Əjdər bəy Axundov () — azərbaycanlı hüquqşünas, müəllim, Cümhuriyyət tələbəsi.

1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Parlamentinin qərarı ilə xaricə göndərilərək Paris Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb və fransız dili müəllimi kimi işləyib.

Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü İsgəndər bəy Axundovun oğlu, bəstəkar Qara Qarayevin dayısı olub.

Həyatı Əjdər bəy İsgəndər bəy oğlu Axundov 1897-ci ildə Bakıda anadan olub.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. Əjdər bəy 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olub.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislər hazırlamaq məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi haqqında qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.

Əjdər bəy bu proqramda iştirak etmək üçün Xalq Maarif Nazirliyinə müraciət edib. 1920-ci il yanvarın 16-da Əjdər bəy Axundova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 656 saylı vəsiqə verilib. Vəsiqədə "dövlət hesabına" ifadəsi qeyd olunmayıb. Bu isə onun xaricdə öz hesabına təhsil almağa göndərilməsi ilə izah olunur.

Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qarşılayıb. Topçubaşı tələbələr qarşısında çıxış edərək onlara tövsiyələr verib və uğurlar arzulayıb.

Əjdər bəy Paris Universitetinin hüquq fakültəsinə daxil olub. Fransada yaşadığı müddətdə maddi çətinliklərlə üzləşib. Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubda təhsil xərcini ödəmək üçün işlədiyini bildirib. Parisdə "Renault" avtomobil zavodunda fəhlə kimi çalışıb. Daha sonra gəmidə yunqa işləyərək göyərtənin təmizlənməsi və digər köməkçi işləri yerinə yetirib. Gəmi ilə Braziliyaya gedib, lakin geri qayıdan gəmi üçün başqa heyət götürüldüyündən Parisə qayıda bilməyib. Bir müddət Braziliyada qalaraq neft mədənlərində poçtalyon işləyib.

1930-cu ildə həyat yoldaşı ilə birlikdə Azərbaycana qayıdıb. Bakıda 18 nömrəli məktəbdə fransız dili müəllimi kimi işləyib. İkinci Dünya müharibəsi başladıqdan sonra cəbhəyə göndərilib və müharibədə iştirak edib.

Əjdər bəy Axundov 1963-cü ildə Şüvəlanda vəfat edib. Şüvəlanda Qədim qəbirisitanlıqda Mir Mövsüm Ağanın məzarına yaxın dəfn olunub.

Ailəsi Əjdər bəy əslən Şamaxıdan olan Axundovlar ailəsindəndir. Babası Mirzə Əbdülhüseyn Axundov hərbi təhsil alıb və Qafqaz canişinliyinin Şamaxıdakı idarəsində tərcüməçi işləyib. 1872-ci il Şamaxı zəlzələsindən sonra ailəsi ilə birlikdə Bakıya köçüb.

Atası İsgəndər bəy Axundov 1862-ci ildə Şamaxıda doğulub. Bakı gimnaziyasını bitirdikdən sonra Krakovdakı Yagellon Universitetinin hüquq fakültəsində təhsil alıb və 1890-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. Növbəti il Bakıya qayıdaraq vəkillik fəaliyyətinə başlayıb. İsgəndər bəy sonradan Bakı şəhər məhkəməsinin katibi və Bakı Dairə Məhkəməsində məhkəmə hüquqşünası işləyib. Şollar su kəmərinin çəkilişi ilə bağlı hüquqi işlərə rəhbərlik edib, Bakı Şəhər Dumasının üzvü olub. Azərbaycan Cümhuriyyəti dövründə "İttihad" partiyasından Şamaxı qəzası üzrə Parlamentə seçilib. Aprel işğalından sonra hüquq məsləhətçisi işləyib və Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olub. 1934-cü ildə Bakıda vəfat edib.

Anası Züleyxa xanım Cahangir bəy qızı Bayraməlibəyova 1872-ci ildə anadan olub. Lənkəran xanı Mirmustafa xanın qızı Məhbanu xanımın nəvəsi olub. Bakıda "Müqəddəs Nina" məktəbində təhsil alıb və Bakı Şəhər Qadın Xeyriyyə Cəmiyyətinin fəaliyyətinə qatılıb. 1891-ci ildə İsgəndər bəy Axundovla ailə qurub, 1944-cü ildə vəfat edib.

İsgəndər bəy və Züleyxa xanımın iki oğlu və üç qızı olub. Əjdər bəyin böyük qardaşı Aslan bəy Axundov (1893–1957) Tartu Universitetini bitirib və Bakıda dəri-zöhrəvi xəstəliklər üzrə həkim işləyib. Bacısı Sona xanım Axundova-Qarayeva Kiyev Ali Qadın Kurslarında təhsil alıb. Həkim Əbülfəz Qarayevin həyat yoldaşı və bəstəkar Qara Qarayevin anası olub. Digər bacısı Ceyran xanım Axundova-Mirqasımova akademik Mirəsədulla Mirqasımovla ailə qurub. Leyla xanım isə ali təhsil alıb və evdar qadın olub.

Əjdər bəy əslən alman olan Milen xanımla ailə qurub. Parisdə yaşadıqları dövrdə bir məktəbdə alman dili müəllimi olub. Bakıya getdikdən sonra 18 nömrəli məktəbdə xarici dil müəllimi kimi işləyib. İkinci Dünya müharibəsi başladıqdan sonra milliyətcə alman olduğu üçün sürgün olunub və Almaniyaya qayıdıb. 1945-ci ildə hava bombardmanı zamanı valideynləri ilə birlikdə həlak olub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Paris Universitetinin məzunları Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:Axundovlar (Şamaxı)