Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; ) — SSRİ və Azərbaycan diplomatı.Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı — O, azərbaycanlı idi FOTOLAR. publika.az, 08.10.2016
Həyatı Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir. 1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edir və Sima Eyvazova bir müddət bu vəzifədə çalışır. Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin etmişdir. Belə ki, 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat almışdır. O, burada SSRİ dağılanadək çalışmışdır. SSRİ dağılan ərəfədə — 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınmışdır.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli Fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilmiş və bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilmişdir. 28 iyun 1999-cu ildə ezamiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən o, geri çağırılmışdır.Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi S. R. Eyvazovanın ezamiyyət müddətinin bitməsi ilə əlaqədar geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1999-cu il tarixli, 146 nömrəli Fərmanı. e-qanun.az O, 6 xarici dil bilirdi ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləri idi.
Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub. Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətinən olan ilk qadın diplomatdır.
Sima Eyvazova 6 may 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Cenevrədə vəfat edənlər Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan qadın diplomatları Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri