Xəzər Universiteti — 1991-ci ildə Azərbaycan Respublikasında ali təhsildə islahatlara ehtiyacın artdığı bir dövrdə təsis edilmiş ilk özəl ali təhsil müəssisəsi. Xəzər Universitetinin təsisçisi fizika-riyaziyyat elmləri doktoru, professor və ictimai xadim Hamlet İsaxanlıdır.
Universitetin yaradılmasında əsas məqsəd sovet dövrünə məxsus mərkəzləşdirilmiş təhsil modelindən fərqli olaraq akademik azadlığa əsaslanan, beynəlxalq standartlara uyğun, tələbəyönümlü və tədqiqat əsaslı müasir universitet modelinin formalaşdırılması olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra Xəzər Universiteti ali təhsil müəssisəsi kimi institusional inkişaf mərhələsinə keçmişdir.
Xəzər Universiteti bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil proqramları təqdim edir. Tədris prosesi beynəlxalq ali təhsil standartlarına uyğun şəkildə təşkil olunur və təhsil əsasən Azərbaycan və ingilis dillərində aparılır.
Universitet fəaliyyətinin ilk illərindən kredit sistemi, seçimli fənlər, çoxdilli tədris və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq kimi yenilikləri tətbiq etmişdir. Xəzər Universiteti Azərbaycan ali təhsil sisteminin modernləşməsində rol oynamış, elmi-tədqiqat və beynəlləşmə istiqamətlərində fəaliyyət göstərən ali təhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir.
Tarix Xəzər Universiteti keçmiş SSRİ məkanında ilk ingilisdilli özəl ali təhsil müəssisəsi olmuşdur. Universitet 18 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, ölkədə beynəlxalq standartlara uyğun kadrların, xüsusilə ingilis dilində təhsil almış mütəxəssislərin hazırlanmasına olan ehtiyacı ödəmək məqsədilə yaradılmışdır. Universitetin yaradılması üçün hazırlıq işləri daha əvvəl — 20 dekabr 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin 286 saylı sərəncamı ilə başlanmışdır.
Xəzər Universiteti fəaliyyət göstərdiyi dövrdə bir neçə dəfə dövlət qeydiyyatından və akkreditasiyadan keçmişdir:
10 aprel 1993-cü il — Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş və akkreditə edilmişdir. 4 mart 1995-ci il — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyata alınmış və akkreditə edilmişdir. 10 iyul 2002-ci il — Təhsil Nazirliyinin AB seriyalı, № 019019 lisenziyası ilə mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. 15 fevral 2011-ci il — Təhsil Nazirliyinin № 070976 (qeydiyyat № 112) lisenziyası ilə mövcud və yeni ixtisaslar üzrə fəaliyyətə icazə verilmişdir. 28 oktyabr 2011-ci il — Təhsil Nazirliyinin 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. 25 fevral 2016-cı il — İqtisadiyyat Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 088871) verilmişdir. 18 iyul 2019-cu il — Təhsil Nazirliyinin F-451 saylı əmri ilə 2016/2017–2020/2021-ci tədris illərini əhatə edən dövr üçün akkreditə edilmişdir.
Maddi-texniki baza Xəzər Universiteti Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən çoxsaylı kampuslarda fəaliyyət göstərir. Universitetin maddi-texniki bazasına ümumilikdə 9 kampus və 13 bina daxildir.
Kampuslar Neftçilər kampusu — 3 tədris binası, ümumi sahəsi 9 300 m². Ünvan: Bakı şəhəri, Məhsəti küçəsi 11 (Neftçilər metrostansiyası yaxınlığı) Mərkəz kampusu — 1 tədris binası (1 115 m²), 283 nəfərlik Fikrət Əmirov Konfrans-Konsert Mərkəzi. Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 122 Buzovna kampusu — otel, konfrans və istirahət mərkəzi (3 140 m²), 0,85 hektar torpaq sahəsi. Ünvan: Bakı şəhəri, Buzovna qəsəbəsi, dənizkənarı Binəqədi kampusu — Xəzər Universiteti və Dünya Məktəbi üzrə təhsil kompleksi (15 776 m²), 3 tədris binası və 3 mərtəbəli idman kompleksi. Ünvan: Bakı şəhəri, Naxçıvani küçəsi 9 Sumqayıt kampusu — 6 132,7 m² sahəsi olan tədris binası və 4,6 hektar torpaq sahəsi. Ünvan: Sumqayıt şəhəri, Bakı küçəsi 37, 44-cü məhəllə Gəncə kampusu — tədris binası (5 878 m²), qonaq evi, idman kompleksi və 1,62 hektar torpaq sahəsi. Ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospekti 76 Nərimanov kampusu — 3 binadan ibarət tədris kompleksi (11 335,84 m²). Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1, ev 35A Bakıxanov kampusu — 26,93 hektar torpaq sahəsi və 1 900 m² tədris binası. Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsi 408
Digər obyektlər Yataqxana — 3 mərtəbəli bina, ümumi sahəsi 1 400 m². Ünvan: Bakı şəhəri, 8-ci km qəsəbəsi, Şirin Mirzəyev küçəsi 32 HASVET Baytarlıq Təbabəti Fakültəsi. Ünvan: Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi 72 Buzovna ərazisində 25,748 hektar özəl torpaq sahəsi — universitet şəhərciyinin tikintisi üçün layihələndirmə və hazırlıq işləri aparılır.
Himn Xəzər Universitetinin himni — sözləri Hamlet İsaxanlı, musiqisi Vasif Adıgözəlov və Ramiz Mustafayev tərəfindən yazılmışdır.Xəzər Universitetinin himni
Xəzər Universitetinin himni XƏZƏR UNİVERSİTƏM Xəzərimin sahilində əzəmətli Bakımda Dünyamıza şəfəq saçar Xəzər Universitəm. Şer, sənət, insaniyyət dərslərindən pay verər, Kainatın sirrin açar Xəzər Universitəm. Həyat dolu qucağıdır, Könlümün saf bucağıdır, Xoş niyyətlər ocağıdır Xəzər Universitəm.
Gəncliyimin qaynar çağı, Dəryaları, uca dağı, Gül-çiçəkli sevgi bağı Xəzər Universitəm.
Adı elə bəlli oldu, ölkə-ölkə arandı, Qucağında pıçıldandı neçə-neçə yar andı. Məna doldu həyatıma, zirvələrə can atdım, İlhamımın gur bulağı Xəzərimdən yarandı. Həyat dolu qucağıdır, Könlümün saf bucağıdır, Xoş niyyətlər ocağıdır Xəzər Universitəm. Gəncliyimin qaynar çağı, Dəryaları, uca dağı, Gül-çiçəkli sevgi bağı Xəzər Universitəm.
Xəzər Universitəsi Tələbə Valsı , Sözlər: Hamlet İsaxanlı; Musiqi: Ramiz Mustafayev Xəzər Universitəsi Tələbə Valsı Xəzər Universitəsi Tələbə Valsı
İlham pərim nur çilədi Göy ümmanın qırağında. "Xəzər"imi həkk etdi Ömrümün şah varağında.
Pak əmələ vurulmuşam, Könül, demə yorulmuşam, Damla‐damla durulmuşam "Xəzər"imin sorağında.
Təbiət eşqə düçarmış, Xəyallar qanad açarmış, Ulduzlar şölə saçarmış
Ayrılığa dözsəm əyər, Məftun könlüm qəribsəyər, Xumar‐xumar gülümsəyər, Nəğmə deyər fərağında.
Fakültələr
Humanitar, Təhsil və Sosial elmlər Humanitar, Təhsil və Sosial Elmlər Fakültəsi Xəzər Universitetində yaradılan ilk fakültələrdən biridir. 1992-ci ildən etibarən Humanitar fakültəsinin yaradılması barədə qərar qəbul edilmişdir. Fakültənin əsas fəaliyyət istiqamətləri: Humanitar, təhsil və sosial elmlər sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması Aparıcı universitetlərin təcrübəsi nəzərə alınmaqla müasir tədris proqramlarının hazırlanması Humanitar, təhsil və sosial elmlər sahəsində elmi tədqiqatların aparılması, elmi məqalələrin nəşri Seminarlar, təlimlər, vebinarlar və yerli və beynəlxalq elmi konfransların təşkili Beynəlxalq akademik əməkdaşlığın həyata keçirilməsi Müəllimlərin peşəkar inkişafını dəstəkləyən təlimlərin keçirilməsi Cəmiyyət üçün faydalı sosial, mədəni və maarifləndirici layihələrin həyata keçirilməsi
İqtisadiyyat və Menecment İqtisadiyyat və Menecment fakültəsi 1991-ci ildə təsis edilmişdir. Fakültə Azərbaycanda iqtisadiyyat və biznes təhsili sahəsində fəaliyyət göstərən ali təhsil strukturlarından biridir. Tədris prosesində Qərb təhsil sisteminin əsas prinsipləri regional ehtiyaclar nəzərə alınmaqla tətbiq olunur. Fakültədə təhsil dünyanın müxtəlif aparıcı universitetlərində təhsil almış professor-müəllim heyətinin iştirakı ilə müasir kurikulumlar əsasında həyata keçirilir.
Fakültə yerli biznes strukturları, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq məzunların maliyyə, audit, marketinq və idarəetmə sahələrində peşəkar fəaliyyətə hazırlanmasına yönəlmişdir. Fakültənin fəaliyyəti tələbələrin qlobal iqtisadi çağırışların öyrənilməsi və həlli prosesində iştirak etməsinə şərait yaradır, eləcə də iqtisadiyyat və biznesin əsas istiqamətləri üzrə biliklərin inkişafına və yayılmasına töhfə verməyi hədəfləyir.
