Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm.
Ümumi antropologiyada Bibliya antropologiyasının yeri
Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Teoloji antropologiya insanın İlahi varlıqla münasibətləri ilə məşğuldur.Bax: http://alizadeh.narod.ru/kitablar/Xristianliq/1.2.html
Bibliyada antropogenez
Bibliyanın ilk səhifələri kainatın və insanın yaranmasından bəhs edir. Tövratın Yaradılış Kitabının 1-2-ci fəsillərində kosmogenez və antropogenez haqqında yeddi müddəa verilir:
təbiət qüvvələri İlahi deyildir; yalnız Allah kainatı yaradandır; Allah Özünü Şəxsiyyət olaraq zühur etdirir; Allah Özünü əməllərində zühur etdirir; Allah Öz Sözü ilə dünyanı yaradır və dünyada hərəkət edir; Allah yaradarkən birbaşa işlədiyi kimi, dolayı şəkildə, təbiət vasitəsilə də işləyə bilər; kainatın yaranması dərhal deyil, mərhələ-mərhələ baş verən proses idi; bu prosesdə bəsit olandan mürəkkəb olana, cansızdan canlıya, heyvandan insana inkişaf baş vermişdir; Allah insanı Öz surətində, bənzərinə görə yaratdı, belə ki insan bütün məxluqata hökmran oldu.
Dünyanın yaranmasının bütün mərhələlərində Allah söz söyləyib yaradırdı, lakin insanı yaratmazdan əvvəl əsrarəngiz bir “məşvərət” baş verdi: “Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin»”.Yaradılış Kitabı 1:26 İnsanın Allahın planında xüsusi, mərkəzi yeri açıq-aşkardır. Məxluqlar arasında təkcə insan Allahın surətində, bənzərinə görə yarandı.
Bibliya insanın Allah tərəfindən yaradıldığını təsdiqləyir, lakin onun necə yarandığını dəqiq bildirmir. Müasir xristianlıqda insanın meydana gəlməsinə məxsus, kreatsionist və təkamülçü olmaq üzrə, iki konsepsiya mövcuddur. Kreatsionist (xəlqə inanan) xristianlar Yaradılış Kitabının 2-ci fəslində insanın yaranması hekayəsini hərfi mənada başa düşürlər; xristian təkamülçüləri (ateist təkamülçülərdən fərqli olaraq) xəlqə inana-inana Allahın Adəmi Öz əlləri ilə düzəltməsi hekayəsini məcazi mənada anlayırlar.
Rus Pravoslav Kilsəsində təkamülçülük konsepsiyası hələ Darvindən əvvəl səsləndirilmişdi. Feofan Govorov belə yazmışdır: "Bir heyvan olub ki, surəti insan surəti, ruhu isə heyvan ruhu idi. Sonra Allah bu heyvana Öz nəfəsini üfürəndə, heyvan insana döndü"; Serafim Sarovskiy də belə demişdir: "Allah Adəmə ruhu üfürənə kimi Adəm heyvana bənzər idi".Bax: Свящ. Александр Мень, Исагогика., §18. Создание человека согласно 2 главе Книги Бытия. http://www.bible-center.ru/book/isagogika/001/002/001 Hal-hazırda Rus Pravoslav Kilsəsində təkamülçülüyün tərəfdarları arasında biologiya elmləri namizədi keşiş Aleksandr BorisovuBax: http://ru.wikipedia.org/wiki/ Борисов,_Александр_Ильич qeyd etmək olar.
