Mirzənağılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi Mirzənağılı kəndi XVIII əsrin ikinci yarasında salınıb. Kənd əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana vergi ödəyən 10 ailə yaşayırdı. Vergi ödəməyənlər: Kasıb 3 tüstü, dul 1 tüstü. 1842-ci ilə bağlı rus qaynağında qeyd olunur ki, kənd Cəfərqulu xana bağlıdır. Kənd əhli Çaxırlı torpağında qışlayır. Dövlət tərəfindən kəndin əhalisi siyahıya alınıb. Həmin siyahıda 14 tüstünün əhalisi göstərilir.
yanvar 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
1993-cü ilin oktyabr ayında ermənilər kəndi işğal edib və buradakı bütün evlər yandırılaraq dağıdılıb. 1994-cü il yanvarın 5-i Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. 2010-cu ilə qədər Mirzənağılıda 14 ailə yaşayıb. 2009-cu ilin noyabrında dövlət xəttiylə kənddəki 75 ev bərpa edilib.
2016-cı ilin aprelində Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Mirzənağılı kəndində mina və partlamamış hərbi sursatların aşkarlanması məqsədilə işlər aparılmışdır. Aprelin 7-dən 22-dək kənddə 5 ev və həyətyanı sahəyə, 4 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar edilərək götürülmüşdür.
Toponimikası Düzənlikdədir. Yaşayış məntəqəsini Mirzənağılı nəslinə mənsub ailələr saldığına görə həmin nəslin adı ilə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 252 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
2011-ci ildə Füzuli rayonunun bir sıra kəndlərində, o cümlədən Mirzənağılı kəndində qazlaşdırma işlərinin tamamlanması nəzərdə tutulmuşdur.
2012-ci ilin fevralın 15-də Mirzənağılı kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kənddə tədbir keçirilmişdir.
Elə həmin il kəndin içməli su ilə təmin olunması məqsədilə artezian quyusu istifadəyə verilmişdir.
Mirzənağılı kəndinə gedən avtomobil yolu Füzuli rayonunun yol infrastrukturunun inkişafı çərçivəsində inşa edilmişdir. Qarabağ–Böyük Bəhmənli–Arayatlı–Mirzənağılı avtomobil yolunun tikintisi Azərbaycan Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə nəzərdə tutulmuşdur. Sərəncama əsasən, yolun tikintisinin maliyyələşdirilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Sənəddə yolun 28 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirdiyi bildirilir.
2014-cü il 1 iyul tarixli sərəncamla yolun tikintisinin davam etdirilməsi üçün əlavə olaraq 5,4 milyon manat vəsait ayrılmışdır. Sərəncamda yenə yolun 13 yaşayış məntəqəsini birləşdirdiyi qeyd edilmişdir.
2016-cı il 23 iyul tarixli sərəncamla isə yolun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,8 milyon manat ayrılmışdır. Sərəncamda tikinti işlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.
Beləliklə, yolun tikintisi üçün 2013-cü ildə 3 milyon manat, 2014-cü ildə 5,4 milyon manat, 2016-cı ildə isə 1,8 milyon manat olmaqla, rəsmi sərəncamlarda ümumilikdə 10,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Baş Mil kanalı üzərində nasos stansiyasının tikintisi məqsədilə vəsait ayrılmışdır.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda Mirzənağılı kəndi üçün 1 subartezian quyusunun qazılması və həmin quyudan 549 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
Qalereya
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri Kateqoriya:Füzuli rayonunun kəndləri