Xosrov Ruzbeh (15.4.1915-11.5.1958)—İran inqilabçısı.

Həyatı Xosrov Ruzbeh–İranda inqilabi hərəkatın ən parlaq simalarından biri olmuşdur. O, 1915-ci il aprelin 15-də Hüseyn Ruzbehin ailəsində anadan olmuşdur. Atası ordunun təsərrüfat zabiti olmuş, sonra Silas Məlayir vilayətində jandarm rəisi, daha sonra xəstəliyinə görə ordudan çıxarıldıqda maliyyə nazirliyi xətti ilə vilayətdə kiçik məmur vəzifəsində çalışmışdır. Həyat Xosrov Ruzbehi əzizləməmişdir. O, ehtiyacla çox tez üzləşmişdir. Xosrov orta məktəbə daxil olanadək Ruzbehlər ailəsi çox ehtiyac içərisində yaşamışdır.

İranın orta məktəbi–iki dərəcəlidir. Xosrov birinci dərəcəni çox da böyük olmayan Məlayir şəhərində keçirmiş, sonra təhsilini davam etdirmək üçün Həmədana gəlmişdir. Xosrov Məlayirdə atasının ona göndərdiyi otuz rialla, Həmədanda isə əlli rialla yaşayırdı. Bu da onun kömür, yemək və təhsil xərcinə çox çətinliklə çatırdı.

Xosrov onun yaşayış xərcini təmin etməkdə çox çətinlik çəkən atasının vəziyyətini yüngülləşdirmək uçün böyük ciddiyyətlə çalışaraq orta məktəbi vaxtından iki il əvvəl qurtarmağa və fərqlənmə attestatı almağa müvəffəq olur. Ona məktəbdə riyazi məsələləri həll etmək xüsusilə asan gəlirdi və bu fənndən həmişə əla qiymət alırdı. Riyaziyyata marağı və bu sahədə qeyri-adi bacarığı Xosrovun gələcək təhsilinin istiqamətini müəyyənləşdirirdi. O, orta məktəbi bitirdikdən sonra Tehran universitetinin mexanika fakültəsinə daxil olur və riyaziyyat sahəsində ixtisaslaşır.

Xosrov hələ orta məktəbin 5-ci sinifində oxuyarkən "Bir-birinin ardınca gələn rəqəmləri bölmək yolu ilə dörd dərəcəli və yuxarı dərəcəli tənliklərin həll edilməsi" barədə kitabça yazdı. O, universitetdə bu mövzu üzərində çalışmağı davam etdirdi. Daha sonralar o, "Həndəsə məsələlərinin həllinə dair nəzəri əsaslar" adlı kitabını yazır. Xosrov Ruzbehin universitetdə təhsilini davam etdirmək imkanı olsaydı, o riyaziyyat sahəsində böyük bir alim olardı. Lakin ailəsinin ağır maddi vəziyyəti onu universiteti buraxmağa, dövlət hesabına təhsil almaq imkanı verən Ali hərbi məktəbə daxil olmağa məcbur etdi.

Elə o zaman Xosrov Ruzbehdə mövcud üsuli-idarəyə qarşı nifrət hissi oyandı. O, məhkəmədə son sözündə demişdi ki, mövçud üsuli-idarə məndə müasir cəmiyyətin bütün bədbəxtliklərinin mənbəyi olan kapitalizmə qarşı tənqidi fikirlər doğurmaya bilməzdi. Sonralar bu baxışlar onu kapitalizmə qarşı fəal mübarizlər cəbhəsinə gətirib çıxartdı.

Xosrov Ruzbeh Ali hərbi məktəbdə topçuluq fakültəsində təhsil alırdı. Oradakı məşğuliyyət ona çox sevdiyi riyaziyyat fənnini daha dərindən öyrənməyə imkan verirdi. Ruzbeh topçuluq fakültəsinin ən yaxşı tələbələrindən biri sayılırdı. Ruzbeh Ali hərbi məktəbdə oxuduğu dövrə aid xatirələrində yazırdı ki, "müəllimimiz olan diviziya generalı Zəngene ballistikadan, mərmilərdən və topçuluğa aid başqa sahələrdən nəzəri məşğələlərdə tələbələrin suallarına cavab verməkdə çətinlik çəkəndə zarafatla deyərdi: "Doktor, sualı izah elə görək". Xosrov da hər çətin sualı çox gözəl həll edirdi.

