Başqırdıstan tarixi — Başqırdıstanın keçmişi.

Ən qədim dövr

Orta əsr tarixi Başqırdların orta əsrlər tarixi əslən bir Başqırd olan X. E. Taqoyev və R. Kuzeyev tərəfindən də araşdırılmışdır.Кузeeв Р.Г. Происхождение башкирского народа. М. Наука, 1974.

Başqırdlar haqqında ilk tarixi məlumatlar IX–X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar "başkort" və ya "başqırd" kimi qeyd olunmuşdular.Фазлаллах Рашид-ад-дин. Oгуз-наме. Баку, 1987. С. 68, 69.

Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı.Руденкo С.И. Башкиры: историко-этнографические очерки DOC. Уфа: Китап, 2006. — 376 с. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamış xanla Əmir Teymur arasında döyüş (1391-ci ilə Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XI əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı. Uraldan şərqdə yaşayan başqırdlar isə əvvəlcə Sibir, sonra Qazan xanlığına tabe edilmişdi. Bununla da, Başqırd torpaqları dövlətlər arasında parçalanmışdı.Кузеев Р.Г. Происхождение башкирского народа. М. Наука, 1974, С. 355.

Əvvəllər başqırdların ictimai həyatında mühüm rol oynamış "yıyın" adlanan xalq yığıncağı daha çağrılmırdı. Indi Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə edirdilər. XIV–XV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri "biy"lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.Соколов И.И. Территория Башкирии и её население в свете историков древнoсти. С. 42–44, 98.

1552-ci ildə Qazan xanlığını ruslar işğal etdilər və başqırd tayfaları da onların təcavüzünə məruz qaldılar. Əvvəlcə başqırdların minq tayfası, 1556-cı ildə isə userqan, qıpçaq, burzan və başqaları da Rusiyanın tabeliyini qəbul etdilər. 1598-ci ildə ruslar Sibir xanlığının işğalını başa çatdırdılar və bununla da başqırd torpaqları da tamamilə rus dövlətinin tərkibinə qatıldı. Başqırdlar Rusiyaya yasaq formasında xəz və bal verirdilər. Rusiya Başqırd torpaqlarında daha da möhkəmlənmək üçün başqırd hakimlərini, tarxanlarını öz tərəfinə çəkir, eyni zamanda mərkəzdən bura rus ailələri köçürür və hərbi-strateji əhəmiyyətli şəhərlər salırdı. 1574-cü ildə Ufa şəhəri salındı və 1586-cı ildə isə inzibati mərkəzə çevrildi. Bundan sonra Başqırd torpağında Birsk, Çelyabinsk, Tabınsk və Orenburq şəhər-qalaları tikildi. Bu şəhrlərdə Rusiyanın müxtəlif yerlərindən köçürülmüş əhalidən başqa rus əsgər və zabitləri də yerləşdirilirdi. Ufa şəhərində oturan rus voyevodası başqırdların hakimi sayılırdı. Ağır müstəmləkə rejimi ilə razılaşmayan başqırdlar üsyana qalxdılar. 1662–1664-cü illəri əhatə edən bu üsyanda çoxlu rus ailələri Başqırdıstandan qovulmuş, bir çox qəddar rus hakimləri öldürülmüşdü. Rusiya hökuməti böyük bir ordu yeritməklə bu üsyanı qəddarcasına yatırtmışdı. Başqırd üsyanları demək olar bütün XVIII əsr boyu müəyyən fasilələrlə davam etmişdir.Мекки М. (ар-Рамзи) Тальфик аль ахбар. Оренбург, 1908, С. 231.

Başqırdıstanın Rusiyaya birləşdirilməsi Başqırdıstanın Rusiyaya birləşdirilməsindən sonra Ufa şəhəri quruldu. Ufa şəhəri ətraf əraziləri ilə birlikdə Ufa uyezdində, XVIII əsrin başlanğıcından isə Ufa əyalətində birləşdirildi.Материалы по истории Башкирскoй АССР, Москва, 1936, I–III. Ufa əyalətinin tərkibinə Kazan qubeyrniyası, 1744-cü ildən isə Orenburq daxil edildi.

Başqırdların əraziləri XVIII əsrlərdən etibarən Uralın orta və cənub hissəsini, Bela və Kama çayları arasında yerləşən meşə-çöl və çöl zonalarını, Yaik çayının orta axarına qədər olan cənub hissəsini, habelə Yaikin orta axarının çöl zonarını əhatə edir. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 "yola" (inzibati dairə) bölünmüşdü. Mərkəz və cənub hissə (Başqırdıstanın)-Noqay yolu, qərb hissə-Kazan yolu, (Uralarxası şərq və) Cənubi Uralarxası torpaqların şərq hissəsi-Sibir yolu, Ufadan şimala uzanan nazik zolaq Osin yolu adlanırdı. Yollar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi. Başqırdıstan Rusiyanın milli tərkibinə görə ən çoxsaylı əyalətlərindən biri hesab olunur. Burada başqırdlardan savayı yüz minlərlə rus, tatar, çuvaş, mari, udmurt və s. xalqlar yaşayırlar. Ufa voyevodası polkovnik Lyutkinanın 1744-cü ildə verdiyi məlumata görə "Başqırdıstanda həmin dövrdə 75 185 rus yaşayırdı." Sonrakı illərdə bu ərazilərdə rus əhalisinin artması bura Mərkəzi Rusiyadan köçürülən rus kəndlilərinin və yeni yaradılmış dağ-mədən sənaye sahələrində işləyən işçilərin hesabına oldu. Başqırdıstanda şəhər əhalisi əsasən Ufada, Birskdə, Menzelində, Osda və s. yerlərdə yaşayırdılar. Bu şəhərlər sənətkarlıq-ticarət mərkəzi olmaqdan başqa, həm də rus hərbi xidmətçilərinin yerləşdiyi qəsəbələr hesab olunurdu. Birski şəhərində 700 mülkdən yarısı hərbi xidmətçilərin əlində idi. Menzelin şəhərində əhalinin əsas hissəsini dvoryanlar (zadəgan) və kazaklar təşkil edirdi. Ufada 160 mülkdən onlarla mülk Polşa şlyaxtaçılarına, yerdə qalan hissələr isə rus dvoryanlarına və yeni xristianlığı qəbul etmişlərə verilmişdi.

XVIII əsrin birinci yarısından başqırdlar köçəri-maldar təsərrüfatından əkinçiliyə və oturaq həyata keçməyə başladılar. Başqırdıstanın şimal və qərbində, belə ki, Osin və Kazan yolları əhatəsində olan torpaqlarda əhali tamamilə oturaq əkinçi-maldar təsərrüfatına keçmişdi. Başqırdıstanın cənub və şərqində-Noqay və Sibir yollarına aid olan ərazilərdə əhali 2 hissəyə ayrılmışdır. Həm maldarlıqla, həm də əkinçi-maldarlıqla məşğul olurdular.

Başqırdıstanın Sibir və Noqay "yollarında" çoxlu heyvanlar dəvə, at, inək və qoyun saxlayırdılar. Qış heyvanlar üçün çox ağır keçirdi. Çünki qış üçün quru ot tədarükü az görülürdü. Başqırdlar kəndlərində ancaq qışda yaşayırdılar, yayda onlar öz volostlarının ərazisi dairəsində köç edirdilər. Əhali arasında arıçılıq və ovçuluq məşğuliyyəti geniş yayılmışdı.

Başqırdlar köçəri-maldarlıqla məşğul olmalarına baxmayaraq onların 10–15 həyətdən ibarət olan daimi kəndləri var idi. Çox nadir hallarda 50–100 həyətdən ibarət kəndlərə rast gəlmək olardı. Hər bir kənd yay vaxtı kiçik qruplara bölünərək öz volostları daxilində özləri üçün əvvəlcədən müəyyən olunmuş yerlərə köç edirdilər.

XVIII əsrin birinci yarısında Kazan və Osin yollarında əkinçilik böyük sürətlə inkişaf etməyə başlamışdı. Bu faktı kunqur ərazilərinin burqomistiri Yuxnev də təsdiq edərək qeyd edir: "Onlar çoxlu taxıl biçir və Kazan yoluna aid olan Ufa əhalisini ərzaqla təmin edirlər. Onların yaxşı evləri və həyətləri var. Yay vaxtı əhalinin yarısı çölə köç edirlər. Onların istənilən qədər taxılı, at əti və başqa ərzaq məhsulları var."

XVII əsrin 80-ci illərində Kazan və Osin yollarına aid olan Solikam bazarına satlıq taxıl çıxarılmasına başlanmışdı.

Ufa, Kama və Bela çayları ətrafında yaşayan başqırd kəndliləri əkinçilikdə böyük müvəffəqiyyət qazanmış, əldə etdikləri taxılı yaxınlıqdakı şəhərlərə, zavodlara və qalalara satmağa aparırdılar. Başqırdlarda sənaye istehsalı kənd təsərrüfatı ilə, xüsusilə də maldarlıq təsərrüfatı ilə bağlı idi. Dəri emalı və məmulatı hazırlanması evdarlıq xarakteri daşıyırdı. Ev şəraitində dəridən ayaqqabı, vedrə və müxtəlif qablar hazırlanırdı.

Başqırdlar arasında filiz işini bilən dəmiçilər çox idi. Silah və dəmir emalı işləri ilə başqırdların məşğul olması qadağan olunsa da, ancaq onlar bu qanundan yan keçib, bu işlərini davam etdirirdilər. Lakin bütün bunlara baxmayaraq metallurgiya zəif inkişaf etmişdi. Ticarətdə dəyişmə üsuluna üstünlük verirdilər.

Başqırd bayları öz ölkəsindən kənara dəri, xəz, yun və heyvandarlıq məhsulları göndərirdi. Onların ticarəti Qərbi Sibirdəki Sibir yarmarkası vasitəsilə Orta Asiya və Kazan tacirləri ilə aparılırdı.

Başqırd əhalisi yaşamayan ərazilərdə əsas təsərrüfat sahəsi əkinçilik təsərrüfatı idi. Lakin udmurtlar, tatarlar, marilər, çuvaşlar hələ də yüngül xışdan istifadə edirdilər. Belə xışla işə torpağa üzdən, dayaz şumlanırdı. Bu isə məhsuldarlığa mənfi təsir göstərirdi.

XVIII əsrin 30-cu illərində Uraldan cənubda Başqırdıstanın mərkəzində I. K. Kirilovun Voskresenski mis emalı zavodu, 40-cı illərdə isə Simbirski taciri I. B. Tverdışın zavodları tikildi.

XVIII əsrin 50-ci illərində Başqırdıstanda 28 zavod fəaliyyət göstərirdi. Ufadan cənub və cənub-qərbdə mis emalı zavodları, şərqdə isə dəmir filizi emalı zavodları yerləşmişdi. Zavodlara kəndlilər təhkim olunmuşdular və onlar ağır şəraitdə işləyirdilər.

Başqırd cəmiyyəti əsasən iki sinfə bölünmüşdü-feodal patriarxal əyanlar və sıravi icma üzvləri. Rus mənbələrində həmin feodal əyanlar-knyazlar, murzalar, tarxanlar, biylər və inzibati-idarə vəziyyətlərinə görə adlanan starşinalar və yüzbaşılar hesab olunurdu. Bu feodallar içərisində ən nüfuzlusu tarxanlar idi. Tarxanlar yasaq vermirdilər və oturaq-əkinçi və köçəri kəndlilər üzərində müstəsna hakimiyyətə malik idi. Tarxanlar öz hakimiyyətlərinin nüfuzundan istifadə edərək icma ərazisindən ən yaxşı münbit torpaqları və köç yerlərini ələ keçirib xüsusiləşdirirdilər.

Tarxanlar əsasən irsi və fərdi hissələrə bölünürdülər. Irsi tarxanlar əsas qruplar idi. "Fərdi tarxanlıq isə Başqırdıstan Rusiya tərəfindən işğal olunduqdan sonra Rusiya dövlətinə, qulluğa görə verilmişdi. Hər ikisi eyni hüquqa malik idilər." Tarxanlar rus hökumətinə tabe olan hərbi və mülki-inzibati idarələrdə qulluq edirdilər. Inzibati idarə sistemində çalışan başqırd feodalları starşina adlanırdı. Starşina-tarxanlar yasaqdan azad idilər. Tarxan olmayan starşina-feodallar isə yasaq verirdilər. Starşinaların ağır zülmü xalqın narazılığına gətirib çıxarırdı və dövlət idarələrinə onlardan şikayət ərizələri verilirdi. 1756-cı ildə Katya-Tersat Volostunun kəndliləri starşina Dauta Enalinadan Orenburq quberniya dəftərxanasına şikayət etmişdilər. Elə həmin ildə onlar onun evini yandırmış və starşina vəzifəsindən getməsini tələb etmişdilər. Başqırdıstanda ən nüfuzlu qrupu rus xidmət adamları idi. 1736-cı ilin 11 fevralında verilmiş fərmana görə başqırd icma torpaqları satıla bilərdi. Bu fərmandan istifadə edən rus hərbi qulluqçuları çoxlu torpaqları ələ keçirdilər. Feodalın torpağında kəndli haqsız və muzdsuz səpin və yığım işləri ilə – "ome" feodala kömək adı altında işləyirdilər. Feodallar saun adlı mükəlləfiyyətdən geniş istifadə edirdilər. Sauna görə feodalın heyvanları kəndlilər arasında bölüşdürülüb saxlanılırdı. Heyvanlar ölər və itərdisə onun əvəzini kəndli verməli idi. Kəndli heyvanları saxlamağın əvəzi olaraq onların südündən və yunundan sərbəst istifadə edə bilərdi.

İcma torpaqlarının faktiki rəhbəri olan feodal icmadan buraxılmış kəndlilərdən icma torpaqlarından istifadə etməklə öz xeyri üçün istifadə edirdilər. Sərgərdan kəndlilər içərisində çoxlu başqırdlar var idi. Feodallar onları yığır, torpaqlarında işləməyə məcbur edir, sonra nəyisə bəhanə edib torpaqdan qovurdular. Kazan yollarının Kurşun volostunun başqırdları 1741-ci ildə həmin volostun starşinası Şərif Mryakovdan şikayət ərizəsi yazmışdılar.

Mülkədarlar "ispolu" adlanan mükəlləfiyyətdən istifadə edirdilər. Belə ki, feodallar heyvanları olmayan kəndlilərə heyvan (at, qoyun, dəvə və s.) alıb verirdilər. Həmin kəndli feodala bunun müqabilində heyvanların balalarının yarısını verirdilər.

"Yardarlıq" deyilən mükəlləfiyyətə görə isə kəndli feodalın həyətində və təsərrüfatında 3 il ərzində bütün işlərini görməli, əvəzində isə məhsulun yarısını almalı idi. Lakin elə hesablanırdı ki, kəndli faktiki heç nəyin sahibi olmurdu.