Luiş Fiqu (; d. 4.11.1972, Almada, Lissabon, Portuqaliya) — keçmiş Portuqaliya futbolçusu, "İnter" Milan klubunun idman direktoru. Futbolçu kimi yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.

Fiqu Portuqaliya futbol tarixinin ən məşhur simalarındandır. Futbolçu karyerasına Portuqaliyanın Sportinq Lissabon klubunun aşağı yaş qruplarında başlayıb. 1989-1995-ci illərdə Sportinq Lissabon klubunun əsas heyətində çıxış edib. 1995-2000-ci illərdə İspaniyanın "Barselona", 2000-2005-ci illərdə isə "Real" Madrid klublarının formasını geyinib. 2005-2009-cu illərdə İtaliyanın "İnter" Milan klubunda çıxış edib. 1988-1994-cü illərdə Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının heyətində, 1991-2006-cı illərdə Portuqaliya milli futbol komandasının heyətində çıxış edib. 2000-ci ildə Avropanın ən yaxşı futbolçusu adına, 2001-ci ildə Dünyanın ən yaxşı oyunçusu adına layiq görülüb. 1995-2000-ci illərdə ardıcıl 6 dəfə Portuqaliyada ilin futbolçusu seçilib.

Fiqu 1 dəfə Portuqaliya Kubokunun, 4 dəfə İspaniya Çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Superkubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə UEFA Kuboklar Kubokunun, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə Qitələrarası Kubokun, 4 dəfə İtaliya Çempionatının, 1 dəfə İtaliya Kubokunun və 3 dəfə İtaliya Superkubokunun qalibi olub. UEFA Çempionlar Liqasında 100 oyun keçirib.

2009-cu ildə futbolçu karyerasını bitirib. Luiş Fiqu isveçli model Elen Svedin ilə evlidir, 3 qızı var.

28 yanvar 2015-ci ildə Fiqu FİFA prezidentliyinə namizəd olacağını açıqlasa da, daha sonra bundan imtina etdi."Luis Figo: I want to be FIFA president" . CNN. 4 fevral 2015 tarixində yoxlanılıb"Luis Figo runs for FIFA Presidency" . Goal.com. 4 fevral 2015 tarixində yoxlanılıb"Luis Figo to Challenge Sepp Blatter for FIFA Presidency" . ESPN. 4 fevral 2015 tarixində yoxlanılıb

Həyatı Luiş Fiqu 4 noyabr 1972-ci ildə Almadada anadan olub. Valideynləri Antonio Kaeyro Fiqu və Mariya Yoananın tək oğludur. Üç bacısı var. Fiqu uşaq yaşlarından futbola maraq göstərib, buna görə valideynləri onu futbol məktəbinə yazdırmağı qərara alıblar. Luiş Fiqo futbola 11 yaşında U.F.K. Os Pastilhasın heyətində məşqlərlə başlayıb.

1997-ci ildə Luiş Fiqu Flamenko şousunda isveçli model Elen Svedin ilə tanış olub. 2001-ci ildə Lu­iş Fi­qu ilə Elen Svedin evlənib, onların toy şənliyi Albufeyra şəhərində dəniz kənarında olub. 3 qı­zı var – Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Luiş Fiqu 5 dildə səlis danışa bilir: portuqal, ispan, ingilis, italyan və fransız.

Klub karyerası

Sportinq Lissabon Luiş Fiqu futbolçu karyerasına 1984-cü ildə vətəni Portuqaliyada Lissabon şəhərində başlayıb. İlk klubu Sportinq Lissabon olub. Əvvəlcə bu klubun 19 yaşadək futbolçularından ibarət komandada oynayıb, daha sonra 1989-cu ildə əsas komandaya keçib. 1990-cı ildə 17 yaşında Maritimo klubuna qarşı keçirilən oyunda Sportinqin heyətində debüt edib. Bu həm də, onun ilk qələbəsi olub, Lissabonda keçirilən oyun 1-0 hesabı ilə Sportinqin xeyrinə başa çatıb. Bu oyunda Fiqu cəmi 3 dəqiqə meydanda olub. 1989–1990 mövsümündə Fiqu Sportinqin heyətində cəmi 3 oyun keçirib və qol vurmayıb. Növbəti mövsüm də "Sportinq"in heyətində 3 oyuna çıxıb və qol vurmayıb