Katolik kilsəsində hələ XX əsrin əvvəllərindən məşhur fransız xristian mütəfəkkiri, paleontoloq Teyyar de Şarden (Teilhard de Chardin, 1881-1955) təkamül nəzəriyyəsinin xristian təliminə uyğun gəldiyini müdafiə edirdi. 12 avqust 1950-ci ildə Roma Papası XII Piyin "Humani Generis" ensiklikasında təkamül nəzəriyyəsinə qarşı açıqfikirli yanaşmağa icazə verildi: “Kilsənin səlahiyyəti humanitar elmlərdə və müqəddəs teologiyada təcrübəli alimlər tərəfindən təkamül nəzəriyyəsi ilə bağlı olan tədqiqat və müzakirələrin keçirilməsini qadağan etmir; bir şərtlə ki, təkamül yalnız insanın bədəninə aid olaraq nəzərdən keçirilsin, çünki katolik inancı bizi insan ruhlarının birbaşa Allah tərəfindən yaradıldığına inanmağa vadar edir”Humani Generis. Bax: №36 http://www.ewtn.com/library/ENCYC/P12HUMAN.HTM
Protestantların arasında da həm kreatsionizmin, həm də təkamülçülüyün tərəfdarları vardır. Avqustus Stronqun “Sistematik Teologiya”sı bütün kainatın, o cümlədə insanın da Allah tərəfindən yaranmasını mütləq bir həqiqət olaraq qəbul etməklə yanaşı, bunun nə üsulla gerçəkləşdiyinin Bibliyada aşkar bildirilmədiyini təsdiq edir. Müasir təkamülçü protestantlarından Amerikadakı Point Loma Nazarin universitetinin biologiya professoru, BioLoqos FondununBax: http://biologos.org/ presidenti Darrel R. Falkı qeyd etmək olar.
Allahın surəti
Bibliyanın ilk antropoloji tezisi insanın Allahın surətində, bənzərinə görə yaranmasıdır. Bu ifadənin mənası Allah-Taalanın qeyri-maddi təbiətinə görə fiziki şəkildə başa düşülməməlidir. Xristian ənənəsində Allahın surəti fiziki, zahiri şəkildə heç vaxt şərh edilməmişdir.
“Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”Yaradılış Kitabı 2:7 sözləri insanın bədən və ruh olaraq yarandığını, nəticə etibari ilə həm təbii, həm də fövqəltəbii məxluq olduğunu təsvir edir. İnsanın bədəni bu dünyadan (yerin torpağından) istifadə olunaraq düzəlir, ruhu isə bu dünyadan deyil, birbaşa Yaradandan verilir. Beləliklə, insanın bütün digər məxluqlardan əhəmiyyətli dərəcədə fərqləndiyi təsdiq olunur.
Lakin insanın “ikili” təbiəti qədim antropologiyaya xas qəti bədən-can dualizmindən uzaqdır. Qədim ibrani dilində "bədən" sözü yoxdur, onun yerində בּשׂר “basar” (müqayisə et: ərəbcə بشر “bəşər”) kəlməsi işlənir ki, bu da canlı varlığın psixofiziki kontinuuma işarə edir (qədim ibrani dilində כל־בשׂר "kol basar" (ərəbcə كل البشر “kullü-l-bəşər”) – hərfən “hər bədən” – Bibliyada “bütün bəşər” mənasında işlənir). "Həyat" və "can" kəlmələri Əhdi-Cədiddə də eyni mənasa işlənir. Beləliklə, בּשׂר “basar” (bədən və can) bütün heyvanlar aləminə məxsusdur və Allahın surəti ola bilməz. Bibliya alimləri Allahın surətini insanın ruhunda (qədim ibrani dilində רוח "ruax") görürlər. İnsanın Allaha bənzər xüsusiyyətlərini da onun ruhunda axtarmaq lazım olur.
Allahın surəti hər şeydən öncə insanın bütün məxluqatın üzərində hökmranlıq etməsində zahir olur. Bibliyada insan bütün kainata hökmran olaraq təsvir olunur. Adəmin bütün heyvanlara ad verməsində insanın bu dünyada hökmranlığı xüsusilə vurğulanır.Bax: Yaradılış Kitabı 2:19 Şərq adətinə görə, ağalar öz qullarına ad verərdilər. Lakin eyni zamanda Allahın bütün heyvanları Adəmin yanına gətirdiyi yazılıb: “Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün”. Beləliklə, Adəmin hökmranlığının Yaradanın iradəsindən qaynaqlandığını görmək olar.
“Adam” məfhumu
Bibliya antropologiyasında korporativ yaxud toplu şəxs konsepsiyasının xüsusi yeri vardır. Əhdi-Ətiqdə bir nəfər çox vaxt qrup, tayfa, xalq mənasında işlənir. Bu yolla xalqların, millətlərin, bütün bəşəriyyətin vəhdətinə iman ifadə olunur.
