Dadaş Qərib oğlu Rzayev () — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikasının müdafiə naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor (1991), Azərbaycan Respublikası Veteranlar Şurasının sədri.
Həyatı Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur. Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D. Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb. Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.
21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.
Dadaş Rzayev 27 may 2024-cü ildə Bakı şəhərində vəfat edib. İkinci Şəhidlər xiyabanında dəfn olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları