Herri Potter və Alov Qədəhi () — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan "Alov Qədəhi"nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur.
"Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Azkaban Məhbusu" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Simurq Ordeni" filmində davam etdirilir.
Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır. Hoqvarts səhnələri Leavesden Film Studiolarında çəkilmişdir. Çıxarılmasından beş gün sonra filmin Şimali Amerika gəlirləri $102 milyonu keçmiş, bu nəticə ilə "Alov Qədəhi" "Ölüm Hədiyyələri. I hissə" və "II hissə"dən sonra, Harri Potter filmləri arasında ilk həftəsonu gəlirlərinə görə üçüncü yerdə qərarlaşmışdır. Uğurlu kassa nəticələri göstərən "Alov Qədəhi" ümumilikdə $896 milyon gəlirlə 2005-ci ilin ən böyük gəlirli filmi, həmçinin həmin dövr üçün bütün zamanların səkkizinci ən böyük gəlirli filmi olmuşdur. 2017-ci il aprel ayının nəticələrinə görə "Alov Qədəhi" bütün zamanların ən böyük gəlirli filmləri sırasında 44-cü, Harri Potter filmləri arasında isə altıncı yeri tutmuşdur.
Film, Quruluşçu rejissor işinə görə Oskar mükafatına nominant göstərilmiş, həmin nominasiyada BAFTA mükafatını qazanmışdır. "Alov Qədəhi" Harri Potter filmlər seriyasına aid olan filmlər arasında IMAX formatda çıxarılmış ikinci filmdir. Həmçinin Harri Potter filmlər seriyasına aid olan filmlər tənqidçilər tərəfindən ən yaxşı qəbul edilmiş filmlərdən biri olan "Alov Qədəhi" aktyor oyunu, ssenari, mövzuların işlənməsi və təqdimatına görə təriflənmişdir.
Məzmunu
Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur. Lord Voldemort bağbanı öldürür. Baş verən bu real hadisələri Harri Potter yuxuda görür.
Harri yay tətilini Durslilərin evində keçirir. Ona Molli Uizli tərəfindən məktub gəlir və Potter Qviddiç üzrə Dünya Çempionatının finalına dəvət edilir. Finalda İrlandiya və Bolqarıstan (komandanın ulduzu gənc tutucu Viktor Kramdır) komandaları qarşılaşır və İrlandiya komandası qalib gəlir. Çempionat axşamı qonaqların çadır düşərgəsinə Ölüm yeyənlər hücum edirlər. Harri görür ki, sehrli çubuğunu itirib. Harri, Ron və Hermiona meşəyə qaçırlar. Qəfildən kimsə onların yaxınlığında havada Ölüm yeyənlərin simvolunu canlandırır.
Harri dostları ilə Hoqvartsa yola düşür. Məşhur qara maq ovçusu "Qəddar göz" Qryum qara magiyadan mühafizə üzrə yeni müəllim kimi işə başlayır. Məlum olur ki, bu il Hoqvartsda uzun illər təxirə salınmış Üç Sehrbaz Turniri baş tutacaq. Turnirdə üç məşhur sehrbazlıq məktəbinin tələbələri bir-biri ilə mübarizə aparırlar və buna görə də Şarmbaton və Durmstranq məktəblərinin təmsilçiləri də Hoqvartsa təşrif gətirirlər. 17 yaşına çatmış istənilən şagird yarışmada iştirak edə bilər, bunun üçün yalnız adını perqamentə yazıb qədəhin içinə atmaq lazım idi. Yarış iştirakçılarının keçirilməsi günü Durmstranqı Viktor Kramın, Şarmbatonu Flör Delakurun, Hoqvartsı isə Sedrik Diqqorinin (Puffenduy fakültəsindən) təmsil edəcəyi müəyyənləşir. Lakin gözlənilmədən qədəhdən Harri Potterin də adı çıxış buna görə, o, yarışda iştirak etməyə məcbur olur. Sirius Blek bildirir ki, Harrinin atını qədəhə adat şəxs onun ölümünü arzulayır.
Birinci sınağa əsasən tələbələr qadın əjdahadan qızıl yumurtanı oğurlamalı idilər. Plana görə, tələbələr sınaq haqqında əvvəlcədən məlumat tutmalı deyildilər. Lakin, məlumat sızması baş verir. Harri əjdaha, həmçinin Flör və Kramın onun haqqında bilməsini öyrəndikdən sonra əjdaha haqqında Sedriki də məlumatlandırır. Bütün iştirakçılar birinci mərhələdən keçə bilirlər. Harri sehrli süpürgəsi ilə əjdahanı aldada bilir. 200px|thumb|left|Alov Qədəhi İkinci sınağın tələbini öyrənmək üçün qızıl yumurtanın sirrini açmaq lazımdır. Bu dəfə Diqqori Potterə kömək edərək deyir ki, yumurtanı suyun dibində açaraq onun nəğməsinə qulaq assın. Diqqərinin sözünə əməl edən Harri Potter ikinci mərhələnin su altında keçəcəyini və su pəriləri ilə əlaqəli olacağını öyrənə bilir. Lakin, üzməyi yaxşı bacarmayan Harri, su altında bir saatlıq yarış müddətində necə qala duracağını bilmir. Nevil Uzunətək onun köməyinə gələrək müvəqqəti qəlsəmə əldə etməyin yolunu öyrədir. Tapşırığa əsasən yarış iştirakçıları bir saat ərzində su pərilərinin əsiri olan yaxınlarını azad etməli idilər. Harri əsirləri hamıdan əvvəl tapsa da, digər iştirakçıları da gözlədiyinə görə axıra qalır və Ronla yanaşı Flörün kiçik bacısını da azad edir, buna görə ona ikinci yer verilir.
Üçüncü sınaqda iştirakçılar təhlükələrlə dolu labirintdən keçərək Üç Sehrbaz Qədəhini tapmalı idilər və qədəhə ilk toxunan iştirakçı turnirin qalibi olmalı idi. Sedrik və Harri demək olar ki, eyni vaxtda qədəhə çatrlar. Lakin, Sedrik Harrinin onu xilas etməsini nəzərə alaraq qalibiyyətdən imtina edir. Qəhrəmanlar qədəhi eyni vaxtda götürməyə razılaşırlar.
Qədəhə toxunduqda onlar qəbirsanlığa düşürlər (qədəh portal imiş). Onlara yaxınlaşan Piter Pettiqryu əlində Lord Voldemortun zəif vücudunu tutur. Piter "Avada Kedavra" cadusu ilə Sedriki öldürür. Lord Voldemortun yenidən canlandırılması üçün sadiq xidmətçinin canı, atasının sümüyü və düşməninin qanı lazımdır. Öz bədənində yenidən doğulan Voldemort Ölüm yeyənləri çağırır. Onların qarşısında Harri ilə duelə başlayarkən hər ikisinin çubuğunda eyni simurq quşunun lələyi istifadə olunduğuna görə Voldemort Potteri öldürə bilmir. Qədəhi istifadə edən Potter yenidən Hoqvartsa qayıdır və özü ilə Sedrikin cəsədini də götürür. O, hamıya Lord Voldemortun qayıtmasını danışır. Professor Qryum onu öz otağına aparır.
Otaqda Qryum əslində Ölüm yeyənlərdən biri olmasını deyir. Aydın olur ki, Potterin adını qədəhə ataraq yarışa qatılmasına səbəb olmuş, sonradan isə qədəhi portala çevirərək Potterin Voldemortla görüşünü təşkil etmişdir. Qısa zamanda Dambldor, Sneyp və Makqonaqal özlərini Qryumun otağına yetirirlər. Məlum olur ki, Qryumun maskası altında gizlənmiş şəxs əslində Barti Krauçdur. O, atasının köçəyi ilə Azkabandan qaçmağı bacarmış və Voldemortun qulluğuna qayıtmışdır.
Sehr Nazirliyi, başda nazir Kornelius Fadc olmaqla Voldemortun qayıtmasına inanmaqdan imtina edir. Barti sorğulanmaq əvəzinə ona dementor öpüşü tətbiq edilir. Dambldor Sehr Nazirliyinin köməyi olmadan fəaliyyət göstərməyə qərar verir. Ölüm yeyənlərlə mübarizə üçün tərəfdaşlar toplamağa başlayan Dambldorun köməyinə Sirius Blek, Uizli ailəsi, Rimus Lüpin, Arabella Fiqq, Nazemnikus Fletçer və başqaları gəlir.
Rollarda
Deniel Redkliff — Harri Potter Rupert Qrint — Ron Uizli Emma Uotson — Hermiona Qreyncer Robbi Koltreyn — Rubeus Haqrid Ralf Fayns — Lord Voldemort
Maykl Qembon — Albus Dambldor Brendan Qlison — "Qəddar göz" Qryum Ceyson Ayzeks — Lusius Malfoy Qari Oldmen — Sirius Blek Miranda Riçardson — Rita Skiter
Alan Rikman — Severus Sneyp Meqqi Smit — Minerva MakQonaqall Timothi Spall — Piter Pettiqryu Frensis de la Tur — Olimp Maksim
"Harri Potter və Azkaban Məhbusu" filmində Sedrik Diqqori rolunu canlandırmış aktyor Co Livermor "Alov Qədəhi" filmində Robert Pettinsonla əvəzlənmişdir. "Azkaban Məhbusu"nda Diqqori ilk dəfə Puffenduy komandasının axtarıcısı kimi təsvir edilir və dementorlar Harriyə hücum edənə kimi onunla yarışır. Devid Tennant filmdə uzun müddət özünü Qəddar göz Qryum kimi təqdim edən Kiçik Barti Krauç rolunu canlandırmışdır. Ceff Rovl isə Sedrikin atası Amod Diqqori rolunu oynayır. Böyük Barti Krauç rolunu isə Rocer Lloyd-Pak canlandırır.