1937-ci ildə Xosrov Ruzbeh Ali hərbi məktəbi leytenant rütbəsi ilə bitirib, topçu alayında xidmət etməyə başladı. O, zenit toplarındakı elektrik və optik cihazlarının nəzəri əsaslarını öyrənməklə məşğul olmuş və "Zenit toplarındakı optik qurğuların nəzəri əsasları" adlı kitabını yazmışdır. Ruzbeh həm də mərmilərin hədəfini dəqiq hesablamaq üçün qurğu işləyib hazırlamış və bunun məsafələrə görə hesablama cədvəlini tərtib etmişdir. Döyüş zamanı bu cədvəldən istifadə edildikdə vaxta xeyli qənaət olunur. Ruzbeh, hərəkətdə olan hədəflərə yüngül silahdan atəş açmağı məşq etmək üçün sistem yaratmış və "hərəkət edən hədəflərə yüngül toplardan atəş açmağın nəzəri əsasları" mövzusunda kitab yazmışdır. Onun təklif etdiyi sistemə görə daha arxasınca hədəf aparan təyyarələrdən istifadəyə ehtiyac qalmırdı. Bundan başqa Ruzbeh piyada ordu üçün nəzərdə tutulan müxtəlif silah növlərinə dair hesablamalar təklif etmişdir. Riyaziyyat sahəsində, topçuluğa dair xariqülada istedadına və yazdığı kitablarına görə Ruzbeh komandanlığın diqqətini özünə cəlb etdi. Ruzbeh baş leytenant rütbəsi alaraq Ali hərbi məktəbin topçuluq fakültəsində müəllimliyə dəvət olundu. Bir neçə vaxtdan sonra ona kapitan rütbəsi verdilər. Burada, Ali hərbi məktəbdə onun müəllimlik və alimlik istedadı xüsusilə özünü göstərir. Xosrov Ruzbeh iki cildlik "Topçuluq fakültəsi üçün ali riyaziyyat kursu" əsərini, "Daxili ballistika", "Xarici ballistika", "Sahil toplarının atəşi" və topçuluğa dair bir sıra başqa kitablar yazır. Yüzlərlə topçu zabiti onun Ali hərbi məktəbdə oxuduğu mühazirələri dinləyir və əsərlərini öyrənir. Bütün bunlar ona gənc zabitlər arasında böyük şöhrət qazandırır.

Ruzbehin istedadı çoxcəhətli, maraqlandığı məsələlərin dairəsi isə son dərəcə geniş idi. Ali riyaziyyat və topçuluq nəzəriyyəsindən başqa, o, ədəbiyyatı, fəlsəfəni, şahmatı və xarici dilləri, iqtisadiyyatı və estetikanı öyrənir. O, çox yazır və tərcümə edir. Onun əsərləri içərisində "İkinci dünya müharibəsinin qısa tarixi" və "Koreya müharibəsi" kimi elmi–publisist kitablara, "Eşq ilə ölüm əylənir", "Xirosimalı qız Sumiko", "Solmuş qönnçələr", "Roz-frans", "İnadcıl kənd" kimi bədii kitablara və uşaqlar üçün yazdığı "Yoldaşlar" (uşaqlar üçün dərs kitabı), "Uşaq evdə və məktəbdə" kimi tərbiyəvi mövzulara rast gəlinir. Şahmatla maraqlanan Ruzbeh "Şahmat", "Şahmatı təkbaşına öyrənənlərə kömək", "Şahmat oynamağın məharəti", "Şahmatı nə cür oynamaq olmaz", "Şahmata dair yeni müfəssəl məlumat (endişpil–oyunu bitirmək qaydaları)" kitablarını yazır.

Ruzbeh tərcümə ilə məşğul olur, mexanikaya, termodinamika, ali riyaziyyat, fizika, həndəsə və astronomiyaya dair əsərlər onu çox maraqlandırır. O, "Qrafostatika", "Analitik həndəsə", "Tərsimi həndəsə", "Həndəsi optika", "Fiziki optika", "Maddələr müqaviməti", "Nəzəri mexanika", "Termodinamika", "Astronomiya və kosmoqoniya" kimi tədris vəsaitlərini tərcümə etmişdir. Eləcə də o, "Rus dilini təkbaşına öyrənənlərə kömək" kitabını fransız dilindən fars dilinə tərcümə etmiş və onu fars dilinin xüsusiyyətlərinə müvafiq olaraq işləmişdir. Ruzbeh fəlsəbəyə aid "Fəlsəfənin əsasları", "Elmi sosializm və utopik sosializm" adlı kitabların da müəllifidir.

