Sirik — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd, Sirik kənd inzibati ərazi dairəsinin mərkəzi.

Toponimikası Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə görə, bu oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. Kəndin adı 1917-ci ildə Sirikli kimi qeydə alınmışdı. Sirik türk dillərində "çubuq" mənasını daşıyır. Bu oykonim "çubuqlu" mənasındadır. XX-ci əsrdə Quba rayonunda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdu.

Coğrafiyası Kənd Qarabağ silsiləsinin ətəyində, təqribən 1224 m hündürlükdə, rayon mərkəzindən — Cəbrayıl şəhərindən 40 km şimal-qərbdə, Hovuslu kəndindən 13 km məsafədə yerləşir.

Tarixi

Sovet dövründən qabaq 1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının III sahəsinin Maşanlı kənd cəmiyyətinin tərkibində Sirikli ( — Siriklu) kəndi qeyd olunurdu.

1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelizavetpol quberniyasının Qaryagin qəzasının tərkibində Sirik () kəndi var idi.

18 dekabr 1918-ci ildə erməni-daşnak silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdı. 27 fevral 2019-cu ildə Sirik kəndinə yenidən hücum olunmuş, yenə də kəndin bir hissəsi yandırılmışdı. Sirik kəndinə 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş və 2 kişi yaralanmışdı.

Sovet dövründə 1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına görə, Qaryagin qəzasının Cəbrayıl cəmiyyətinin tərkibində Sirikli adında kənd var idi.

A. S. Ş. C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Sirik məskun yeri Cəbrayıl rayonunun Əhmədli kənd şurasının tərkibində idi.

1961-ci il üçün, Sirik kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Sirik kənd Sovetinin mərkəzi idi.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Cəbrayıl rayolu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün Sirik kəndi Azərbaycan SSR-nin Füzuli rayonunun Havuslu kənd Sovetinin tərkibində idi.

17 iyun 1964-cü ildə Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu.

Həm 1968-ci ilü üçün, həm 1977-ci il üçün, Sirik kəndi Azərbaycan SSR-nin Cəbrayıl rayonunun Sirik kənd Sovetinin mərkəzi idi.

Sovet dövründə kənddə səkkizillik məktəb, kitabxana, klub və tibb mərkəzi mövcud idi.

Qarabağ münaqişəsi dövründə Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Sirik kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 22 oktyabr 2020-ci il tarixində, Azərbaycan Prezidenti İlham Əliyev Sirik kəndinin işğaldan Azərbaycan Ordusu tərəfindən azad edildiyini elan etmişdi.

Müasir dövrdə 25 may 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Sirik kəndindən videogörüntülər paylaşmışdı.

Əhalisi 1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisinin statistik məlumatlar məcmuəsinə əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının III sahəsinin Maşanlı kənd cəmiyyətinin tərkibində Sirikli ( — Siriklu) kəndində 43 tüstü var idi və burada 252 azərbaycanlı (mənbədə "tatarlar" kimi göstərilmiş), dini baxımdan sünni olan kəndlilər yaşayırdı.

1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelizavetpol quberniyasının Qaryagin qəzasının tərkibində Sirik () kəndində 100 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatarlar" kimi göstərilmişdir.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına görə, Qaryagin qəzasının Cəbrayıl cəmiyyətinin Sirikli kəndində 86 təsərrüfat var idi və 370 nəfər yaşayırdı, kəndin əhalisinin əksəriyyəti azərbaycanlılar idi və siyahıyaalınmada "Azərbaycan türkləri" kimi göstərilmişdi.

A. S. Ş. C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Əhmədli kənd şurasına daxil olan Sirik məskun yerində 70 təsərrüfat və 430 sakin var idi. Kənd şurasının bütün əhalisi azərbaycanlılardan (mənbədə "türklər" kimi göstərilmiş) ibarət idi.

Azərbaycan Sovet Ensiklopediyasına görə, 1983-cü ildə kənddə 512 nəfər yaşayırdı. Kənd əhalisi heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olurdu.

Abidələr Sirik kəndində arxeoloji abidələrdən Orta əsrlərə aid qədim qəbiristan və qala var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri