Yeni Zod kilsəsi və ya Çaykənd məbədi — Göygöl rayonu Yeni Zod kəndindən 300 metr məsafədə yerləşən qədim alban kilsəsi.

Haqqında Yeni Zod Kilsəsi Göygöl rayonunun Yeni Zod kəndi yaxınlığında yerləşən qədim Alban məbədinin qalıqları üzərinə inşa edilmiş xristian məbədidir. Hündür qayalıq üzərində tikilmişdir. Bu məbəd tikiliş quruluşuna görə orta əsrə aid etmək olar. Keçən əsrin sonlarına qədər kilsənin girişinin üst hissəsində mövcud olmuş xaç daşında qeydlərlən başa düşmək mümkündür ki, məbəd XVII əsrdə inşa edilmişdir.

1989-cu ildə erməni arxoloq-tarixçi Samvel Karapetyanın tədqiqatına əsasən, girişdəki xaç daş 1639-cu ili göstərmişdir.

Kilsənin inşasında daha qədim bir kilsənin daşlarından istifadə edilmişdir. Kilsə girişinin sol alt hissəsindəki kitabədən başa düşülür ki, həmin qədim kilsə 1285-ci ildə Gəncə Alban Katolikosu IV Stepanın göstərişi ilə tikilmişdir, lakin həmin kilsə sonralar qeyri-müəyyən səbəblərdən dağılmışdır.

Məbəd qaya üzərində inşa olunub. Uzunluğu 11 metr, eni 7 metr, hündürlüyü təxminən 6 metrdir. Divar boyunca xaçlar yerləşdirilib. Tağbənd formalı qapısının eni 40 santimetr, hündürlüyü 1 metr 35 santimetr, divarın qalınlığı isə 80 santimetrdir. Qapının sol aşağı hissəsində kitabə var; kitabənin üzərində alban yazıları və xaç təsvirləri yerləşir. Divarlarda şam qoymaq üçün yerlər mövcuddur. Yaxınlıqda bulaq yerləşir.

Məbədin interyerində hücrə yeri var. Tikili iki neflidir və daxildə çoxlu alban üslubunda xaç oymaları mövcuddur. Quruluş əsasən sərt çay və qaya daşından, qismən də tuf daşından tikilib. Məbəd hazırda qəzalı vəziyyətdədir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Alban kilsələri Kateqoriya:Göygöl rayonunun abidələri Kateqoriya:Göygöl rayonu