Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir.

Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu. Burada saxlanılan Moğol xəzinəsi yağmalandı.

Paytaxt sakinlərinin Nadirin əsgərlərinə qarşı üsyan qaldırmasından sonra qoşun şəhərdəki üsyanı sərt formada yatırdı və bütün şəhər talan edildi. Yüksək miqdarda sərvət əldə edən Nadir bütün imperiya ərazilərinin 3 illik vergilərdən azad edildiyini elan etdi. Əfşar ordusu qısa müddət sonra 30.000 ölünü öz ardında buraxaraq paytaxtı tərk etdi. Məhəmməd şah həmçinin, Hindistanın qərb torpaqlarının Nadir tərəfindən ilhaq edilməsini də qəbul etməyə məcbur oldu.

Müasir tarixçilərin böyük bir hissəsi moğolların itkisinin təxminən 20.000–30.000 olduğunu bildirir. Aksvörti isə öldürülən moğol döyüşçülərinin sayının təxminən 10.000 olduğunu iddia edir. Nadir özü ordusunun 20.000 moğolu öldürdüyünü, ondan da çox adamı əsir aldığını iddia etmişdir. Nadirin ordusundan öldürülənlərin sayı 400 idi. Öldürülənlərin sayı moğol ordusunun böyüklüyünü nəzərə aldıqda dəhşətli dərəcədə də çox deyildi, lakin öldürülən içərisinə zabitlərin, yüksək rütbəli generalların da daxil olması moğol ordusunun döyüş qabiliyyətini demək olar ki, məhv etmişdir.

Karnaldakı ağır məğlubiyyətdən sonra onsuzda zəifləyən Moğol sülaləsi hakimiyyəti tədricən süquta doğru getməyə başladı. Ehtimal edilir ki, Nadirin Hindistan yürüşü olmasaydı, Hindistanda müstəmləkə idarəsi ya heç, ya da bu səviyyədə olmayacaqdı. Nadir tərəfindən tamamilə əldən salınan Hindistan Avropa müstəmləkəçilərinə yetəri qədər müqavimət göstərə bilmədi.

Zəmin

Nadirin kazus bellisi Hələ 1737-ci ildə Nadir şah Məhəmməd Hüseyn adlı elçini Məhəmməd şahın yanına göndərmiş və qırx gündən sonra cavab məktubunu gətirməyi ona tapşırmışdı, lakin Məhəmməd şah həmin şəxsi bir il Hindistanda saxladı. Məhəmməd şahın bu cür davranışı Nadirin qəzəbinə səbəb olmuşdu. O, bu barədə Hindistanı ələ keçirdikdən sonra Osmanlı sultanına yazdığı məktubda da bəhs etmişdir.

Əfqan muzdlu döyüşçüləri və Əfqanıstanda Nadir tərəfindən məğlub edilmiş müxtəlif dərəbəyləri üçün ən məşhur qaçış istiqaməti şimaldan Əfqanıstanla sərhədi olan Böyük Moğol imperiyası idi. Bu şəxslər əsasən, sərhəd bölgələrində məskunlaşmışdılar. Nadir bir neçə dəfə şimali Hindistan canişinlərinə və dövlət adamlarına məktublar göndərərək qaçaqların həbs edilərək ona təslim edilməsini tələb etmişdi. Əfqanıstanın işğalından sonra Nadir Hindistana hücum etmək üçün bəhanə axtarırdı. O, həmçinin bununla Əfqanıstan-Böyük Moğol imperiyası sərhədindəki çətin keçilən yerlərdə gizlənmiş əfqan qaçaqları da zərərsizləşdirə biləcəyini düşünürdü.

Maraqlı məqam odur ki, Nadir yürüş ərəfəsində ən mühüm moğol nazirlərindən olan Nizamülmülklə əlaqədə idi. Həmin zaman isə Nizamülmülk imperatora xəyanət etməkdə ittiham edilirdi. Ehtimal edilir ki, Nadiri bu yürüşə təhrik edənlərdən biri də məhz Nizamülmülk olmuşdur, lakin bu ehtimal hələ sübut edilməyib. Moğol imperiyasının yaxınlaşan müharibəni diplomatik yolla həll edə biləcəyi, öz ərazisinə qaçıb sığınan əfqan qaçaqları tapıb həbs edə bilmə bacarığı, bu qaçaqların həqiqi sayı hələ də mübahisə mənbəyidir. Sayın o qədər də əhəmiyyətli olmadığı düşünülür. Hər halda, əsas ehtimal odur ki, Moğol imperiyasının qaçaqları tutub təhvil vermələri belə müharibənin qarşısını ala bilməyəcəkdi.

Nadirin Moğal imperiyasına daxil olması Nadir Moğol imperiyasına tabe olan ərazilərə daxil olan zaman onu özünün gürcü subyekti olan və gələcəkdə şərqi Gürcüstanın kralı olacaq II İrakli müşayiət edirdi. O, həmçinin Əfşar ordusundakı gürcü dəstəsinin də komandanı idi. Nadir şahın Qəndəhardan çıxdığını eşidən Pişəvər və Kabil hakimi Nasir xan, əsasən şərqi Əfqanıstanın əfqan tayfalarından ibarət 20.000 nəfərlik muzdlu qoşun topladı. O, bu qoşunla Nadirin qarşısını almağı planlayırdı. Döyüş yeri kimi isə Xeybər keçidi nəzərdə tutulmuşdu.

L. Lokkartın hesablamalarına görə, Nadir şah qoşunu ilə Cəlalabaddan 1738-ci il noyabrın 18-də hərəkətə başladı. Gündə beş fərsəng yol qət edən qoşun yol boyu ciddi bir müqavimət ilə qarşılaşmadan Barikab adlanan məntəqəyə doğru üz tutdu. Bir neçə gündən sonra bütün qoşun hər hansı ciddi bir hadisə ilə rastlaşmadan Barikaba yetişdi. Hələ Dəkkəyə çatmazdan əvvəl Nadir şah Xeybər keçidi ətrafında düşmən qüvvələrin cəmləşməsi haqqında məlumat almışdı. Dəkkədə düşərgə salandan sonra isə Xeybər keçidi və Xeybərə aparan yolların daha geniş kəşfiyyatının aparılması üçün Nadir şah müvafiq göstəriş verdi. Bu keçid hündür dağ yüksəkliklərindən keçirdi. Onun dar olması qoşunların keçidini məhdudlaşdırmaqla yanaşı yüksəklikdə yerləşdirilmiş silahlı dəstə çoxsaylı qoşunun hərəkəti üçün təhlükə ola bilərdi. Döyüşün yaxşı təşkil ediləcəyi halda Xeybər keçidi Nadir şahın qoşunlarının hərəkətini dayandırmaq üçün çox əlverişli bir yer idi. Nadir şah qarşısında ilk məğlubiyyət acısını yaşamış olan Kabil-Pişavər hakimi Nasir xan da Xeybər keçidinin bu imkanlarından yararlanmaq qərarına gəldi. Nadir şahın kəşfiyyatının gətirdiyi məlumatdan aydın oldu ki, doğrudan da Nasir xan Xeybər keçidində və bu keçidə aparan yol boyunca çoxlu sayda qoşun yerləşdirmişdir. Nasir xan Nadir şahdan öz qisasını almaq üçün ətraf hakimlərə məktub göndərdi, onları qoşunları ilə birgə köməyə çağırdı. Nadir şahın yetişməsi ərəfəsində o, 20 minlik döyüşgən bir dəstə toplaya bildi və bu dəstəni Xeybər keçidi üzərində yerləşdirdi. Çoxları Nasir xana məsləhət bildi ki, müqavimət göstərmək fikrindən daşınsın. Xüsusən, heç Hindistan şahının da itaət altına gətirə bilmədiyi Katur tayfasının Nadir şah tərəfindən darmadağın edilməsi çoxlarında qorxu və vahimə yaratmışdı, amma Nasir xan ona verilən məsləhətləri qəbul etmədi.