Ümumiyyətlə, gənc alim riyaziyyata, topçuluğa, nəzəri problemlərə, ədəbiyyata, fəlsəfəyə, siyasətə və şahmata aid 35 kitab yazmış və nəşr etdirmişdir. Xosrov Ruzbeh kitabı sevirdi. O, heç də yüksək olmayan maaşının çox hissəsini kitab almağa sərf edir və özü üçün üç min əsərin toplandığı qiymətli bir kitabxana yaradır. Ruzbehin Tehran küçələrindən birində kirayə ilə yaşadığı balaca otaq kitab rəfləri ilə dolu idi.

Xosrov Ruzbeh orduda qalsaydı ən yüksək rütbələrə çatar, mühüm vəzifələr tutar, dolanacağını təmin edə bilərdi. Lakin Xosrov Ruzbeh bu yolla getmədi. Ruzbeh məhkəmədə belə dedi: "Mən, arxayın həyat tərzinə və qarşımda açılan gözəl perspektivlərə uyub təhqir və məşəqqətlərlə dolu öz keçmişimi necə unuda bilərdim! Daha çətin və daha ağır şəraitdə yaşayan və güzəranlarının yaxşılaşacağına heç bir ümidi olmayan yüz minlərlə Ruzbehlərin halını necə düşünməyə bilərdim! Yalnız yoxsul olduğuma görə kübarzadələrin mənə sarı yönəldilən o təhqiramiz nəzərlərini, nəştər kimi qəlbimə sancılan o tərs baxışları necə unuda bilərdim! Nail ola biləcəyim təkcə rahat, tox həyat xatirinə bunların hamısını mən necə unuda bilərdim! Hətta belə etsəydim də bunu bir muzd kimi qəbul edib, xoş güzəranıma uyub susmağa və mənimlə olduğu kimi başqa Ruzbehlərlə də belə bir təhqiramiz tərzdə rəftar edilməsinə yol verməyə nə haqqım var idi? Mənim belə bir haqqım yox idi və ola da bilməzdi. Sözümün əsil mənası budur ki, mənim əqidələrimi müəyyən edən artıq öz şəxsi mənafeyim deyildir. Mənim baxışlarım daha genişdir". Ruzbeh öz ətrafında həm milyonlarla həmvətəninin müsibətli yoxsulluğunu, İran xalqının bədbəxtlik və əzablarını, həm də kapitalistlərin və mülkədarların var-dövlətini, cahi-cəlalını görürdü. Ruzbeh məhkəmədə dedi: "İran cəmiyyətinin hazırkı vəziyyətinin ötəri nəzərdan keçirilməsi və müxtəlif siniflərin həyat tərzlərinin müqayisəsi belə, adamı dəhşətə gətirir, belə bir vəziyyətə kədərlənir, acıyırsan. Cəmiyyətin imtiyazlı və məhrum sinifləri arasında böyük, dərin və eyni zamanda gündən-günə daha da dərinləşən uçurum həssas ürəyi olan bir insana təsir göstərir, onu kədərləndirir və düşündürməyə vadar edir".

Əlbəttə, Xosrov Ruzbehi ölkədə mövcud quruluşa qarşı mübarizə yoluna təkcə şəxsi məhrumiyyətləri və bədbəxtliyi sövq etməmişdir. Onda həyata müəyyən dünyagörüşü qərarlaşdığı zaman, öz həyatını xalqa xidmət üçün sərf etmək qərarına gəldiyi zaman onun şəxsi bədbəxtlikləri və maddi çətinlikləri artıq geridə qalmışdı. Lakin Xosrov Ruzbeh öz xalqının bir sədaqətli oğlu kimi, bir vətənpərvər kimi ətrafında baş verən hadisələrə qarşı etiraz etməyə bilməzdi. Ruzbehin ölkədəki mövcud istibdad quruluşuna qarşı barışmaz münasibəti, onun dünyagörüşünün formalaşmasında başlıca rol oynayan bu münasibət ictimai fırtınalarda və daxili axtarışlarda yaranmışdı. Ruzbehin dünyagörüşünün bərqərar olduğu dövrdə İranda inqilab hərəkatı yüksəlməkdə idi. Ətrafda hər şey coşurdu. İranın tarixində ilk dəfə olaraq ölkənin bnr çox şəhərlərində minlərlə nümayişçinin iştirakilə çoşqun mitinqlər ksçirilirdi. Həmkarlar ittifaqları meydana gəlir, partiyalar işləməyə başlayır, İran Xalq Partiyası yaradılır. 1943-cü ildə Ruzbeh bu partiyanın üzvu olur. Bu dövrü xatırlayaraq Ruzbeh deyirdi: "qəzetlərdə və ümumiyyətlə bu partiyanın mətbuatında dərc olunmuş məqalələri oxuyanda hiss etdim ki, bu–mənim istədiyim təşkilatdır və o, mənim çoxdankı arzu və meyllərimi fəal bir formaya sala bilər". Bu dövrdən başlayaraq Ruzbeh marksizm-leninizm klassiklərinin əsərlərini inadla öyrənir və marksizm-leninizm ideyalarının alovlu təbliğatçısı olur. Ruzbeh öz haqqında belə deyirdi: "Artıq mən, əsər yazmaq, tərcümə etmək və ya tədqiqat aparmaq yolu ilə cəmiyyətə xidmət etmək istəyən Ruzbeh deyildim. Mən birdən-birə dəyişdim. Əzəmətli bir tufan əsəblərimə və ruhuma hakim kəsildi. Kiçik işlərlə məşğul olmaq haqqındakı məhdud fikirləri bir kənara atdım və milyonlarla həmvətənimin bədbəxtliyinə son qoymaq üçün vəziyyəti kökündən və əsaslı surətdə dəyişməyi qət etdim".

Xosrov Ruzbeh cəsarətlə öz ürəyini tufanlara tapşırır. Ruzbeh İranın Ordu zabitlərindən birinci olaraq İran Xalq Partiyasının sıralarına daxil olur. O, siyasi mübarizədə fəal iştirak edir və partiyanın tapşırığı üzrə orduda böyük iş aparır. Ruzbeh İran kommunistlərinin qocaman nəslinin gözəl nümayəndələrindən, ölkədə kommunist hərəkatının veteranlarından olan polkovnik İzzətulla Siyaməklə görüşür. Siyamək Ruzbehdəki istedadı görür və marksizm-leninizm təliminin əsil mahiyyətini düzgün başa düşməkdə və məqsədinə çatmaqda ona kömək edir. Ruzbeh, Siyaməklə və İran ordusunun partiyaya daxil olmuş digər ən yaxşı zabitləri ilə birlikdə "İranın azadlıqsevən zabitlər təşkilatı"nı yaradır və bu təşkilatın mərkəzi komitəsinə üzv seçilir. Ruzbeh demişdir: "Bu təşkilatın məqsədi ondan ibarət idi ki, asayişi qoruyan qüvvələri hakim siniflərin tabeliyindən çıxarsın, azlığı təşkil edən əlvan geyimli və qəşəng papaqlıları millətin əksəriyyətinin, yəni nəsibsizlərin, talan olunanların xidmətinə versin… Milli hökumət yaratsın, əsil xalq hakimiyyəti qursun, sevimli vətənimizin tərəqqisi, azadlığı, ləyaqəti və istiqlaliyyəti naminə suveren hüquqlarımız bərqərar olsun". Zabitlər təşkilatına vətənpərvər əhvali-ruhiyyəli, həqiqi, namuslu və bilikli bir adam kimi tanınmış ən yaxşı zabitlər daxil idi. 1945-ci ildə İranda irtica baş qaldırırdı. Baş qərargah tərəfindən İranın mütərəqqi zabitləri şiddətli surətdə təqib olunmağa başlandı. "İranın azadlıqsevən zabitlər təşkilatı"nın üzvlərindən bəziləri həbs olunub sürgün edildilər, çoxları isə gizləndi, Xosrov Ruzbeh gizli fəaliyyətə keçməyə məcbur oldu.