Ardanış — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd.

Tarixi Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf etmişdir. Kənddə 800 şagirdlik üç mərtəbəli orta məktəb binası, 1988-ci ildə istifadəyə hazır vəziyyətdə olan üç korpuslu 1200 şagirdlik yeni məktəb binası, 450 tamaşaçı yeri olan mədəniyyət evi, kino qurğu, 2 kitabxana, müasir üslubda tikilmiş inzibati idarə binası, futbol meydançası, ambulator-həkim məntəqəsi, poçt, 200 nömrə tutumlu ATS, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi. Kəndin ərazisində bir neçə alban-oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin (tarixi mənbələrə görə Adatəpə adlı kəndin) qalıqları, hidrometeoroloji stansiya və o dövr üçün İttifaq əhəmiyyətli "Dalğa" pansionatı (3 korpusdan ibarət) var idi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır.

Kəndxudaları Məşədi Həsən

İncəsənət Ardanışın 450 yerlik müasir mədəniyyət evində müxtəlif sahələr üzrə özfəaliyyət kollektivləri fəaliyyət göstərirdi. Erməni məmurları bu obyektlərin tikilməsində o qədər də maraqlı deyildilər, əksinə imkan daxilində bu işə mane olmağa çalışırdılar. 1964-cü ildə müasir klub binası inşa edilib.

Ardanış kəndində 40-cı illərin sonlarından etibarən klub binası olmadığı bir dövrdə belə teatr tamaşaları hazırlanıb. Teatr mütəxəssisləri olmasa da bu tamaşalar istər bədii, istərsə də tərtibat baxımından olduqca mükəmməl şəkildə hazırlanıb tamaşaçılara təqdim edilirmiş. Əvvəllər böyük ev damlarında, daha sonralar isə yay vaxtlarında fermalarda teatr tamaşaları verirlərmiş. Hətta qadınlardan da tamaşalarda rol oynayanlar olub. Sonradan klub binası tikildiyindən kəndə müxtəlif peşəkar teatrların (Naxçıvan, Gəncə və İrəvan teatrlarının), eləcə də qonşu kəndlərin özfəaliyyət kollektivlərinin qastrol səfərləri olub. Kəndlər arasında bir teatr yarışı, mədəni mübadilə mövcud idi. Əsasən yay vaxtlarında kəndirbazlar demək olar ki, hər il kəndə gələrdilər.

Ardanış kənd mədəniyyət evində M. F.Axundovun, N. B.Vəzirovun, Ə.Haqverdiyevin, S.Vurğunun dram əsərləri tamaşaya qoyulurdu. Aşağıdakı teatr tamaşaları yaddaşda qalıb: "Zəmanəmizin pəhləvanları", "Vaqif", "Hacı Qara", "Yoldaş Koroğlu", "O olmasın, bu olsun", "Sevil", "Solğun çiçəklər", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", "Ac hərflər" və s. Əhalinin teatra olan tələbatının ödənilməsi baxımından, bu tamaşalar peşəkar teatrların tamaşalarından heç də geri qalmırdı.

Ardanış kənd mədəniyyət evinin ansamblı fəaliyyət göstərirdi. Bu ansamblın üzvlərindən Əli Zeynalabduyev (qarmon ustası), Vaqif və Əbülfət Bayramov qardaşları (solo oxuyanlar), İmran Kazımov (xanəndə), Mehman Həsənov (xanəndə), Cəmaləddin Bayramov (gitaraçı), Rəşid Allahverənov (gitaraçı), Firdovsi Həsənov (qoşa nağara), Tahir Məmmədov və Mustafa Abdullayev (balaban), İmran Xəlilov (saz), Şükür İsmayılov (saz) öz çıxışları ilə könülləri oxşayıblar. Bu ansambl rayon və bölgə üzrə keçirilən musiqi festivallarında həmişə birinci yeri tutub. Ansamblın üzvləri həm də Ardanış və qonşu kəndlərin toylarının aparıcı musiqiçiləri olublar. Hətta onları erməni kəndlərindən də toya dəvət edənlər olubdur.

Coğrafiyası və iqlimi thumb Ardanış kəndinin ərazisinin çox hissəsini vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Ardanış kəndi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Göyçə silsiləsində, dəniz səviyyəsindən 1916 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır.

Ardanış ərazisində nəmişliyin normada olması buranın təbiətinin əsas üstünlüklərindən biridir. Yay axşamlarında çən-çisəkli dağlar, səhərlər isə şeh düşən gül-çiçəkli yaşıl çəmənlər, saf sulu buz bulaqlar, min bir dərdin dərmanı olan bitkilər, "Adatəpə"nin kolluqlarındakı giləmeyvələr, təmiz dağ havası, təbiət möcüzəsi, dağlar gözəli Göyçə gölü və bu gözəlliyin əhatəsində fiziki əməklə məşğul olmaq, ekoloji cəhətdən təmiz qida insanı sağlam saxlayan, uzunömürlü edən başlıca amillərdəndir.

İqlim göstəriciləri Ardanış kəndi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +35 dərəcəyədək olur.

Ən çox yağıntı may ayında olur. Yağıntının orta illik miqdarı 350–400 mm-dir. Torpağın qumsal olması ilə əlaqədar yağışın çox yağması Ardanışda çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Kəndin (yaşayış sahəsinin) əksər hissəsi qumsal torpaqlarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.

Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını o qədər də hiss etdirmir. Ekoloji cəhətdən təmiz hava insanın tənəffüs sisteminin çox rahat işləməsinə şərait yaradır. İlin yağıntılı vaxtlarında belə buludlu hava şəraiti uzun sürmür. Səma ilin çox vaxtı açıq və günəşli olur. Payız və qış aylarında əsasən şimal küləkləri, yaz və yay aylarında isə əsasən şimal-şərq və şimal-qərb küləkləri üstünlük təşkil edir. Yayda dağların və dərələrin qeyri-bərabər qızması səbəbilə dağ-dərə küləkləri əmələ gəlir. Gündüz mülayim küləklər dərələrdən dağlara doğru, axşam və gecə isə soyuq küləklər dağlardan dərələrə doğru əsir. Yeri gəlmişkən, el arasında – dialektdə yağışın, qarın, küləyin, fəsillərə uyğun olaraq ayların müxtəlif adları mövcud olmuşdur.

Bitki örtüyü Mədəni bitkilərdən arpa, buğda, çovdar, vələmir, yonca, qorunca, kartof, tütün, çuğundur, qarğıdalı və s. becərilirdi. Meyvə ağaclarından alma, armud, gilas, qoz, gavalı, alça, ərik, giləmeyvələrdən isə qarağat geniş yayılmışdı. Meşəliklərin təsərrüfat baxımından böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, Ardanış ərazisində əsasən kolluqlar, eləcə də Adatəpədə seyrək ardıc meşələri və Göyçə gölünün sahili boyunca sonradan salınmış meşə zolaqları mövcuddur. Yaşlı nəslin söylədiklərinə əsasən, XIX əsrin ikinci yarısına qədər Ardanışın şərq və cənub tərəflərində sıx meşəliklər mövcud olub. Lakin insanların təsərrüfat fəaliyyətinin nəticəsində həmin meşəliklər məhv edilib. Təbii ki, meşə altında olan torpaqların tərkibi meşələrin qırılmasından sonra tədricən dəyişib, bu isə öz növbəsində heyvanat və bitki aləminə təsirsiz ötüşməyib. Ada təpədə çoxlu bitki növü qeydə alınmışdır. Oradakı kol bitkilərindən alaçəhrə, tuvulğu, qarağac, ardıc, qaraqoyungözü, qatırquyruğu, dovşan alması, itburnu, yemişan, dovşanalması, zirinc, gərməşov , kol armudu, meşə xirniyi, başınağacı, və s. kol meyvələri yetişir. Göyçə gölünün sahilində salınmış meşə zolağında şam, iydə, akasiya, çinar, qızıl söyüd, qarağac ağacları və çaytikanı (kol bitkisi) təbiətə xüsusi bir gözəllik bəxş edirdi. Ardanış ərazisində yarımsəhra (yovşan, gəvən və s.), dağ-bozqır bitkiləri (kəklikotu, çaşır və s.), çoxlu yabanı dərman bitkiləri yetişir ki, bu da xalq təbabətinin geniş inkişafına səbəb olmuşdur.

Heyvanat aləmi Ardanış ərazisində sincab, canavar, tülkü, çaqqal, porsuq, kor siçan, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Keçmişdə kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. Son dövrlərdə də "Adatəpə" ərazisində maral sümükləri və buynuzlarının qalıqları tapılırdı. "Maralbaşı" toponimi də bununla bağlı yaranmışdır. Sonralar həmin meşəliklər insan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin bir qisminin kökü kəsilmişdir. Məməli heyvanlardan əlavə, Ardanış ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara gəlincə, bu sahədə vaxtilə kifayət qədər elmi-tədqiqat işləri aparılmadığından müvafiq məlumatları bu gün elmi mənbələrdən əldə etmək mümkün deyildir. Lakin müşahidələrimiz söyləməyə əsas verir ki, Ardanış ərazisindəki torpaqlarda yüzlərlə həşərat növü yaşayırdı.

Torpaq növləri Ardanışın müəyyən ərazilərində şabalıdı torpaqlar yayılıb. Bu torpaqlar dağ-qara torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15–20% olan torpaqlar sarı torpaqlardır. "Sarı güney", "Puş yeri" və "Sarı yal" adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən Ardanışın şimal hissəsinə aid edilir. Meşə və kolluqlarda boz-qəhvəyi torpaqlar yayılıb. Ardanış və ətraf kəndlərin torpaq örtüyü elmi-tədqiqat institutlarının mütəxəssisləri tərəfindən ötən əsrin 60–70-ci illərində geniş tədqiq olunmuşdur.

Təbii sərvətlər və faydalı qazıntılar Ardanış ərazisindəki meşə və su ehtiyatlarından əlavə, tikinti işləri üçün qum və daş ehtiyatı da mövcuddur. Zəngin əhəng daşı ehtiyatları tikintidə bu materiala olan ehtiyacın 90–95%-ni ödəməyə imkan verirdi. Sadəcə, divarın tin hissələrində az miqdarda mişar daşına ehtiyac duyulurdu. Nəticədə ev və ya təsərrüfat tikilisi olduqca ucuz başa gəlirdi. Sovet dövründə Ardanış ərazisində faydalı qazıntı çıxarılmırdı. Hazırda Ardanışdan əhəng, perlit və sement istehsalı üçün xammal Axta şəhərindəki müəssisələrə daşınır. Hələ sovet dövründə İrəvan metropoliteninin stansiyalarından birinin üzlük daşları Ardanışdan (Çal ərazisindən) aparılan qranitdən çəkilmişdi. Buradakı daş ən bahalı və keyfiyyətli qranit növlərindəndir. Çalda torpağın üstündə günəş şüaları altında bərq vuran xırda hissəciklər müşahidə edilirdi, orada diadomit (sement istehsalında əlavə xammal), obsidian (şüşə istehsalında istifadə edilir), xromit (qara metal) yataqları var. Qonşu Şorca kəndinin yaxınlığında xromit istehsalı isə hələ keçən əsrin 50-ci illərindən həyata keçirilirdi.

Su mənbələri thumb