dünyasında dinlər və məzhəblər tarixinin ən etibarlı klassiklərindən biri hesab olunur.
Nəşrlər Əsərin orijinal ərəbcə mətni ilk dəfə Qərbdə Uilyam Kyurton () tərəfindən 1842–1846-cı illərdə Londonda iki cilddə nəşr olunmuş, daha sonra 1923-cü ildə Leypsiqdə təkrar işıq üzü görmüşdür. Şərqdə ilk nəşrləri 1847-ci və 1871-ci illərdə Misir və Tehranda həyata keçirilmiş, həmçinin İbn Həzmin "əl-Fəsl" əsərinin haşiyəsində də dəfələrlə çap olunmuşdur. Əsərin mühüm elmi-kritik nəşrlərindən birini Misirdəki əlyazmalar əsasında Məhəmməd Fəthullah Bədran (1947–1955) hazırlamış, Məhəmməd Seyyid Kiylani tərəfindən 1975-ci ildə Beyrutda edilən iki cildlik nəşr isə islam dünyasında geniş istifadə olunan mənbələrdən birinə çevrilmişdir.
Tərcümələr Əsər, ilk dəfə XV əsrdə Turkai-İsfahani (1440) və XVII əsrdə Mustafa ibn Xaliqdadi-Həşimi (1611) tərəfindən fars dilinə tərcümə edilmişdir. Osmanlı imperiyası dövründə Nuh ibn Mustafa əl-Misri tərəfindən 1659-cu ildə edilən türk dili tərcümə 1847-ci ildə Misirdə, 1862-ci ildə isə İstanbulda nəşr olunmuş, müasir dövrdə isə əsərin müxtəlif hissələri və bütövlüyü elmi heyətlər tərəfindən yenidən türk dilinə qazandırılmışdır. Avropa dillərində isə əsər Teodor Haarbrükker tərəfindən alman dilinə (1850–1851), Daniel Gimaret, Qay Monno və Jan Jolivedən ibarət heyət tərəfindən iki cilddə fransız dilinə (1986, 1993) tam şəkildə tərcümə edilmiş, islam məzhəblərinə aid hissəsi isə A. K. Kazi və J. G. Flinn tərəfindən ingilis dilinə tərcümə edilərək 1984-cü ildə Londonda nəşr olunmuşdur.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dini tədqiqatlar kitabları Kateqoriya:Kəlam