Ləkətağ körpüsü — Culfa rayonunun Ləkətağ kəndində, Səfəvilər dövründə Əlincəçayın üzərində salınmış tarixi memarlıq abidəsi, körpü.

Ləkətağ körpüsü Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

Haqqında Ləkətağ körpüsü XVI–XVII əsrlərdə, Səfəvilər dövründə tikilib. Naxçıvan memarlıq məktəbinin nümunəsi körpü bir aşırımlıdır və Əlincəçayın sol sahilində yerləşən digər Culfa kəndlərini Ləkətağ ilə əlaqələndirmək məqsədilə inşa olunub. Ərəfsə və Ləkətağ kəndlərinin arasında yerləşən bu körpüyə insanlar bəzən "Ərəfsə körpüsü", "Culfa körpüsü" də deyirlər.

Tağvari formada olan körpü müxtəlif həcmli çay və dağ daşlarından tikilib. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülüb. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə olunub. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Ləkətağ körpüsü ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

2019-cu ildə dağılma təhlükəsi olan körpü bərpa olunub. Körpünün sağ və sol tərəflərində divarları bərkidilib, dayaqları möhkəmləndirilib. Çay yatağında yayılan suyun sərbəst keçməsinə imkan yaratmaq məqsədilə körpünün sol hissəsində əlavə olaraq 3 kiçik suötürücü tağ qurulub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Culfa rayonunun abidələri Kateqoriya:Naxçıvan Muxtar Respublikasındakı körpülər Kateqoriya:Səfəvi memarlığı Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:XVI əsrdə yarananlar