Adəm (ibranicə אדם “adam”) təkcə tarixi bir şəxsiyyət deyil, bütün bəşəriyyəti təmsil edən “adam” olaraq başa düşülə bilir. İbrani dilində “Adəm” və “adam” eyni sözdür. "Adam" sözü Əhdi-Ətiqdə çox vaxt toplu isim olaraq işlənir. Buna misallar: “Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı (ibranicə אדם adam) yaradaq. Qoy o (ibranicə əvəzlik yoxdur), dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin (ibranicə וירדו ve-yiredu “hökmranlıq etsinlər” feli cəm formasında işlənmişdir)»”. “Rəbb adamları (ibranicə את־האדם et-ha-adam “adamı” – tək formasında) çox uzaqlara sürgün edəcək, ölkənin çox yerləri viran qalacaq”.Yeşaya 6:12
Kilsə ataları arasında da Adəmi belə obrazlı şəkildə anlayan və şərh edənlər olub. Müqəddəs Nissalı Gregorius «De hominis opificio» risaləsində Adəmi bütün bəşəriyyətin təcəssümü olaraq təsvir etmişdir.Bax: Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). Nissalı Qreqorios (Gregorios Nysses); Cв. Григорий Нисский. Об устроении человека, гл. ХVI http://www.vehi.net/nissky/nissky.html Müqəddəs Avqustin Adəmi "bütün bəşəriyyət” (totum genus humanum) adlandırırdı. Nazianzlı Qregorios, Misirli Makarios, Yeni ilahiyyatçı Simeon kimi məşhur və möhtərəm kilsə atalarının əsərlərində də Adəm ilə bəşəriyyətin eyni mənada qəbul edildiyini görmək olar.
Günaha batma olayı
Xristian antropologiyasının ən mühüm məsələlərindən biri də insanın günaha batması və günahkar halıdır. Tövratın ilk kitabı olan Yaradılış insanların arasında şərin meydana gəlməsini təsvir edir. Tövrat Allahın şərin mənbəyi olmadığını təsdiq edir; insan öz iradəsi, azad seçimi ilə, şüurlu surətdə günah edib, Allahın yolundan azmağı qərara aldı. Günaha batma hekayəsi belə sözlərlə başlanır: "Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi".Yaradılış Kitabı 3:1 Bu ilanın qadınla söhbət etdiyinə görə, həqiqi mənada ilan olmadığı bəlli olur. İlanın xarici görkəmi Misirin və Babilin abidələrindəki əjdəhanı xatırladır. Tövratın ilk oxucuları bu hekayəni oxuyanda bütpərəstlərin sürünən heyvanlara pərəstişlərini təsəvvürlərinə gətirə bilirdilər. İlanın başqa heyvanlarla müqayisə edilməsi ilə onun yaradılmış təbiəti vurğulanır. Əhdi-Cədiddə əjdəha açıq şəkildə ilanla müqayisə edilir: “O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı...”Vəhy Kitabı 12:9
Həvvanın yoldan çıxarılması Bibliyada belə nəql edilir: "İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər".Yaradılış Kitabı 3:1-7
İlan Allahın qarşısında insanlara iftira edir, qadın aldanaraq Allahın sözündən çıxır və əri ilə birlikdə qadağan olunan meyvədən yeyir.
Günaha batmanın nəticələri:
İlk insanların cinsiyyətlərindən utanmalarıYaradılış Kitabı 3:1-7: "O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər". kişi ilə qadının arasındakı intim əlaqənin günah olduğu mənasını vermir. Çünki Allah Özü təzəcə yaratdığı insana törəyib çoxalmağı buyurdu.Bax: Yaradılış Kitabı 1:28: "Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun"; 2:24: "Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq". Əksər xristian şərhçilər bunda insanın artıq öz bədəninə hakim ola bilmədiyi gerçəkliyini görür. İnsan Allaha inamını itirdi. İnsan Allahdan gizlənmək, günahının əsl səbəbini (Allah kimi olmaq istəyi) gizlətmək istədi. İnsan öz ürəyində və başqa insanlarla münasibətlərində ahəngi itirdi.Bax: Yaradılış Kitabı 3:16: "Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə çox əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, o sənə ağalıq edəcək». İnsan ilə təbiət arasında ahəng pozuldu. Təbiət artıq insana tabe olmur.Bax: Yaradılış Kitabı 3:17-19: "Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərinlə çörək yeyəcəksən...».