Xeybər döyüşü

Kəşfiyyatın verdiyi məlumatdan aydın oldu ki, Xeybər keçidindən adlamaq Nadir şah üçün elə də asan olmayacaqdır. Yol Xeybərə yaxınlaşdıqca həm daralır, həm də təhlükəliliyi artırdı. Belə olanda Nadir şah göstəriş verdi ki, ətraf yaşayış məntəqələrində yaşayan adamlardan bir neçəsini tutub onun yanına gətirsinlər. O, yerli adamların dindirilməsi vasitəsilə dağlardan keçən başqa yolların mövcudluğundan xəbər tutmaq istəyirdi. Nadir şahın əmri yerinə yetirildi və onun yanına gətirilən adamların dindirilməsi zamanı doğrudan da məlum oldu ki, Nasir xanın nəzarətindən kənarda olan belə bir yol mövcuddur. Sər Çubə adlanan həmin yol ilə irəliləmək Nadir şaha qismət olardısa, onda Nasir xan qüvvələrinin arxasına keçmək belə mümkün ola bilərdi. Həmin keçid şərq və cənub-şərqdə idi. Oradan qoşun dəstəsinin keçməsi üçün ən adi bir şərait yox idi. Ona görə Nasir xan da həmin keçidə görə elə bir narahatlıq keçirmirdi. Buna baxmayaraq, Nadir şah bu marşrutla hərəkət etməyi və Nasir xanı qəfil yaxalamağı qərara aldı.

Hərəkətə başlamazdan əvvəl Nadir şah oğlu Nəsrulla Mirzəyə tapşırdı ki, hər gün Xeybər keçidinə doğru irəliləmək niyyətini nümayiş etdirsin, hətta Nasir xanın qoşun dəstələri ilə kiçik toqquşmalara girməkdən belə çəkinməsin. Bununla Nasir xan, Nadir şahın digər keçiddən istifadə etmək planından xəbər tutmasın və bütün diqqəti Xeybər istiqamətində cəmləşdirilsin. Nadir şahdan əlavə göstəriş alana kimi Nəsrulla Mirzə Nasir xanın diqqətini özünə cəlb etməklə məşğul olmalı idi. "Aləm Ara-ye Naderi"yə görə, Nadir şah 14 min nəfərlik süvari dəstəsi ilə bir gün-bir gecə ərzində Sər Çubə keçidini adlaya bildi.

Nasir xan Xeybərdə dayanmaqla Nadir şah qoşunlarının bütünlükdə orada cəm olduğundan əmin idi. Ona görə də Nadir şah Sər Çubə keçidini adlayan gecəsi Nasir xan arxayınlıqla istirahət edirdi. Qarovullar xəbər verəndə ki, Nadir şah Xeybər keçidinin arxasından yaxınlaşmaqdadır, Nasir xan gözlərinə inana bilmədi. Dərhal dəstəsinə döyüşə hazır olmaq əmri verdi, amma Hacıxan bəy Əfşarın dəstəsi o qədər yaxın idi ki, Nasir xan öz dəstəsi ilə müdafiə təşkil etməyə belə imkan tapmadı. Nadir şah qoşununu dörd dəstəyə böldü və özü də onların biri ilə döyüşə girdi. Nasir xanın qüvvələri gözlərini açmağa macal tapmayıb yalnız qaçmaq barəsində düşündülər. Nasir xanın ətrafında olan dəstənin qaçıb dağılması Xeybər keçidində mövqe tutmuş moğol qüvvələrini çətin vəziyyətə saldı. Bu dəstə uzun müddət Nasir xanın dəstəsinin qaçıb dağılmasından xəbərsiz qaldı. Ona görə də onlar özlərini təhlükəsiz vəziyyətdə hiss edir və hər hansı müdafiə tədbirinə də əl atmırdılar, amma onlar xəbər tutanda ki, Nadir şah qüvvələri Xeybər keçidinin arxasına keçib, onda keçidin şərqində olan yolu bağladılar. "Aləm Ara-ye Naderi"nın verdiyi məlumata görə, Nasir xanın məğlubiyyəti xəbərini eşidəndən sonra Xeybər keçidində yerləşdirilmiş 20 min nəfərlik moğol qoşunu da qaçıb dağılmaq məcburiyyətində qaldı. Çünki göstərilən bütün cəhdlərə baxmayaraq, Nadir şahın gözlənilməz manevri onların da vəziyyətini xeyli mürəkkəbləşdirmişdi. Belə olanda onlar da yalnız canlarını qurtarmaq barədə fikirləşdilər.

Bununla da, Nadir şahın gecə manevri Xeybər keçidini ciddi bir müqavimətlə rastlaşmadan ələ keçirməyə imkan verdi. Nəticədə Hindistana doğru hərəkət zamanı ciddi sayılan maneələrdən biri də aradan qaldırıldı. Nasir xan isə Nadir şah döyüşçüləri tərəfindən əsir götürüldü, lakin Nadir şah onu bağışladı və söz verdi ki, əgər Hindistan yürüşü uğurlu keçərsə, ona yüksək vəzifə verəcəkdir. Nasir xana həmçinin, Pişəvər əhalisini sakitləşdirmək də tapşırılmışdı.

Lahorun ələ keçirilməsi Nadirin Hindistana daxil olması zamanı Lahor da ələ keçirildi. Sind çayından Pəncaba daxil olan Nadir buradan da Lahora irəlilədi. Lahor canişini Nadirə müqavimət göstərmək üçün istehkamları gücləndirdi, lakin Nadir gözlənilməyən mövqedən hücum etdi və canişin təslim oldu. Canişindən 2 milyon rupi "hədiyyə" alan Nadir onun canını bağışladı və Lahorun hökmdarı təyin etdi. Ağır səfər yorğunluğundan və iki gərgin döyüşdən sonra Nadir şah bir müddət Lahorda qaldı və qoşunlara istirahət verdi. Lahorda qaldığı vaxt ərzində Nadir şah həm nəzarət altına aldığı ərazilərdə idarəetmə işlərinin tənzimlənməsi, həm qoşunların təchizatının təkmilləşdirilməsi, həm də hind qoşunları haqqında məlumatların toplanması ilə məşğul oldu. Çünki Lahor ətrafındakı döyüşlərdən sonra Məhəmməd şah Nadir şahla müharibənin qaçılmaz olduğunu anladı. O, vilayət hakimlərinə məktub göndərib qoşun toplanmasını tələb etdi. 1739-cu il fevralın 6-da Nadir şah qoşunları Lahordan Şahcahanabad istiqamətində hərəkətə başladı. Eyni zamanda irəli kəşfiyyatçılar göndərdi ki, moğol qoşunlarının hazırlığı barədə məlumat toplansın. "Aləm Ara-ye Naderi"yə görə, Nadir şah Lahordan hərəkətə başlayanda sərhəng Zadxanı kəşfiyyat işlərinə yolladı. Bu mənbədəki məlumata görə, Zadxan və başqa iki dərviş hind yoqları libasını geyinib tərkidünya dərvişlər sifətində Məhəmməd şahın düşərgəsinə getdilər. Moğol hərbçiləri qoşunlarında tanınmadıqları üçün onlar arxayınlıqla məlumatların toplanmasına başladılar. Zadxan çalışsa da qoşunların sayını müəyyənləşdirə bilmədi. Çünki Cahanabaddan Karnala kimi olan ərazilər moğol qoşunları tərəfindən tutulmuşdu. Zadxan bir neçə gün düşərgədə qaldıqdan sonra gecə ikən oradan çıxıb geri qayıtdı və Karnal ətrafında gördüklərini Nadir şaha çatdırdı.