Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.

Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir. Həmçinin Məmməd Araz, Xəlil Rza Ulutürk, İsi Məlikzadə, Həsən Məmmədov, Həsənağa Turabov və Ramiz Məlik kimi incəsənət xadimləri də partiya sıralarında olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyasından ayrılmış şəxslər daha sonra öz partiyalarını təsis etmişdir. Məsələn, 1992–1993-cü illərdə partiyanın Sumqayıt Şəhər Təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ildə Azərbaycan Naminə Alyans Partiyasını, 1992–1993-cü illərdə partiya rəhbərliyində təmsil olunmuş Vilayət Quliyev, Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov, Vaqif Kərimov və başqaları 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasını, partiyanın 1996–1998-ci illərdə baş katibi olmuş Elşad Musayev 2003-cü ildə Böyük Azərbaycan Partiyasını, partiyanın ikinci sədri olmuş Əli Əliyev 2005-ci ildə Vətəndaş və İnkişaf Partiyasını, 1998–2003-cü illərdə partiyanın sədr müavini olmuş İlqar Məmmədov isə 2009-cu ildə Respublikaçı Alternativ Hərəkatını təsis etmişdir.

Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 1993–1995-ci illərdə hüquqşünas Fuad Ağayev, 1998–2000-ci illərdə Altay Hüseynov, 2000–2003-cü illərdə Etibar Ələsgərov və Elşad Qurbanov, 2003–2005-ci illərdə isə Asəf Əliyev və Arzuxan Əlizadə təmsil etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Milli İstiqlal Partiyasının üzvlərinin 89%-i kişi, 11%-i isə qadın olmuşdur.

Tarixi

Yaradılması 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci ildə Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyasının təsisçisi və ilk sədri Etibar Məmmədov|thumb|200px

15 may dövlət çevrilişinin nəticəsi olaraq Ayaz Mütəllibov hakimiyyətdən uzaqlaşdırılmlş və Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ almışdır. İlk zamanlarda Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvü və İdarə Heyətinin üzvü Etibar Məmmədov baş verən proseslərdə Azərbaycan Xalq Cəbhəsini dəstəkləsə də, zaman keçdikcə onun fikirləri dəyişmişdir. Etibar Məmmədov rəhbərliyində bir qrup şəxs Azərbaycan Xalq Cəbhəsini siyasi səriştəsizlikdə, yanlış kadr seçimlərində, kadr seçimində tanışlıq amilinin işə salınmasında, avtoritarlaşma və müxalif fikrə dözümsüzlüklə ittiham edərək Azərbaycan Xalq Cəbhəsinə olan dəstəyini geri çəkmişdir.

Çevrilişdən sonra yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasında bütün nüfuzlu siyasi təşkilatlara yer verilməsi nəzərdə tutulurdu. Bu səbəbdən də yeni yaranmaqda olan Azərbaycan Milli İstiqlal Partiyasından bir nəfər – Fuad Ağayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir. Qurultayın ilk günündə sabiq dövlət katibi, sabiq baş nazir Pənah Hüseyn tərəfindən prezident Əbülfəz Elçibəyin təbrik məktubu oxunmuşdur.

Qurultayın 2-ci günündə təbrik üçün Müstəqil Azərbaycan Partiyasının adından sədr Nizami Süleymanov, Azərbaycan Demokrat Partiyasının adından sədr Sərdar Cəlaloğlu, Azərbaycan İslam Partiyasının adından sədr Hacı Əlikram, siyasətçi Qurban Məmmədov, Azərbaycan Sosial Demokrat Partiyası adından Zərdüşt Əlizadə, Azərbaycan Ana Torpaq Partiyası adından sədr Rövşən Qəmbər, "20 Yanvar" və Azərbaycan–Polşa cəmiyyətlərinin sədrləri iştirak etmişdir. Həmçinin, Azərbaycan Azad Həmkarlar Birliyinin sədri Nemət Pənahlı da təbrik məktubu göndərmişdir. Qurultayın gedişatı zamanı Etibar Məmmədov öz şəxsi qəzeti olan "Millət" qəzetinin partiyanın rəsmi mətbuat orqanına çevriləcəyini elan etmişdir. Qurultayın ikinci günündə nizamnamə səsə qoyulmuş, iştirak edən 482 nəfərin yekdil qərarı ilə nizamnamə qəbul olunmuşdur. Daha sonra qurultay nümayəndələri arasından 7 nəfərdən ibarət seçki komissiyası təşkil olunmuş, Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzv sayısı səsvermə ilə 15 nəfərdən olması qərara alınmışdır. Nizamnaməyə əsasən, partiya sədrliyinə namizədlər elan olunmalı və namizədlər sədr seçiləcəyi təqdirdə təyin edəcəkləri müavinləri açıqlamalı idilər. Qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultay iştirakçıları arasından Şadman Hüseyn və Nazim İmanovun namizədliyi də təklif olunmuşdur. Lakin Nazim İmanov çıxış edərək özünün və Şadman Hüseynin namizədliyini geri götürdüyünü və Etibar Məmmədovun namizədliyini dəstəklədiklərini elan etmişdir. Tək namizəd olaraq seçkiyə qatılan Etibar Məmmədov sədr müavini olaraq Nazim İmanovun adını açıqlamışdır. Qurultay iştirakçıları Şadman Hüseynin də sədr müavinliyə namizədliyini istəsə də, o Gəncədə yaşadığı üçün və Milli Məclisin üzvü olduğu üçün namizəd olmamışdır. Qurultay sədarətinə qəbul olan ərizəyə əsasən Təşkilat Komitəsinin üzvləri Mərkəzi Şuraya namizəd siyahısına salınmışdır. Ardınca səsvermə ilə partiyanın emblemi seçilmişdir. Əməkdar rəssam Zaur Kantemirovun həmmüəlifi olduğu emblem dairə şəklində, qalxan formasında və Azərbaycan bayrağı rənglərini daşıyır. Nazim İmanov rənglər bayraqdan götürüldüyünü, ağ rəngin isə paklığı ifadə etdiyini açıqlamışdır. Qurultayda ağ fonda "Azərbaycan MİP" yazan, qırmızı ay-ulduzlu, məşəl formasında sarı rəngdə nöqtəsi əvəzinə dalğalanan üçrəngli bayraq olan "İ" hərfi yazılmış alternativ emblem də seçilmişdir.

Qurultayın ikinci günündə rəhbər orqanlara və sədrliyə seçkilər keçirilmişdir. Qurultaya nümayəndə seçilən 503 nəfərdən qurultayda 486-sı iştirak etmişdir. Onlardan 421 nəfəri seçkilərdə iştirak etmiş, tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilmişdir. Sədr müavinliyinə namizəd Nazim İmanovun lehinə 416 səs, əleyhinə isə 5 səs verilmişdir. Beləliklə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Nazim İmanov isə sədrinin müavini seçilmişdir.

Qurultayın davamında 1-i qadın, 14-ü kişi olmaqla 15 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına üzvü seçilmişdir. Onlar sırasında professor Həsən Balıyev, siyasətçi Elşad Musayev kimi şəxslər də olub.

Qurultayda partiyanın ilk Mərkəzi Şurasına üzvlər seçilmişdir, onlar da öz aralarından Siyasi Şura üzvlərini seçmişdir ki, bu üzvlərin siyahısı aşağıdakı kimi idi:

Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayından 13–14 gün sonra, 17 iyul 1992-ci ildə partiya Ədliyyə Nazirliyi tərəfindən 1 nömrəli şəhadətnamə ilə rəsmi dövlət qeydiyyatına alınmışdır. Beləliklə, 71 illik təkpartiyalı sistem tarixə qovuşmuş və müstəqil Azərbaycan Respublikasının ilk rəsmi siyasi partiyası fəaliyyətə başlamışdır.

Etibar Məmmədov dövrü (1992–2004) 4 iyul 1992-ci il tarixli Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayında Etibar Məmmədov sədr seçilmişdir. Lakin ötən 1 il ərzində partiya sıralarına qatılan insanların sayısı artdıqca partiyadakı təmsiliyyət prinsipinin ədalətsizliklə nəticələnməməsi üçün növbədənkənar qurultay çağırmışdır. Növbədənkənar qurultaya az müddət qalmış Azərbaycanda siyasi xaos yaranmışdır. Belə ki, 4 iyun Gəncə qiyamı və ardınca hakimiyyət dəyişikliyi baş vermiş, Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri və prezidentin səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə seçilmişdir. Bu hakimiyyət dəyişikliyi Azərbaycan Milli İstiqlal Partiyası daxilində müzakirələrə səbəb olmuş, Heydər Əliyev isə qeyri-rəsmi olaraq partiya sədri Etibar Məmmədova və partiya üzvlərinə hakimiyyətdə təmsil olunmağı təklif etmişdir. Partiya daxili müzakirələr nəticəsində təmsil olunmağı dəstəkləyənlər — Babək Hüseynov, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etmişdir. Əleyhdarlar Nazim İmanov, Fuad Ağayev, İsa Məmmədov, Bəxtiyar Nəcəfov kimi şəxslər olmuşdur. Bu hadisələrdən sonra qurulan I Heydər Əliyev hökumətində Azərbaycan Milli İstiqlal Partiyası üzvləri təmsil olunmasa da, yeni qurulan Azərbaycan Demokratik İstiqlal Partiyası üzvləri müxtəlif vəzifələrə təyin olunmuşdur.

Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak etmiş və Sumqayıt şəhər təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ilin may ayında partiyadan istefa vermişdir. O, 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının Təşkilat Komitəsini təsis etmiş və ona rəhbərlik etmişdir.

Növbədənkənar qurultay 4–5 sentyabr 1993-cü il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir. Qurultaya seçilmiş 47-si qadın, 377-si kişi olmaqla 424 qurultay nümayəndəsi qurultayda iştirak etmişdir. Onlardan 155-i partiyanın ilk qurultayının da nümayəndəsi olmuşdur. Qurultayın açılışında sədr Etibar Məmmədov mövcud siyasi vəziyyətə şərhini və tənqidlərini bildirmiş, qurultayın siyasi vəziyyətlə əlaqədar olmadığını bildirmişdir. Belə ki, o, ilk qurultay dövründə partiyanın 4806 nəfər olan üzv sayının hazırda 34028 nəfər olduğunu bildirmiş, belə vəziyyətdə isə təmsiliyyətdə ədalətsizliyin yarandığı üçün növbədənkənar qurultay çağrıldığını açıqlamışdır.