Heydər İsa oğlu İsayev () — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991), 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi (1980–1981). Azərbaycan SSR və SSRİ Ali sovetinin deputatı. Geologiya-mineralogiya elmləri namizədi, alim.

Həyatı Heydər İsayev 1936-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1954-cü ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi bitirib. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib.

1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir. 1971-ci ildə Azərbaycana qayıtdıqdan sonra Az. NKİ-nin xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız dillərində sərbəst danışırdı.

1977-ci il aprelin 8-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini təyin edilib. 1980-ci ildə bu vəzifədən azad olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul vəzifələr ona tapşırılıb. 1980–1981-ci illərdə 26 Bakı komissarı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri işləyib.

1983–1988-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub. Tarixi təcrübə və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib.

1988-ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər İsayev işdən azad olunub.

O, 1988–1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyib. Heydər İsayev 1999-cu ildə vəfat edib..

Mükafatları Heydər İsayev səmərəli fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.

İstinadlar

Xarici keçidlər Депутаты Верховного Совета Азербайджанской ССР. 11 созыв. Баку: издание Президиума Верховного Совета Азербайджанской ССР, 1985. 472 с. 192 стр. Исаев Гейдар Иса оглы

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin deputatları Kateqoriya:Azərbaycanın elm və təhsil nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Sovetinin sədrləri