İqtisadiyyat və Menecment fakültəsində iqtisadiyyat və biznesin müxtəlif sahələri üzrə tədris və elmi-tədqiqat fəaliyyəti həyata keçirilir. Fakültə bakalavr təhsil pilləsində iqtisadiyyat, marketinq, maliyyə, mühasibat uçotu, menecment və turizm ixtisasları üzrə təhsil proqramları təqdim edir. Müəllim heyətinin elmi-tədqiqat və tədris fəaliyyətinin geniş spektri, eləcə də xarici alimlər və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri proqramların beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasına imkan verir.
Fakültədə alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadiyyatı, enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi və əlaqəli sahələr üzrə elmi tədqiqatlara diqqət yetirilir.
Təbiət elmləri və mühəndislik Təbiət elmləri və Mühəndislik fakültəsi 1 fevral 2019-cu ildə Xəzər Universitetində fəaliyyət göstərən Mühəndislik və Tətbiqi elmlər fakültəsinin bazasında yaradılmışdır. Fakültənin yaradılması Azərbaycanın müasir inkişaf səviyyəsinə uyğun olaraq elm tutumlu sənaye sahələri üçün istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlanması zərurəti ilə əlaqədardır.
Mühəndislik və Tətbiqi elmlər fakültəsi 1991-ci ildə Xəzər Universitetinin təsis edilməsi ilə eyni dövrdə fəaliyyətə başlamışdır. Fakültə fəaliyyəti dövründə müxtəlif mühəndislik ixtisasları üzrə mütəxəssislər hazırlamış, beynəlxalq standartlara uyğun tədris proqramları və dərslərin təşkili sahəsində təcrübə formalaşdırmışdır. Hazırda fakültədə ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil proqramları həyata keçirilir.
Fakültənin tədris və elmi fəaliyyəti analitik düşüncə, yaradıcılıq və tədqiqat bacarıqlarının inkişafına yönəlmişdir. Təhsil prosesi mühəndislik və təbiət elmləri sahəsində nəzəri biliklərin praktiki tətbiqi prinsipi əsasında təşkil olunur.
Bakalavr proqramları
Fakültədə aşağıdakı bakalavr ixtisasları üzrə təhsil proqramları təklif olunur:
Kompüter elmləri Kompüter mühəndisliyi İnformasiya təhlükəsizliyi Neft-qaz mühəndisliyi İnşaat mühəndisliyi Radiotexnika və telekommunikasiya mühəndisliyi Elektrik və elektronika mühəndisliyi Fizika müəllimliyi Biotexnologiya Biologiya müəllimliyi Kimya və biologiya müəllimliyi Kimya müəllimliyi Kimya mühəndisliyi Riyaziyyat və informatika müəllimliyi Mexanika mühəndisliyi Coğrafiya müəllimliyi Təsviri incəsənət müəllimliyi Dizayn Memarlıq
Hasvet Baytarlıq Fakültəsi Hasvet Baytarlıq Fakültəsi Xəzər Universitetinin tərkibində 20 iyun 2025-ci ildə təsis edilmişdir. Fakültənin formalaşdırılması prosesi 2024-cü ilin noyabr ayından etibarən Xəzər Universitetində Baytarlıq Təbabəti departamentinin fəaliyyətə başlaması ilə başlanmışdır. 1 may 2025-ci ildə Xəzər Universiteti ilə Türkiyənin Hasvet A. Ş. şirkəti arasında əməkdaşlıq protokolu imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində Hasvet Baytarlıq Təbabəti Fakültəsi yaradılmışdır.
Xəzər Universiteti ilə Türkiyənin Hasvet Anonim Şirkəti arasında qurulan strateji əməkdaşlıq fakültənin beynəlxalq standartlara əsaslanan tədris modelinin formalaşdırılmasına imkan yaratmışdır. Fakültənin tədris prosesi müasir elmi prinsiplərə, metodoloji yanaşmalara və innovativ pedaqoji üsullara əsaslanır.
7 iyul 2025-ci ildə Hasvet tərəfindən təsis edilmiş Bakı Beynəlxalq Baytarlıq Xəstəxanası Xəzər Universiteti Hasvet Baytarlıq Təbabəti Fakültəsinin Tədris və Təcrübə Xəstəxanası statusunu almışdır.
Əsas fəaliyyət istiqamətləri Hasvet Baytarlıq Təbabəti Fakültəsi baytarlıq təhsili, elmi-tədqiqat və klinik xidmət sahələrində fəaliyyət göstərir. Fakültənin əsas istiqamətlərinə bakalavr və magistratura səviyyələrində nəzəri və praktik tədrisin təşkili, heyvan sağlamlığı, infeksion və zoonoz xəstəliklər, baytarlıq epidemiologiyası üzrə elmi tədqiqatların aparılması, klinik baza vasitəsilə diaqnostika və müalicə xidmətlərinin göstərilməsi, eləcə də milli və beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi daxildir.
Tədris və tədqiqat sahələri