18 sentyabr 1991-ci ildə karyerasında ilk dəfə qitəmiqyaslı yarışlarda meydana çıxıb, Fiqunun debütü UEFA Kubokunun birinci mərhələsində "Sportinq"-"Dinamo" Buxarest oyununda baş tutub, bu oyunda 90 dəqiqə meydanda olub, oyun 1-0 hesabı ilə Sportinqin xeyrinə başa çatıb. 7 dekabr 1991-ci ildə səfərdə Torreense klubuna qarşı keçirilən oyunda Sportinqin heyətində ilk qolunu vurub, oyun 1-2 hesabı ilə Sportinqin xeyrinə başa çatıb. 5 aprel 1992-ci ildə "Vitoriya" Gimarayeş klubun ilə qarşılaşmada karyerası ərzində ilk dəfə 90-cı dəqiqədə qırmızı vərəqə alaraq son dəqiqələrdə komandasını azlıqda qoyub. 1991–1992 mövsümündə 43 oyunda meydanda olub və 1 qol vurub.

1992–1993 mövsümündə 42 oyuna 1 qol, 1993–1994 mövsümündə isə 35 oyuna 8 qol vurub.

Bir müddət sonra Fiqu "Sportinq"in əsas oyunçularından birinə çevrilib. 1993–1994 və 1994–1995 mövsümləri daha uğurlu keçib. 1994–1995 mövsümündə "Sportinq"in kapitanı olub. 17 sentyabr 1994-cü ildə Maritimoya qarşı oyunda 10 və 26-cı dəqiqələrdə qol vuraraq ilk dublunu rəsmiləşdirib və komandasının 2-0 hesablı qələbəsini təmin edib. 1994–1995 mövsümündə 43 oyunda meydana çıxıb və 10 qol vurub.

Sportinqin heyətində çıxış edərkən Portuqaliya yığması ilə 16 yaşadək futbolçular arasında avropa və 20 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olub. Əsas millidə də ilk oyununa Sportinq heyətində çıxış edərkən çıxıb. 28 may 1995-ci ildə Vitoriya Qimarayeş klubuna qarşı oyun Fiqunun Sportinqdə keçirdiyi son oyun olub. Fiqu Sportinqin heyətində 6 nömrəli futbolkada çıxış edib. Fiqo burada 6 mövsüm keçirib. Sporinqin heyətində 1 dəfə Portuqaliya kubokunun sahibi olub.

Barselona "Sportinq"dən sonra futbolçu daha iddialı və güclü kluba keçməyi qərara alıb. "Sportinq"də çıxış edərkən göstərdiyi liderlik qabiliyyəti və futbolçu bacarıqları, digər top klubların Fiqu ilə maraqlanmağına səbəb olmuşdu. 1995-ci ildə Fiqo 2 italyan klubu ilə Yuventus və Parma ilə müqavilə imzaladı. Bu hadisə problemlərə səbəb oldu və FİFA tərəfindən Fiquya İtaliya A seriyası klublarına transfer olunmağına iki illik qadağa qoyuldu. 1995-ci ildə Barselonanın hollandiyalı baş məşqçisi Yohan Kruyfun istəyi ilə 2.5 milyon avroya Sportinq Lissabon klubundan Barselonaya transfer olundu.

Barselonada ilk oyununu 9 sentyabr 1995-ci ildə Merida klubuna qarşı keçirib, oyun 2-2 hesabı ilə başa çatıb. Bundan 3 gün sonra 12 sentyabrda UEFA Kubokunun ilk mərhələsində səfərdə İsrailin Hapoel Beer Şeva klubu ilə qarşılaşmada 65 və 81-ci dəqiqələrdə qol vuraraq Barselona karyerasında ilk qolunu vurmuş və dubl etmişdir, oyun 0-7 hesabı ilə Barselonanın xeyrinə başa çatıb. 29 sentyabr 1995-ci ildə Real Zaraqoza ilə səfər oyununda Barselonanın heyətində La Liqada debüt edib, Fiqu debüt oyununda fərqlənməyi bacarıb, 21-ci dəqiqədə qol vuraraq hesabı 1-1 edib. Oyun 3-5 hesabı ilə Barselonanın xeyrinə başa çatıb. 19 mart 1996-cı ildə ilk oyunu 2-2 hesabı ilə başa çatmış UEFA Kubokunun 1/4 final qarşılaşmasında 23-cü dəqiqədə PSV Eyndhoven klubuna qol vuraraq, komandasının mərhələni keçməsinə kömək etmişdir. 16 aprel 1996-cı ildə ilk oyunu 2-2 hesabı ilə başa çatan yarımfinal mərhələsinin cavab oyununda Bayern Münhen 115 min tamaşaçı qarşısında meydana çıxıb, bu oyunda Barselona 2-1 hesabı ilə məğlub olub.

Barselonada ilk mövsümdə 53 oyunda meydanda oldu və 9 qol vurdu, həm Fiqu üçün həm də klub üçün həmin mövsüm uğurlu keçdi. Fiqu zaman keçdikcə Barselona azarkeşlərinin rəğbətini qazandı. Onun xarizması və liderlik qabiliyyəti Barselonanın kapitanlıq sarğısını daşımağına səbəb oldu. Barselona tarixində kapitanın legioner futbolçu olmağı nadir rast gəlinən hal idi.

14 may 1997-ci ildə UEFA Kuboklar Kubokunun finalında Fransanın Pari Sen-Jermen klubuna qarşı oyunda start heyətində meydana çıxıb və oyunu əvəzolunmadan keçirib, bu oyunda 1-0 hesabı ilə qalib gələn Barselona kuboka sahib çıxıb. 1996–1997 mövsümündə Barselonanın heyətində 53 oyun keçirdi və 9 qol vurdu. UEFA Çempionlar Liqasında ilk qolunu 17 sentyabr 1997-ci ildə qrup mərhələsində İngiltərənin Nyukasl Yunayted klubu ilə səfər oyununda vurmuşdu, bu oyunda Barselona 3-2 hesabı ilə məğlub olmuşdu. 1997–1998 mövsümündə 46 oyun keçirib və 6 qol vurub.

1998–1999 mövsümündə 50 oyunda meydana çıxıb və 9 qol vurub. 1999-cu ildə dünyada ilin oyunçusu mükafatında 5-ci oldu. Fiqunun Barselonada son oyunu 14 may 2000-ci ildə La Liqada Real Sosyedada qarşı olub, bu oyunda 66-cı dəqiqədə əvəzlənib, oyun 0-0 hesabı ilə başa çatıb. Barselonada son mövsümdə 47 oyunda meydana çıxıb və 14 qol vurub.

Fiqu Barselonanın heyətində 2 dəfə İspaniya Çempionatının, 2 dəfə İspaniya Kubokunun, 1 dəfə İspaniya Superkubokunun, 1 dəfə UEFA Kuboklar Kubokunun və 1 dəfə UEFA Superkubokunun qalibi olub. Fiqu burada 4 mövsüm keçirdi. Futbolçu 172 dəfə Barselonanın heyətində meydana çıxıb və 30 qol vurub.

Real Madrid

2000-ci ildə Real Madrid klubunda prezident seçkilərində namizəd olan Florentino Perez ulduz futbolçuların Real Madridə transfer olunacağını söz verdi. Perezin prezident seçilməsindən sonra komandaya qoşulan ilk futbolçu Fiqu oldu. 2000-ci ildə gözlənilmədən 60 milyon avroya Barselonadan Real Madridə keçdi. Razılaşmaya əsasən, Fiqu burada ildə 4 milyon avro qazanırdı. Bu transfer dünya futbolu tarixinin ən bahalı transferlərindən biridir. Fiqunun gəlişi ilə Real Madridin prezidenti Florentino Perezin Qalaktikos erası başladı.

Real Madriddə ilk oyununu 25 avqust 2000-ci ildə UEFA Super Kubokunun final oyununda Türkiyənin Qalatasaray klubuna qarşı keçirmişdi, 120 dəqiqə davam edən görüşdə Real Madrid 2-1 hesabı ilə məğlub olub. 9 sentyabr 2000-ci ildə Valensiyaya qarşı keçirilən oyunda Real Madridin heyətində ilk qolunu vurub, oyun 2-1 hesabı ilə Real Madrinin qələbəsi ilə başa çatıb. 17 oktyabr 2000-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın Bayern Leverkusen klubuna qarşı oyunda 4 və 24-cü dəqiqələrdə ilk iki qolun məhsuldar ötürməsini vermiş, 87-ci dəqiqədə isə 11 metrlik cərimə zərbəsindən sonuncu qolu özü vurmuşdur, bu oyunda "Real Madrid" 5-3 hesabı ilə qələbə qazanıb.

Bir çox Barselona azarkeşi bu transferə görə Fiquya qəzəbləndilər. Həmçinin Real azarkeşləri də Fiqunun əzəli rəqibləri olan Barselonadan gəldiyi üçün futbolçunu qəbul edə bilmirdilər. 21 oktyabr 2000-ci ildə Nou Kampda 100000 azarkeş qarşısında ilk dəfə Barselonaya qarşı oyunda meydana çıxmışdı. Bu oyunda Barselona azarkeşlərə Fiquya təzyiq etdilər, onun ünvanına "xain" və başqa şüarlar səsləndirirdilər. Fiqu bu oyunda 66-cı dəqiqədə əvəzləndi və oyundan sonra "həyatımın ən pis günü idi" açıqlamasını verdi.

Fiqu həm Barselonada, həm də Real Madriddə oynamış azsaylı futbolçulardan biri olub. Futbolçunun Real Madriddə ilk mövsümü çox çətin keçdi. Çətin ildən sonra Fiqunun Real Madriddəki karyerasında uğurlu dönəm başladı. Növbəti üç mövsümdə o, Visente del Boskenin başçılıq etdiyi komandanın əsas heyət oyunçularından birinə çevrildi.

UEFA Çempionlar Liqası 2000/2001 mövsümünün yarımfinal mərhələsində Almaniyanın Bayern Münhen klubuna qarşı keçirilən oyunlarda Real Madridin yeganə qolunun müəllifi olub, iki oyunun nəticəsinə görə (0-1, 2-1) Real Madrid mübarizəni dayandırıb. 2000–2001 mövsümündə Real Madridin heyətində 49 oyunda meydana çıxıb və 14 qol vurub 2001–2002 mövsümündə UEFA Çempionlar Liqasının final oyununda Real Madridin əsas heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib, bu oyunda Real Madrid Bayern Leverkusen klubuna 2-1 hesabı ilə qalib gələrək kuboka sahib çıxıb. 2001–2002 mövsümündə komandanın heyətində 44 oyunda meydana çıxıb və 11 qol vurub.

Çempionlar Liqasının qalibi olduqdan sonra 30 avqust 2002-ci ildə Niderlandın Feyenoord klubuna qarşı keçirilən superkubok oyununda Real Madridin heyətində meydana çıxıb və oyunu əvəz olunmadan keçirib. Bu oyunda 3-1 hesabı ilə qalib gələn Real Madrid kubokun sahibi olub. 25 sentyabr 2002-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Real Madridin Belçikanın Genk klubunu 6-0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada 55-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 6 oktyabr 2002-ci ildə La Liqanın 5-ci turunda Real Madrid-Alaves qarşılaşmasında 30 və 71-ci dəqiqələrdə 2 qol vuraraq komandasının qələbəsində böyük rol oynamışdı, oyun 5-2 hesabı ilə Real Madridin xeyrinə başa çatmışdı. Həmin mövsümün 18-ci turunda 19 yanvar 2003-cü ildə Atletiko Madrid ilə qarşılaşmada Real Madridin 0-1 hesabı ilə geri düşdüyü oyunda oyunda ardıcıl 2 qol vuraraq hesabı 2-1 etmişdir, oyunun yekun nəticəsi 2-2 olmuşdur. 2002–2003 mövsümünündə 48 oyuna 12 qol vurub.