İlyas Məhəmməd oğlu Əfəndiyev () — nasir, dramaturq, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).

Həyatı thumb|right|250px|Poçt markası (1997).

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Qaryaginin (indiki Füzuli rayonu) hal-hazırkı Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub, alqı-satqı işləri ilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7–8 yaşlarında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərləri, Təbriz, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib-satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub, böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib, dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşlar. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdi, lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailəyə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, insanlar dar ayaqda bu ailəyə, gizlin də olsa, kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar".

Qarabağın aran rayonlarında yaşayan yüzlərlə başqa ailə kimi Məhəmməd kişi də ailəsi ilə bərabər yay aylarında yaylağa—Şuşaya köçərmiş. İlyasın uşaqlıq illərinin müəyyən hissəsi Şuşada keçdiyindəndir ki, yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutur.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdi. "Kulak" damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə səpələnmiş, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək "səksən yaşlı qocaya dönmüş" Məhəmməd kişi 1934-cü ildə, 50 yaşında vəfat edir.

Ailəsi İ. Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunəsini, əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbirçəkləri olmuşlar. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə marağının oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də "dil tapa" bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi.

İ. Əfəndiyev anası haqqında yazmışdır: "Anam keçmiş müsəlman qızları kimi, evdə mollakunə adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında yazıb-oxuyurdu. O, mütaliəni çox sevirdi və Azərbaycan dilində çıxan kitabların, demək olar ki, hamısını oxumuşdu. Mənə ərəb və latın əlifbalarında yazıb-oxumağı da o öyrətmişdi. Uşaq vaxtı anam bizə oxuduğu kitablardan hədsiz-hesabsız əhvalatlar danışardı. Onun oxuyub bizə nağıl elədiyi "Ərmənusə", "İngilis xanımı", "Hind racəsi", "Rüstəm və Zöhrab", "Əlif Leyla" və sairə kitablar indi də yadımdadır. Füzulinin "Leyli və Məcnun" əsərini də mən ilk dəfə anamdan eşitmişdim. Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. Dövrünün ictimai hadisələrindən də baş çıxarırdı. Allahsız olmasa da, mollalardan zəhləsi gedərdi. Məndə güclü mütaliə həvəsi məhz anamın təsirilə oyanmışdı".

Danışılan bu əhvalatlar, nağıl və əfsanələr İlyasın incə qəlbinə təsir etmiş, onun sonralar bir yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu haqda yazmışdır: "…bunları bizə danışanda mənim xəyalımda heyrətli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb pərişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha artıq xoş gəlirdi… O aləm daha şirin, daha cazibədar görünürdü".

İ. Əfəndiyevə "xoş gələn" bu sirli aləm sonralar onu öz qoynuna alır, nənəsi və anasının danışdıqları və cib dəftərlərinə qeyd olunan "maraqlı əhvalatlar" bir sıra bədii əsərlərin fabulasına çevrilir. Məsələn, Fatma nənənin danışdığı: "Quşların dilini bilən Süleyman padşah bütün quşlara əmr edir ki, hər biriniz mənə dünyanın ən gözəl quş balasını tapıb gətirin! Qarğa çox axtarır, onlarla quş balasına baxır, axırda özünün eybəcər balasını dimdiyinə alıb aparır və Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan gözəl quş balası tapmadım" – əhvalatı "Sağsağan" hekayəsində qələmə alınmışdır. Və yaxud, məzmunu "Kitabi-Dədə Qorqud"dan gələn, xalqımızın yadelli işğalçılara qarşı mübarizəsindən söhbət açan digər bir əfsanə— "Qarı dağı" hekayəsi üçün əsas olmuşdur. Yazıçının 1991-ci ildə qələmə aldığı "Vəzir Allahverdi xan və Bəhlul Danəndə" hekayəsindəki əhvalat da anasının danışdığı rəvayətlərdən götürülmüşdür.

İ. Əfəndiyevin uşaqlıq və gənclik illəri bir tərəfdən belə əfsanəli və rəvayətli mühitdə keçmişdisə, digər tərəfdən bolşevik qaragüruhunun və kommunist ideologiyasının ən qatı dövrünə təsadüf etmişdir. Bütün varlılar kimi Əfəndiyevlər ailəsi də dövrün ədalətsizlikləri ilə qarşılaşmışdır. Bunlar isə İlyasın qəlbində dərin iz salmışdır. Yəqin ki, onun ədəbi qəhrəmanlarındakı, elə yazıçının öz xarakterindəki kommunist və sovet rejiminə qarşı narazılıq, zamanın tələbləri ilə barışmamaq meyli elə buradan əmələ gəlmişdir.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.

Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologiya elmləri doktoru Elçin görkəmli nasir, dramaturq və ədəbiyyatşünas alimdir. Uzun müddət "Vətən" cəmiyyətinin sədri, Yazıçılar Birliyin katibi olmuş Elçin həm də görkəmli dövlət xadimidir. O, Respublika Baş Nazirinin müavini vəzifəsində çalışır. Kiçik oğlu Timuçin Əfəndiyev tanınmış ədəbiyyatşünas alim, professordur. O, uzun illərdir ki, Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetində çalışır, indi həmin Universitetin rektorudur.

İ. Əfəndiyev ata və ana fədakarlığı ilə böyütdüyü övladlarına bağlı bir insan idi. O, oğulları ilə fəxr edir, onların uğurları, ailə səadəti ilə fərəhlənir, baba sevinci ilə yaşayırdı. Nəvəsi Yalçının kinoda çəkilməsi, Üzeyir bəyin uşaqlığını oynaması ona böyük sevinc bəxş etmişdi.

Yazıçının qardaşı Mustafa Əfəndiyev nəşriyyat-poliqrafiya sahəsində işləmiş, "Azərnəşr"də baş redaktor vəzifəsində çalışmışdır. O, həm də bacarıqlı tərcüməçi idi. L. N. Tolstoyun "Hacı Murad" və "Uşaq hekayələri", M. Qorkinin "Günəşin övladları", A. Çakovskinin "Mühasirə", R. Kiplinqin "Mauqli", V. İvanovun "Zirehli qatar 14–69", S. Uluqzadənin "Mirvari" və s. kitablar onu Azərbaycan oxucusuna istedadlı tərcüməçi kimi tanıtmışdır. Digər qardaşı Tofiq Əfəndiyev görkəmli yazıçıdır. Onun "Ağ çiçəklər", "Dağ yolu", "Cənub mehi", "Prokuror", "Münaqişə", "Qara qapılar" kitablarında toplanmış hekayə, povest və romanları oxucular tərəfindən həvəslə oxunur. Qardaşlarından digəri hüquq-mühafizə orqanlarında çalışır. Tibb institutunu bitirmiş bacısı tanınmış həkimdir. Onun oğlu Çingiz Əlioğlu istedadlı şairdir. 60-cı illərdə ədəbiyyata gəlmiş 55 yaşlı Çingiz Əlioğlunun səsi respublikadan kənarda da eşidilməkdədir.

Yazıçının nəvələri təhsillərini uğurla davam etdirirlər və yəqin ki, onlar da Əfəndiyevlər ailəsinin şan-şöhrətini daha da ucaldacaqlar.

Filoloq Timuçin Əfəndiyevin atasıdır. Yazıçı Elçinin atasıdır.

Təhsili thumb|267x267px|Bakıda İlyas Əfəndiyevin xatirə lövhəsi. Heykəltəraş: Natiq Əliyev. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ. Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən A. Puşkin, M. Y. Lermontov, A. P. Çexov, İ. Turgenev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R. Amundsen, F. Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççinin həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı. İ. Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub, balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum".

Dünya ədəbiyyatı və mədəniyyət sahəsində yüksək zirvəyə qalxmış onlarla sənətkarın həyatı və yaradıcılıq təcrübəsi bir daha sübut edir ki, böyük ədiblərin, rəssam və bəstəkarların formalaşıb yetişməsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər həlledici rol oynamışdır. "Sənətkarı əhatə edən ictimai ədəbi mühitin bütün mürəkkəblik və çoxcəhətliliyini öyrənmədən, onun müasirləri ilə əlaqələrinin yerini və mövqeyini dəqiq müəyyən etmədən yazıçının formalaşma və inkişaf prosesini doğru-düzgün mənalandırmaq çətindir, bəlkə də mümkün deyildir".