Mirzə Məhəmməd Tağı Qumri () — XIX əsrdə yaşayıb-yaratmış azərbaycanlı şair."Bütöv Azərbaycan" qəzeti, № 43(175), 12–18 dekabr 2012-ci il.

Həyatı

Mirzə Məhəmməd Tağı Qumru 1819-cu ildə (h. 1235) indiki Dağıstanda, Dərbənd şəhərində anadan olmuşdur. Bir çox sivilizasiyanın yerləşdiyi bir məkan olan Dərbənddə xalqın hələ orta əsrlərdə, Ərəb hakimiyyəti dövründə türk dilində danışdığı mənbələrdə qeyd edilmişdir. XIX əsrin ortalarında Dərbəndə səfər edən tədqiqatçılar, türk dillərindən Azərbaycan türkcəsinin şəhərdə geniş şəkildə danışıldığını və bu dilin şəhərdə hakim olduğunu bildirmişlər. Mirzə Məhəmməd Tağı XIX əsrdə Dərbənddə yaşanayan ən məşhur şairlərdən biri idi. Atasının adı İbrahimdir. O əsərlərində özündən Mirzə Məhəmməd Tağı ibnül-mərhum İbrahim və ya Qumri kimi bəhs etmişdir. Əsərlərində Qumri təxəllüsünü istifadə etmişdir.

Şairin həyatı barədə mənbələrdə kifayət qədər məlumat yoxdur. Onun həyatı ilə bağlı məlumatlar şair haqqında yazılmış bir neçə məqalə və öz əsərlərindən yola çıxaraq əldə edilmişdir. Mənbələrin verdiyi məlumata görə, "Mirzə Məhəmməd Tağı kiçik yaşlarından məktəbə gedərək təhsil almış, zəka və çalışqanlığı sayəsində çox qısa zamanda türk, fars və hətta ərəb dillərində təhsilini tamamlamışdır. Öz dövrünün insanları arasında elm sahibi bir şəxs kimi yetişmişdir."

Şairin həyatı haqqında ətraflı məlumata Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı əsərinin II cildində rast gəlmək mümkündür. Köçərli onun şairliyindən əlavə, əsas peşəsinin tacirlik olduğunu bildirir. Firudin bəy Köçərli ondan "mötəbər tacirlərdən biri" kimi bəhs edir və yazır:

"Tacirlikdə də zəka və bacarığı ilə seçilən Mirzə Məhəmməd Tağı, ətrafı və qohumları arasında dəyərli və uğurlu bir şəxs kimi tanınmışdır."

F. Köçərli şairin Kərbala ziyarətindən sonra yaradıcılığını Kərbala şəhidlərinin vəsfinə həsr etdiyini bildirir. O yazır ki, "cavanlıq əyyamını bir müddət eyşü işrətdə keçirib, ömrünü gözəllərin xəttü xulına və əbruyi-hilalına və naz-işvəsinə sərf edən" Qumri təxminən 30 yaşında Kərbəla ziyarətinə gedərək, özünü "İmam Hüseynə dəxil salır və ona növhəgər olub", yaradıclığını Kərbəla şəhidlərinin vəsfinə həsr edir.

Qumri haqqında Seyid Əzim Şirvani də məlumat vermişdir. Belə ki, Seyid Əzim Şirvani “Təzkirə”sində Qumri haqqında yazır: “Məhəmməd Təqi ibn-İbrahim Dərbəndi bir cavandır ticarətpişə və dəqiqəndişə. Fünuni-şeirdə övqatın mərasiyi-İmam Hüseyn əleyhissəlamə və şəbehgərdanlığa sərf edibdir”.

Mənbələrdə şairin Mirzə Mehdi və Mirzə Cəfər adlı iki oğlunun olduğu haqqında məlumatlar var. Onun iki oğlunun hansısa bir səbəbdən məhkəmədə mühakimə olunduğu və daha sonra həbsə atıldığı söylənilir. İki il Dərbənddə həbsdə qalan oğulları daha sonra Sibirdə İrkutsk həbsxanasına göndərilmişdir. Mirzə Məhəmməd Tağının oğullarını xilas etmək üçün çox əziyyət çəkdiyi, bütün sərvətini və malını bu işə sərf etdiyi qeyd olunur. Mənbələrin verdiyi məlumata görə, o, övladlarının azadlığa buraxılması üçün bəzən Tiflisə, bəzən Peterburqa, bəzən də Tehrana səyahətlər etmişdir. Mirzə Məhəmməd Tağı bütün səylərinə baxmayaraq, oğullarını xilas edə bilməmişdir.

Qumrinin yaşadığı dövrdə və coğrafiyada Kərbəla mövzusu haqqında şeir yazma və mərsiyə ənənəsini başlatdığı və bu üslubun zamanla yayılaraq bir ədəbi janr kimi çoxsaylı nümunələrə yol açdığı bildirilir.

Mirzə Məhəmməd Tağı Qumri, 1891-ci ildə (hicri 1307) 72 yaşında vəfat etmiş və Narın-Qala qalasının yaxınlığındakı cənub müsəlman qəbiristanlığında dəfn edilmişdir. Şairin həmin qəbiristanlıqda yerləşən türbəsi bu günədək qorunub saxlanılmışdır.

Yaradıcılığı Mirzə Məhəmməd Nəqi (Qumri) demək olar ki, bütün həyatını Kərbəla faciəsini təsvir edən şeirlər yazmağa həsr etmişdir. Qumri, ifadə tərzi baxımından didaktik və lirik üslub nümayiş etdirmişdir. Şairlik qabiliyyətini ortaya qoymaq üçün gənc yaşlarından şeir yazmağa başlamış, lakin bir müddət sonra yazdığı şeirləri yarımçıq qoymuşdur. Daha sonra daxili dünyasını və özünü qiymətləndirdikdən sonra yenidən şeir yazmağa başlamışdır. Şair əslində, özündən təxminən 350 il əvvəl yaşamış olan, Kərbəla mərsiyəsi növünün öncüsü və bu növün şah əsərini yazan Füzulini nümunə götürmüşdür. Əsərində istifadə etdiyi dil və tərz, seçdiyi sözlər Füzulini və onun "Həqiqətüs-Süəada" adlı əsərini xatırladır. Yaradılış və dünya görüşü baxımından da Füzuli kimi eşq mövzusuna üstünlük verən və bu eşqə görə əzab və sıxıntı çəkməkdən çəkinməyən, hətta bu əzabdan məmnun olan bir şairdir:

“Eşq” Qumrinin bütün şeirlərində bəhs etdiyi əsas mövzudur. Buradakı eşq əzəli və həqiqi eşqdir. Çünki şair, hər şeyi gözəl, incə və təravətli edən gücün eşq olduğuna inanır. Onun fikrincə, bütün məxluqata hökm edən, insanları birləşdirən, yaşlını cavanla, müsəlmanı xristianla, xristianı müsəlmanla bir araya gətirən, hər bir şeyin idarəsini əlində saxlayan və lazım gəldikdə hər şeyi yoxluğa qərq edən qüvvə məhz eşqdir:

Qumri, bənövşə, qərənfil, gül, lalə, sünbül, süsən, reyhan kimi çiçəkləri Kərbəla şəhidlərini təsvir etmək üçün bir vasitə olaraq istifadə etmişdir. Məsələn bənövşə, "inləyən Səkinə"nin başını əyilmiş gördüyü zaman onun xatirinə "qan ağlayır". Qumri, bu düşüncələri dərin şəkildə düşündüyü zaman, özünü bu “vəfa məclisi”nə və “səfa gülşəni”nə daxil olmağa layiq görməmişdir.

Qumrinin yaradıcılığında “Kərbəla gülşəninin bülbülləri” adlandırılan və Kərbəla faciəsini şeir və hekayələrində işləmiş sənətkarlardan bəziləri bunlardır: Müqbil, Mirfətəhh, Məhzun, Ağabağır, Cövhəri, Dəxli, Xaki, Sərbaz və digərləri. Qumri, bu şəxsiyyətlərin hər birinin adını hörmətlə zikr edərək şeirlərini yaratmışdır. Qumrinin özünə nümunə götürdüyü bu şairlər isə onu “həqiqətən bədii ifadə və şirin dilə malik, eyni zamanda vəznli şeirlər ustası” kimi dəyərləndiriblər.

Bəzi mənbələrdə Qumri şeirlərində yalnız gözəlliyi təsvir etməklə kifayətlənməyib, xalqın ehtiyaclarını və arzularını dilə gətirən, hər zaman Dərbənd camaatının məsələlərini müdafiə edən bir vətənpərvər şair kimi qiymətləndirilmişdir. Xatirəsi Qumrinin adı Dərbənd şəhərinin küçələrindən birinə verilmişdir. Şairin yaşadığı evin üzərində xatirə lövhəsi quraşdırılmış, məzarı üzərində isə məqbərə inşa edilmişdir.

2017-ci ildə Dərbənd şəhərində Mirzə Məhəmməd Tağı Qumrinin abidəsinin açılış mərasimi keçirilmişdir.

2019-cu ildə Dərbənd şəhərində Qumri Dərbəndinin 200 illiyinə həsir olunmuş tədbir keçrilmişdir. Tədbirdə Dərbənd şəhər administrasiyasının nümayəndəsi, deputatlar, Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycandan gəlmiş qonaqlar, şəhər sakinləri, dini və ictimai təşkilatların nümayəndələri və şairlər iştirak etmişlər. Yubiley tədbirində şairin həyat və yaradıclığından söz açılmışdır.

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Bafəddin Canəliyev, "Qumri Dərbəndi yaradıcılığına bir nəzər", Bütöv Azərbaycan qəzeti, № 43(175), 12–18 dekabr 2012-ci il.

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanın İslam alimləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər