Faiq İlahi oğlu Cəfərov () — Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001)
Həyatı Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun Normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.“Azərbaycan tibb elminə ağır itki üz vermişdir”, "Xalq qəzeti", 31 yanvar 2008-ci il.
1972-1978-ci illərdə F.Cəfərov Müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür.
1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı, universitetin I müalicə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi.
F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır. O, 1 monoqrafiyanın, 2 dərsliyin, 4 dərs vəsaitinin, 10-dan artıq metodik göstərişin, 4 səmərələşdirici təklifin, həmçinin "İnsan fiziologiyası", "Fizioloji terminlər lüğəti", "Aclıq və susuzluğun mexanizmləri" adlı kitabların müəllifi olmuşdur.
İstedadlı alim 1991-ci ildən AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının və Nəzəri Fənlər üzrə Problem Komissiyasının və Metod Birləşməsinin üzvü, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və kənd təsərrüfatı bölməsi üzrə ekspert şurasının, 2001-ci ildə Beynəlxalq Bioqrafik Assosiasiyasının üzvü, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti, 1999-cu ildə MDB ölkələrinin Fizioloqlar Cəmiyyətinin və 1998-ci ildə isə Avropa Neyrokimya Cəmiyyətinin üzvü olmuşdur.
O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Ölümü Faiq Cəfərov 2008-ci il yanvarın 30-da Bakıda vəfat etmişdir.
Mükafatları Faiq Cəfərov Respublikanın "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:91-lər Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Tibb elmləri doktorları