İstehsal "Azkaban Məhbusu" filmindən sonra Alfonso Kuaronun yalnız bir Potter filminin rejissoru olacağı elan edilmiş, Britaniya rejissoru Mayk Nyuelə isə "Alov Qədəhi" filminin çəkilməsi təklif olunmuşdur. Harri Potter seriyasının prodüseri olan Devid Heyman rejissorların dəyişdirilməsini belə izah edir:
"Alov Qədəhi"nin əsas şəkilişlərinə 4 may 2004-cü ildə start verilmişdir. Əsas aktyorların iştirakı ilə çəkilişlərə isə 25 iyun 2004-cü ildə İngiltərənin "Leavesden Film Studiyaları"nda başlanmışdır.
Əvvəlki filmlərin ssenari müəllifi olmuş Stiv Klovs bu filmdə də ssenari üzərində işləmişdir. 734 səhifəlik kitabı ssenariyə uyğunlaşdıran Klovs qeyd edir ki, "biz kitab əsasında iki film çəkiləcəyini düşünsək də, onu necə iki yerə bölməyi bilmirdik. Ona görə də film, kitabdan fərqli bir təcrübə olacaq."
Dizayn
Əvvəlki filmlərdə Stüart Kreyq və Stefani MakMillan sənət və dizayn işlərini uğurla həyata keçirə bilmişdi. Yeni filmdə bir çox yeni çəkiliş yerlərii yaradlmasına və köhnə çəkiliş yerlərinin yenidən formalaşdırılmasına ehtiyac var idi. MakMillan daha çox, Hoqvartsın Böyük zalının bal keçirilməsi üçün yenidən dizayn edilməsi fikrindən həyəcanlanırdı. "Əvvəlcə biz gümüşü pərdələr, gümüşü stol örtükləri və buz kimi şəffaf döşəmə haqqında fikirləşmişdik" deyən MakMillan bildirir ki, "lakin, iş davam etdikcə bitmək bilmirdi. Bu zaman təklif edildi ki, niyə də, parçaları sadəcə divarlara yapıdırmayaq?" Üç Sehrbaz Turnirinin hər mərhələsi böyük çəkiliş meydanları qurmağı tələb edirdi. Harrinin Macar Buynuzquyruq əjdahası ilə qarşılaşdığı qayalıq yer "Leavesden Film Studiyaları"nın iki hissəsində qurulmuşdu. Kreyq qeyd edir ki, "həmin məkan nə zamansa filmlər üçün işlədiyi ən böyük çəkiliş yerlərindən biridir." İkinci mərhələ üçün filmin sualtı səhnələrini çəkmək məqsədilə yaradıcı heyət yarım milyon tondan çox suyu saxlayan mavi ekran dizayn edərək qurmuşdur. Labirintdə baş tutan üçüncü mərhələ üçün 20–40 fut hündürlüklü divarlar inşa edilmiş və CGI texnologiyası vasitəsilə genişləndirilmişdir.
Film musiqisi
İlk üç Harri Potter filminin musiqisini yazmış Con Vilyams 2005-ci il iş cədvəlinin məşğulluğu səbəbiylə dördüncü filmin musiqi tərtibatını öz öhdəsinə götürə bilməmişdir. "Qərbə" və "Donni Brasko" filmlərində rejissor Nyuellə birlikdə çalışmış Patrik Doyl bəstəkar kürsüsündə Vilyamsı əvəz etmişdir. İlkin olaraq Doyla Vilyamsın əvvəlki filmlər üçün yazdığı musiqi materialı ilə işləmək təklif edilsə də, yekun nəticədə o, əvvəlki filmlərdən, yalnız seriyanın leytmotivi olan "Hedwig's Theme" musiqisini saxlamışdır. Doyl "Böyük ümidlər" filminin musiqisini yazarkən birgə işlədiyi "Pulp" rok qrupunun solisti Carvis Kokeri yenidən işbirliyinə dəvət etmişdir. Kokerin musiqisini seçən Doyl, uydurma qrupda ifa etmək və filmdə kameo rolda çəkilmək üçün Conni Qrinvud və "Radiohead" qrupundan Fil Selvey kimi musiqiçiləri dəvət etmişdir.
Kitab və film arasında fərqlər 230px|thumb|right|Rejissor Mayk Nyuel filmi "böyük evin bir kərpici" kimi təsvir edir. "Azkaban Məhbusu"ndan iki dəfə uzun olan "Alov Qədəhi"nin ekranlaşdırılması üçün yazarlar və prodüserlər müxtəlif səhnələr və nəzəriyyələri ixtisar etməyə məcbur olmuşlar. Rejissor Mayk Nyuel bu problemi "iri kitabın film kompasında sıxışdırılması" kimi təsvir edir. Harri və onun macəraları ilə birbaşa əlaqəsi olmayan hissələrin "kənara qoyulması" ilə buna nail olunmuşdur.