180px 216px Müqəddəs Yelisey kilsəsinin (IX–XII əsrlər) dövrümüzə çatmış interyeri (solda) və Kabalaka qala divarlarının (III–IV əsrlər) əsas girişini əhatələyən qüllələrin dövrümüzə çatmış qalıqları (sağda)
217px 187px Yeddi kilsə monastırının (IV–V əsrlər) şərq bazilikasının qalıqları (solda) və Qum bazilikasını (IV–V əsrlər) neflərə bölən kolonnadaların qalıqları (sağda)
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır.
Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir.
IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür.
B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır. Erkən orta əsrlərdə Qafqaz Albaniyası ərazisində unikal memarlıq xüsusiyyətlərinə malik dairəvi məbədlər inşa edilir. VII əsrdən başlayaraq isə zal kompozisiyalı binalara günbəzlər əlavə edilir. V–VI əsrlərdən etibarən Qafqaz Albaniyasında xaç-günbəz tipli kilsələrin inşasına başlanılır, VII əsrdən bu tipli dini binalar geniş yayılır.
Qafqaz Albaniyasının memarlığı Cənubi Qafqaz və ləzgi memarlığına təsir etmişdir.
Tarixi-mədəni mühit Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. Professor K. Trever qeyd edir ki, Mingəçevirdəki Sudağılan məbədlərində olduğu kimi, bəzi hallarda xristianlıqdan əvvəlki dövrə aid məbədin harda bitib, xristian məbədinin harda başlamasını müəyyən etmək mümkün deyil. IV əsrin əvvəllərində Qafqaz Albaniyası tarixinin yeni mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas həlledici faktorlarından biri feodal ictimai-iqtisadi münasibətlərinin yaranması və inkişafı, xristianlığın dövlət dini elan edilməsidir. Həmin dövrün ən mühüm hadisələrindən biri ölkənin ümumi mədəni həyatında dirçəlişə təkan verən Alban əlifbasının yaradılması olmuşdur. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan (487–510) və Cavanşirin (637–680) hakimiyyətləri dövrünə təsadüf edir. Moisey Kalankatlı bildirir ki, Arşakilər sülaləsindən olan hökmdarlardan yalnız III Vaçaqan ölkədə "ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdi." "Xəlifənin bəxş etdiyi bütün şərəflərdən imtina edən" Cavanşir Mehrani isə "daha çox inşaat və ölkəsinin abadlaşdırılması ilə məşğul olmuşdur."
Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Erkən xristian memarlığı yalnız inşaat ənənələri baxımından deyil, həm də mövcud dini tikililərin memarlıq-planlaşdırma strukturunun mənimsənilməsinə görə daha əvvəlki dövrlərə aid yerli memarlıqla əlaqəlidir.
Qafqaz Albaniyası ərazisində ilk xristian kilsələri xristianlığın dövlət dini elan edilməsindən xeyli əvvəl inşa edilmişdir. Moisey Kalankatlının Rostak əyaləti ərazisində Tərtərçayı sahilində inşa edildiyini göstərdiyi kilsə kimi erkən kilsələrin bir çoxu taxtadan inşa edilmiş gil və ya saman qarışıq əhəng məhlulu ilə suvanmışdır. Sonrakı dövrlərdə taxta kilsələrin yerində daş və kərpic kilsələr ucaldılmış, taxta kilsələr haqqında məlumatlar isə yalnız mənbələrdə qalmışdır. Məmmədova 34 Xristianlığın dövlət dini elan edilməsindən sonra ölkə ərazisində köhnəə məbədlərin yeni dinə uyğunlaşdırılması və yeni məbədlərin inşasına başlanılmışdır.
Yeni dinin təbliğatçıları xristianlıqdan əvvəlki dövrə aid ziyarətgah və ibadət yerlərini bacarıqla öz təbliğatları üçün istifadə etməyə başlayırlar. Qədim dövrlərdən yerli əhalinin ziyarət etdiyi belə məkanlarda çox vaxt politeist məbədlərinin inşaat və memarlıq xüsusiyyətlərini də qoruyub saxlayan kilsələr inşa edilirdi.
Musa Kalankatlının mənbə məlumatları Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsəri Qafqaz Albaniyasının tarixi və memarlığı üzrə əsas mənbə olmaqla, etnik, ərazi, siyasi və dini həyatın öyrənilməsi, hökmdarlar və ölkə tarixində iz qoymuş digər şəxslərin fəaliyyəti, o cümlədən quruculuq işlərinin tədqiqi, Alban Həvari Kilsəsinin yaranması, onun politeizm və sektantizmlə mübarizəsinin işıqlandırılması üçün müxtəlif materiallarla zəngindir. Mənbədə memarlıq və tikinti işləri ilə bağlı hər üç hissədə (əsər üç hissədən ibarətdir) məlumat olsa da, ilk iki hissə bu cür məlumatlarla daha zəngindir. M. Kalankatlı Qafqaz Albaniyasında kilsə tikintisinin təməlinin qoyulmasının I əsrdə başlamasından bəhs edərək, Qafqaz Albaniyasının "müdəqqəs maarifləndiricisi" Həvari Yeliseyin ölkəyə gələrək Gisdə ilk kilsə inşa etməsi və "qansız qurban gətir"məsini xəbər verir. Ənənəvi olaraq bəhs edilən bu kilsə, Şəki rayonunun Kiş kəndindəki Müqəddəs Yelisey kilsəsi ilə identikləşdirilir, lakin sonradan Gis kəndi tarixçi tərəfindən Mesrop Maştotsun fəaliyyəti ilə əlaqədər olaraq da xatırlanır. Kalankatlı qeyd edir ki, "Ermənistandan yolla irəliləyən Maştots Şərq ölkəsinə çatdı, burada Uti əyalətində bataqlıq, mamırlarla örtülmüş Gis adlı yerdə məskunlaşdı." Albaniyanın digər əyalətlərində olduqdan sonra, təhlükəni hiss edən Maştots Gisə geri döndü və "…burada müqəddəs xaçın bir hissəsini dəfn etdi. Bundan sonra, o və tələbələri iki qrupa bölündülər. Birinci hissəs Mets-Kolmank əyalətindən çıxmağı qərara aldı. İkinci hissə isə elə oradaca öldürüldü. Yeni dini qəbul etmiş şəxslərdən bir nəfər onların məzarı üzərində dördbucaqlı kilsə inşa etdi. Sonradan genişləndirilmiş bu kilsə Gisin qədim kilsəsi adlandırıldı." Professor G. Məmmədova qeyd edir ki, Kalankatlının əsərin əvvəlində Gisdə inşa edilməsini xəbər verdiyi və "alban kilsələrinin anası" adlandırdığı qədim kilsəni yenidən Gisdən bəhs edərkən xatırlamamasından belə qərara gəlmək olar ki, söhbət eyniadlı iki fərqli kənddən gedir.
Kalankatlı həm də xristianlığın Qafqaz Albaniyasında dövlət dini kimi qəbul edilməsindən sonra inşa edilmiş ilk kilsə haqqında məlumat verir. Həmin kilsə, mərdlik göstərərək İberiya və Albaniyanı maarfləndirmək üçün yola çıxmış Maarifçi Qriqorinin adı ilə əlaqələndirilir. "Haband vilayətinə gələrək, o, xalqa tanrı oğlunun qanunlarını öyrətdi və riayət etməyi buyurdu, daha sonra Amaras şəhərində kilsənin təməlini qoyaraq, tikinti üçün işçilər və memarlar təyin etdi." Arxeoloji tədqiqatların nəticəsi göstərmişdir ki, həmin zaman inşa edilmiş kilsə, üçnefli bazilika olmuşdur. Həmin Amaras monastırı ərazisində VI əsrin əvvəllərində, III Vaçaqanın hakimiyyəti dövründə Qafqaz Albaniyasının ilk katolikosu Müqəddəs Qriqorisin məzarı üzərində başqa bir kilsə inşa edilmişdir. "Məzarın üzərində kilsənin əsası qoyuldu, onun tamamlanmasına tələsildi və Müqəddəs Qriqoris kilsəsi adlandırıldı." Elə həmin dövrdə, III Vaçaqanın göstərişi ilə onun doğma kəndi Dütaqanda da Müqəddəs Panteleon kilsəsi inşa edilmişdir. Dütaqan kəndinin xarabalıqları hazırda Tərtər rayonunun Madaqiz kəndi yaxınlığında yerləşir.
Kalankatlı hələ erkən xristianlıq dövründə (IV–V əsrlər) Qafqaz Albaniyası ərazisində monastırların inşa edilməsindən bəhs edir. Ölkədə ən qədim monastırlardan biri assuriyalılar tərəfindən inşa edilmişdi: "Bir neçə süryani monaxı onların (Müqəddəs Qriqoris və tələbələrinin) cəsədlərini götürərək Qaku kəndində dəfn etdilər, həmin yerdə monastırın əsasını qoydular və hələ də həmin müqəddəslərin cəsədləri monastır ərazisində qalmaqdadır." Qaku kəndinin Qafqaz Albaniyasının hansı ərazisində yerləşməsi müəyyən edilməmişdir. Kalankatlı Cavanşir tərəfindən Girdiman qalasında və Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: "Bizans imperatoru, İraklinin nəvəsi II Konstantindən Müqəddəs xaçın bir hissəsini hədiyyə olaraq aldıqdan sonra, müdrik Cavanşir, öz əyaləti olan Girdmanda Tanrı evinin əsasını qoydu və onu möhtəşəm bəzədi. İki il davam edən mbarizə nəticəsində xəzərlərin qovulmasından sonra məbədin inşası tamamlandı." "Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi…Buradan böyük kütlə ilə hərəkət edərək araç (yanvar) ayının on birinci günündə Girdman yalətinə daxil oldu. O, Müqəddəs xaçın qalığını inşa etdirdiyi anrı evində yerləşdirdi." G. Məmmədova tarixçinin bu məlumatına istinadən qeyd edir ki, Girdman qalasındakı monastır və onun baş kilsəsi 662–664-cü illərdə inşa edilmiş, həsr edilmə (ithaf) mərasimi 664-cü ildə baş tutmuşdur. Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. Girdiman əyalətinin sərhəddi Kürəkçaydan keçirdi. Tarixçi tərəfindən verilmiş koordinatlar nəzərə alındıqda həmin monastır Goranboy rayonu ərazisində yerləşməlidir.
Qafqaz Albaniyasını, alban hökmdarları və knyazlarını təsvir edən Kalankatlı, xüsusilə onların quruculuq fəaliyyətinə diqqət çəkir. "Cəsur Vaçaqandan Mömin Vaçaqana kimi on hökmdar olmuşdur ki, onlardan yalnız Mömin Vaçaqan ölkədə ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdir." Əsərdə dəfələrlə Cavanşir tərəfindən həyata keçirilmiş quruculuq işlərinə diqqət çəkilir: "O, inşa etməyi, ağac əkməyi həzz almağı və sülh vəziyyətində yaşamağı əmr etdi. O, çoxlu saraylar inşa etdirdi və insanın həzz ala biləcəyi hər şeyə sahib oldu." Ərəb işğalından əvvəlki dövrdə Qafqaz Albaniyasında memarlığın çiçəklənməsini həm də Kalankatlının "böyük şəhər Çolanın nəhəng divarı" adlandırdığı Dərbənd qalasının inşası sübut edir. Tarixçi qalanın inşası haqqında yazır: "Pers şahları Qafqaz dağları və böyük şərq dənizi arasında nəhəng binanı inşa etmək üçün memarlar və materiallar axtarışı ilə bizim ölkəni talan etdilər."
Ərəb işğalı ilə əlaqədar olaraq inşaat işlərində bir müddət səngimə baş versə də, IX əsrdə yenidən inşaata təkan verilmişdir. Mehranilər sülaləsindən olan Adernerseh və onun ailə üzvləri bu işdə iştirak etmişlər. Knyazın həyat yoldaşı "xanım Sprama günlərini xeyriyyəçilikdə keçirərək, Sodenk əyalətində monastır inşa etdirdi və onu gözəl bəzədi." Adernerseh özü Xandu qalasını və hökmdar hamamlarının yerləşdiyi Vaykunik kəndində saray inşa etdirdi. Tarixçinin qeyd etdiyi Handu qalası Ağdərə rayonu ərazisindəki Handaberddir. Onun oğlu Qriqor "Xavaxaqaçin qalasını inşa etdirərək hakimiyyətini həmin ərazidə yaydı." İ. Orbeli Havaxaqaçin qalasını Ağdərə rayonu ərazisindəki Havaqala ilə eyniləşdirir.
"Alban ölkəsinin tarixi" əsərində bəzi şəhərlərin salınması haqqında da məlumatlar vardır. Kalankatlı Sasani şahı Firuzun göstərişi ilə Vaçe tərəfindən Firuzabad-Partav şəhərinin, Mehr tərəfindən Girdman vilayətində Mehrəvan şəhərinin inşa edilməsi haqqında məlumat verir.