Hörümçək-adam 3 () — 2007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır. Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur. Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. Herri Ozborn isə supercinayətkar olaraq atasının qatilindən qisas almaq istəyir. Trilogiyanın üçüncü filmində Hörümçək-adam polislərdən qaçarkən təhlükəli ərazidə Qum-adama çevrilmiş, Piterin əmisi Ben Parkeri qətlə yetirən Flint Marko ilə də mübarizə aparır.
“Hörümçək adam 3” filminin çəkilişləri “Hörümçək adam 2” filminin nümayiş edilməsindən dərhal sonra başladılmışdır. Filmin çəkilişləri başladılan vaxt ilk növbədə rejissor Sem Reymi Qum-adamla yanaşı başqa bir supercinayətkarı da filmə əlavə etmək istəyirdi. Prodüserlərdən biri olan Avi Arad filmə Venom personajını əlavə etdi. Həmçinin istehsalçılar filmə Qven Steysi obrazının da əlavə edilməsini xahiş etdilər. Filmin əsas çəkilişləri 2006-cı ilin yanvar ayında Los-Anceles və Klivlenddə başladı, daha sonra isə 2006-cı ilin iyul ayına kimi Nyu-York şəhərində davam etdi. 2006-cı ilin avqust ayına kimi filmin əlavə çəkilişləri reallaşdırıldı və film 2006-cı ilin oktyabr ayında tamamlandırıldı. Post-istehsal ərzində “Sony Pictures Imageworks” şirkəti film üçün 900 vizual effekt yaratdı. Filmin ümumi istehsal büdcəsi 258 milyon ABŞ dolları idi. Bununla da film həmin il çıxarıldıqdan sonra ən bahalı film oldu.
“Hörümçək adam 3” filminin 16 aprel 2007-ci ildə Yaponiyanın paytaxtı Tokioda premyerası baş tutdu. Daha sonra 4 may 2007-ci ildə ABŞ-də və “IMAX” teatrında nümayiş edildi. Filmin bütün dünyada nümayiş edilməsindən sonra ümumi gəliri 890,9 milyon ABŞ dolları oldu. Bununla da film trilogiyanın ən uğurlu filmi oldu. Film “2007-ci ilin ən yüksək gəlirli filmləri” siyahısında üçüncü yerdə qərarlaşdı və “Hörümçək-adam” trilogiyasında “ən yüksək gəlirli filmlərin siyahısı”nda yer aldı. “Rotten Tomatoes” saytında tənqidçilər filmin döyüş səhnələrini yüksək qiymətləndirirdilər, lakin filmin giriş hissəsini digər trilogiyanın filmlərinə nəzərən daha az keyfiyyətli olduğunu qeyd etdilər.
Trilogiyanın dördüncü filminin çəkilməsi planlaşdırıldı və “Hörümçək-adam 4” filminin çəkilişləri 6 may 2011-ci ildə başlanıldı. Lakin daha sonra Reyminin digər yazıçılara və prodüserlərlə yaradıcılıq fərqlilikləri səbəbi ilə film ləğv edildi. “Sony” şirkəti tərəfindən yeni rejissor və aktyor heyəti ilə franşizi yeniləməyə qərar verildi. “Heyranedici Hörümçək-adam” filmi 3 iyul 2012-ci ildə buraxıldı. Filmin rejissoru Mark Uebb oldu. Yeni Hörümçək-adamı isə Endrü Qarfild canlandırıldı. Daha sonra “Sony” və “Disney” şirkətləri Hörümçək-adamın “Marvel Kinematoqrafiya Kainatı”nda peyda olması barədə razılığa gəldilər. 2017-ci ildə isə Con Uottsun rejissoru olduğu “Hörümçək-adam: Evə qayıdış” filmi ekranlaşdırıldı.
Məzmun
Otto Oktaviusun özünü qurban verməsindən iki il sonra Piter Parker Brodveydə teatr tamaşası debütünü etmiş Meri Ceyn Uotsona evlilik təklifi etməyi planlaşdırır. Daha sonra Mərkəzi Parka bir meteorit düşür və ordan çıxan yadplanetli simbiot Piteri mənzilinə qədər təqib edir. Atasının qisasını almaq istəyən Herri Ozborn atasının Yaşıl qoblin texnologiyasından istifadə edərək Piterə hücum edir, lakin döyüş zamanı keçirdiyi qəzadan sonra amneziya yaşayır və Piterin Hörümçək-adam olması ilə bağlı xatirələrini unudur. Bu zaman polislər həbsxanadan qaçmış Flint Marko adlı cinayətkarın dalınca düşürlər. Marko həyat yoldaşını və ölüm döşəyində olan qızını ziyarət etdikdən sonra yenə polislərdən qaçmağa başlayır. Qaçarkən hissəcik sürətləndiricinin sınaqdan keçirildiyi əraziyə düşür və DNT-si qumla qarışır. Nəticədə, qumu istədiyi kimi idarə etmək və formaya salmaq gücünə malik Qum-adama çevrilir.
Qven Steysinin həyatını xilas etdiyi üçün ona həsr olunmuş festivala gələn Hörümçək-adam Qven Steysini öpür və Meri Ceynin qısqanmasına səbəb olur. Supergüclü Marko zirehli maşını qarət edir və Hörümçək-adam onunla döyüşür. Marko asanlıqla Hörümçək-adamı dəf edir və qaçır. NYPD kapitanı Corc Steysi (Qvenin atası) Piterə və Mey xalaya Markonun əslində Ben dayının əsl qatili olduğunu bildirir. Ölmüş Dennis Karradin sadəcə Markonun partnyoru idi. Markonu gözləyən Piter Hörümçək-adam kostyumu ilə yatır və bu zaman simbiot onun kostyumunu ələ keçirir. Piter bir binanın başında oyanır, kostyumun dəyişdiyini və güclərinin artdığını görür. Lakin simbiot Piterin qaranlıq tərəfini oyadır. Yeni kostyumunu geyinən Hörümçək-adam Markonun yerini aşkarlayır və ona metro tunelində hücum edir. Suyun Markonun zəif tərəfi olduğunu kəşf edən Hörümçək-adam su borusunu partladır və Markonu palçığa çevirir.
Piterin dəyişmiş şəxsiyyəti karyerasında yüksəliş yaşayan Meri Ceynə yad gəlir və o, təsəllini Herri ilə tapır, lakin daha sonra onu peşmançılıqla tərk edir. Herri amneziyasından sağalır və atasının hallusinasiyasından xəbərdar edilir. O, Meri Ceyni Piterdən ayrılması üçün hədələyir. Meri Ceyn telefonda Piterə "başqasını sevdiyini" deyir, Herri Piter ilə görüşür və həmin oğlanın o olduğunu bildirir. Piter Herrini Merri Ceyni münasibətlərini bitirməyə məcbur etdiyi üçün ziyarət edir və ona əslində atasının onu heç vaxt sevmədiyini deyir. Aralarında döyüş başlayır, Herri Piterə balqabaq bombası atır, lakin Piter onu Herriyə geri atır və Herrinin üzünün bir hissəsi deformasiyaya uğrayır.
Eyni zamanda Piter rəqib fotoqraf Eddi Brokla yarışır. Brok ştatlı fotoqraf işini əldə etmək üçün Hörümçək-adamı cinayətkar kimi qələmə verən qara kostyumlu paltarının şəklini çəkdiyini iddia edir. Lakin Piter şəklin saxta olduğunu sübut edir, nəticədə, qəzetin baş redaktoru Cey Cona Ceymson Broku qovur və onun işini Piterə verir. Daha sonra Meri Ceyni qısqandırmaq üçün Piter Qveni onun işlədiyi gecə klubuna gətirir. Bunu anlayan Qven gecə klubunu tərk edir. Bu zaman Piter mühafizəçilərə hücum edir və səhvən Meri Ceyni vurur. Piter nəhayət simbiotun onu məhv etdiyini anlayır. Bir kilsənin zəng qülləsinə dırmaşan Piter zəngi çaldıqdan sonra simbiotu bədənindən azad edir. Simbiot kilsədə Piterin ölümü üçün dua edən Broka yapışır və onu Venoma çevirir. Brok metroda Hörümçək-adam tərəfindən məğlub edilsə də, sağ qala bilən Qum-adamı tapır və onu birlikdə Hörümçək-adamı məğlub etməyə razı sala bilir.
Özünü taksi sürücüsü kimi qələmə verən Brok Meri Ceyni qaçırır və tikintisi davam edən bir binanın başında torlardan asır. Marko isə polisləri uzaq saxlayır. Piter Herridən kömək istəyir, lakin Herri kömək etməyi rədd edir. Hörümçək-adam Brok və Marko ilə döyüşür, bu zaman atasını ölümü haqqında həqiqəti öyrənən Henri onun köməyinə çatır, nəticə də, dördü arasında döyüş başlayır. Herri Qum-adamı zəiflədir, daha sonra Hörümçək-adama Broka qarşı zərbə endirməsinə kömək edir. Həlledici döyüşdə Brok Piteri Herrinin planeri ilə öldürməyə çalışır, lakin Herri özünü qabağa atıb özünü fəda edir. Simbiotun zəifliyini xatırlayan Herri Brokun ətrafında borulardan ibarət dəmir sədd çəkir və ona sonik hücum təşkil edir. Nəticə də, Brokla simbiot ayrılırlar. Hörümçək-adam Herrinin planerindən çıxan balqabaq bombasını aktivləşdirib simbiota atır, lakin Brok özünü simbiota tərəf atır və onunla birlikdə partlayır.
Daha sonra Marko Ben əminin ölümünün qəza olduğunu, onun əslində ona kömək etməyə çalışdığını deyir. Piter onu bağışlayır və Marko gedir. Piter və Meri Ceyn Herrinin yanına gəlirlər, Herri sakitcə ölür. Piter, Meri Ceyn və Mey xala Herrinin dəfnində iştirak edirlər. Daha sonra gecə klubunda Piter və Meri Ceyn barışıb rəqs edirlər.
Rollarda Tobi Maquayr – Piter Parker / Hörümçək-adam: Kolumbiya Universitetinin fizika tələbəsi və “Daily Bugle” qəzetinin sərbəst fotoqrafıdır. Hörümçək-adamın super güclərinə malik olduqdan sonra, bu güclərini Nyu-York şəhərini özünün təhlükəli yeraltı dünyasından və şəhərin supercinayətkarlarından qorunmasında istifadə edir. Kirsten Danst – Mery Ceyn Uatson: Brodvey teatrının aktrisası və Piterin sevgilisidir. Ceyms Franko – Herri Ozborn / Yeni qoblin: Norman Ozbornun kiçik qisasçı oğlu və Piterin ən yaxın dostudur. O, Hörümçək-adamın onun atasının qətlində əli olduğunu düşünür. Daha sonra Piterin Hörümçək-adam olduğunu biləndə yeni supercinayətkara – Yeni qoblinə çevrilir. Herri psixopatik qatil kimi atasının bəzi döyüş avadanlıqları ilə silahlanaraq Piterlə döyüşə girməyi bacarır. Tomas Heyden Çörç – Flint Marko / Qum-adam: Həyat yoldaşı və xəstəlikdən əziyyət çəkən qızı ilə yaşayan şəxsdir. Qızının müalicə edilməsi üçün pul oğurluğu edərkən Piter Parkerin əmisi Ben Parkeri qətlə yetirmişdir. Buna görə də o, Hörümçək-adamın düşməninə çevrilir və onunla mübarizə aparır. Tofer Qreys – Eddi Brok / Venom: “Daily Bugle” qəzetinin fotoqraflarından biridir. Hörümçək-adamın fotoşəkilini çəkmək üçün Piterlə rəqabət aparır və ondan qisas almaq istəyir. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Daha sonra Eddinin bədəni Simbiotla bağlanır və o, super güclərə sahib olaraq dəhşətli bir hala çevrilir. Brays Dallas Hovard – Qven Steysi: Piterin laboratoriyada tələbə yoldaşıdır. Hörümçək-adam onu ölümdən xilas etmişdir. O, həmçinin Brokun sevdiyi qadındır. Ceyms Kromvell – Corc Steysi: Qven Steysinin atası və “Nyu York Şəhər Polis Bölməsi” idarəsinin kapitanıdır. Rozmari Harris – Mey Parker: Piterin əmisi arvadı. O, Piteri Meri Ceynə evlənmə təklif etməsinə və nişan üzüyü almasına razı salır. O, həmçinin Piterin həyatının məsləhətçisidir. C. K. Simmons – Cey Cona Ceymson: “Daily Bugle” qəzetinin əsəbi baş redaktorudur. O, Hörümçək-adama nifrət edir.
Tereza Rassell Flintin həyat yoldaşı Emma Marko obrazını, onun qızı Penni Marko obrazını isə Perla Heyni Cardin ifa etmişdir. Dilan Beyker Piterin təhsil aldığı universitetdə fizika professoru olan Həkim Kurt Konnors obrazını canlandırmışdır. Bill Nann və Ted Reymi “Daily Bugle” qəzetində işləyən Robbi Robertson və Ted Xoffmen obrazlarını ifa etmişdilər. Elizabet Benks Ceymsonun katibəsi Betti Brant obrazını oynamışdır. Uillem Defo isə filmdə Norman Ozborn obrazı kimi şəkillərdə, Herri Ozbornla danışan qarabasma kimi peyda olmuşdur. Kliff Robertson filmdə Piterin əmisi Ben Parkeri canlandıraraq iştirak etmişdir. Robertson filmdə Piterin əmisinin ölüm hadisəsini yadına salanda və filmin sonundakı səhnədə çıxış etmişdir. İlya Baskin Piterin mənzil sahibi Mr. Ditkoviç obrazını, Maceyna Tovah isə onun qızı Ursula obrazını canlandırmışdır. Maykl Papacon Ben Parkerin ölümündə əli olduğu düşünülən, maşını oğurlayan Dennis Karadin rolunu ifa etmişdir. Hörümçək-adam personajının yaradıcılarından biri olan Sten Li filmdə kameo rol canlandırmışdır. O, burada Piter Parkerə bir insan hər şeyi dəyişdirə bilər fikrini qeyd edir.