Rövşən Bəxtiyar oğlu Cavadov () — Azərbaycan hərbçisi, karateçisi, həkimi və milliyyətçisi; Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995) və nazir vəzifələrini müvəqqəti icra edən (iyun–iyul 1993). O, Birinci Qarabağ müharibəsində iştirak edib.

O, Bakıda tibb təhsili aldıqdan sonra təhsilini SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhəyə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir.

O, 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu.

1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət Hüseynov və Heydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.

Türkiyə dövləti daxilində mütəşəkkil cinayətkarlıq ilə əlaqəsi olan ünsürlər və Türkiyənin kəşfiyyat orqanları ilə əlaqəsi olduğu güman edilən Rövşən Cavadov daxili işlər nazirinin XTPD-nin ləğv edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra dövlət çevrilişinə cəhd etmiş və prezident Heydər Əliyevin öldürülməsini hədəfə qoymuşdur. Buna baxmayaraq, Cavadov baş tutan döyüşlər zamanı həlak olmuşdur.

Erkən illəri və ailəsi Rövşən Bəxtiyar oğlu Cavadov 19 oktyabr 1951-ci ildə Azərbaycan SSR-nin Laçın şəhərində anadan olmuşdur. Onun əslən Laçın rayonunun Hoçaz kəndindən olan atası Bəxtiyar Cavadov 2003-cü ildə, əslən Laçın rayonunun Seyidlər kəndindən olan anası Tamara Cavadova (Əliyeva) isə 2011-ci ildə ürək tutmasından vəfat etmişdir. O, Mahir Cavadovun kiçik qardaşıdır və iki bacısı da var. Rövşən Cavadov Zemfira Cavadova ilə ailə həyatı qurmuş, onun bu evlilikdən olan yeganə oğlu, 1974-cü il təvəllüdlü Laçın Cavadov 19 dekabr 2003-cü ildə Moskvada vəfat etmişdir. Laçın Cavadov vəfat edərkən bir qızı var idi. Rövşən Cavadovun qızı Jalə Cavadova Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Abid Şərifovun 2023-cü ildə vəfat etmiş, yeganə oğlu Elçin Şərifovla olan evliliyindən iki qızı var və o, Azərbaycandan xaricdə yaşayır. Rövşən Cavadov Bakının Nəsimi rayonunda, "Dostluq" kinoteatrı yaxınlıqlarında yaşayırdı.

Rövşən Cavadov 1973-cü ildə Azərbaycan Tibb Universitetindən məzun olmuş, ardınca 1973–1976-cı illər arasında Daxili İşlər Nazirliyi (DİN) Xəstəxanasında işləmişdir. O, 1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olmuş və 1980-ci ildə burdan məzun olmuşdur. Cavadov bu dövrdə antikommunist fikirləri ilə tanınırdı və o, 1980-ci ildə Əfqanıstanda hərbi xidmət üçün müraciət etsə də, bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov 1981-ci ildə Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir. Onun məktəbinin yetirmələri Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev kimi karateçilər idi. Cavadov 1982-ci ildə Gəncə şəhərinə sahə müvəkkili təyin olunmuşdur.

Qarabağ münaqişəsi

Mütəllibov hakimiyyəti 200px|thumb|right|Rövşən və Mahir Cavadov qardaşları uşaqlıqda. Rövşən Cavadov 1987-ci ildə qardaşı ilə birlikdə Təkamül Partiyasını yaratmışdır. O, Qara Yanvar hadisələri zamanı tərəfdaşları və tələbələri ilə SSRİ qoşunlarına qarşı qoymuş və Gəncə şəhərinə gedərək irimiqyaslı üsyan hərəkatı başlatmağı planlamışdır. Qarabağ münaqişəsinin ilkin dövrlərində Təkamül Partiyası Cavadovun təlimatı ilə hərbi birləşməyə çevrilmişdir. Bundan sonra Azərbaycan hökuməti Cavadova polkovnik hərbi rütbəsi vermiş və onun hərbi birləşmələrini Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) olaraq adlandırmışdır. O, 1991-ci ilin yayında XTPD-nin rotalarından birinin komandiri olmuş, 1991-ci ilin sonunda isə respublika XTPD-yə rəhbərlik etməyə başlamışdır.

Rövşən Cavadov Milli Azadlıq Hərəkatında iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsi (AXC) ilə əlaqəsi olmuşdur. AXC-nin 6 yanvar 1990-cı il tarixində, Azərbaycan Milli Elmlər Akademiyasının binasında keçirilmiş II qurultayın mühafizə xidmətinə başçılıq edirdi. AXC-nin şurasının üzvlərini çıxışlarından sonra məclisin formalaşması üçün fasilə elan edilmiş, lakin fabrik işçisi olan deleqatlardan biri AXC-nin nizamnaməsinin sıravi cəbhəçilərin seçkili orqanların işində iştirak etmək hüququ haqqında bəndinə istinad edərək zalı tərk etməkdən imtina etmişdir. Bu zaman Rövşən Cavadov onu zaldan çıxamağa çalışmış, deleqatın müqavimət göstərməsindən sonra onu döymüşdür. Zərdüşt Əlizadə öz kitabında qeyd etmişdir ki, hadisədən sonra zalda olan "hər kəs qorxu içində susmuşdu".

17 mart 1991-ci ildə Mixail Qorbaçov SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirmişdir. Azərbaycanda rəsmi nəticəyə görə, seçicilərin 95%-i ittifaqı saxlamağın tərəfdarı olmuşdur. Ermənistan referendum keçirməkdən imtina etdiyi üçün Moskva onu cəzalandırmaq qərarına gəlmiş, ardınca Qorbaçov Şaumyan və Hadrut rayonlarının bir sıra kəndlərinin erməni əhalisini deportasiya edilməsini nəzərdə tutan Çaykənd əməliyyatına icazə vermişdir. Əməliyyatda DİN-ə bağlı Daxili Qoşunlar və XTPD birlikləri iştirak edirdi. Daxili Qoşunlar əsasən ruslardan yığılmışdı, ordu hissələrində azərbaycanlılar üstünlük təşkil edirdi, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi XTPD-də isə yalnız azərbaycanlılar xidmət edirdilər. Rövşən Cavadov XTPD-nin komandiri olaraq əməliyyatda aktiv iştirak etmişdir.

Elçibəy hakimiyyəti 1992-ci ildə, fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, prezident Ayaz Mütəllibova qarşı nifrətə səbəb olmuşdu. Bir çox cəbhəçi Mütəllibovu tənqid etmiş və onun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. left|200px|thumb|right|Azərbaycan Daxili İşlər naziri İsgəndər Həmidov. Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. AXC bunu dövlət çevrilişi kimi qiymətləndirmiş, Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. Onlar əvvəlcə Mütəllibova ultimatum göndərmiş, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücuma başlamışdır. Mütəllibov hakimiyyətdə qalmaq üçün Rusiyaya bağlı qüvvələrin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.

15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir. 10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi. Ayaz Mütəllibov Rövşən Cavadova nümayişçiləri dağıtmaq üçün güc tətbiq etmək əmri vermiş, Cavadov buna əməl etməmək qərarını vermişdir. Hər halda, Həmidov dəstələri ilə birlikdə parlament binasına və televiziyaya basqın etmişdir. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.

AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir. Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdi. Rövşən Cavadov Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Bu dövrdə o, artıq Daxili İşlər Nazirliyi daxilində böyük nüfuza malik olmuşdu. Eyni zamanada, İsgəndər Həmidov Bozqurd Partiyasını (sonralar Azərbaycan Milli Demokrat Partiyası) yaratmış və onun rəhbəri olmuşdu. Onun partiyası və milislərinin, adlanmaya baxmayaraq, Türkiyədəki türkçülər ilə əlaqələsi az idi və Həmidov özü Türkiyədəki ülkücü ocaqlarına bağlılıq təklifindən imtina etmişdi. Hər halda, Rövşən Cavadov bu partiyanın ən əhəmiyyətli müttəfiqlərindən biri olmuşdur.

Qarabağdakı separatçı hərəkata son qoymaq istəyən Əbülfəz Elçibəyin əmri ilə 12 iyunda Azərbaycan Milli Ordusu Dağlıq Qarabağın şimalından hücuma keçərək "Goranboy" əməliyyatına başlamışdır. Hücum əməliyyatında Rövşən Cavadovun komandanlıq etdiyi XTPD bölmələri ön cəbhədə idi. Azərbaycan qüvvələri zirehli texnika və tanklarla irəliləyirdi, zəif silahlanmış erməni qoşunlarını darmadağın edirdi. XTPD bölmələri 4 iyulda, səhər saatlarında "Qurtuluş" batalyonu və Surət Hüseynovun komandanlığı altındakı 123 saylı zərbə-həmlə alayının tank batalyonu ilə birlikdə Ağdərə şəhərinə daxil olmuşdur. Buna baxmayaraq, Rusiyanın dəstəyi ilə ermənilər əks-hücuma keçmiş, oktyabr ayına qədər Azərbaycanın hücumunu dayandırmışdır. Rövşən Cavadov 1992-ci ilin iyulunda, Azərbaycanın cənub rayonlarında keçirilən "Subtropik" əməliyyatına general Rəhim Quliyev ilə birlikdə başçılıq etmişdir. Əməliyyatın məqsədi Azərbaycan–İran sərhədinə nəzarəti bərpa etmək, silahlı dəstələri zərərsizləşdirmək və SSRİ hakimiyyəti dövründə idarə-müəssisə rəhbəri olarkən qanunsuz şəkildə varlanmış şəxsləri yaxalamaq idi.

Rövşən Cavadov və onun qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadov mahiyyətcə öz milislərini AXC-yə sadiq qüvvələrə birləşdirmiş qoşun başçıları idilər. Dövrün Azərbaycan mətbuatında ermənilərin Rövşən Cavadovun başına külli miqdarda pul qoyması barədə məlumatlar dərc olunurdu. Rövşən Cavadov 1993-cü ilin fevralında daxili işlər naziri İsgəndər Həmidovun müavini təyin edilmiş, həmin ilin iyununda daxili işlər naziri Abdulla Allahverdiyev həbs olunduqdan sonra bir müddət daxili işlər naziri vəzifəsini icra edən vəzifəsində çalışmışdır. Buna əlavə olaraq, Cavadov Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətinin sədrliyini də etmişdir.

Əliyev hakimiyyəti 1993-cü ilin iyununda ordu komandiri Surət Hüseynov hərbi çevrilişlə Əbülfəz Elçibəyi devirmiş, eks-prezident isə ardınca Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyətə gəlməsi üçün Bakıya dəvət etmişdir. Hüseynov müttəfiq kimi yanına çağırdığı ilk şəxs daxili işlər nazirinin müavini Rövşən Cavadov olmuşdur. Odur ki, Əliyev Naxçıvandan Bakıya gələrkən onun təhlükəsizliyindən Rövşən Cavadov məsul olmuşdur. Bu dövrdən başlayaraq Cavadov ilə Hüseynov silah-sursat əldə etmək və Azərbaycan Silahlı Qüvvələrini gücləndirmək üçün əməkdaşlıq etməyə başlamışdılar.

250px|thumb|right|Rövşən Cavadov (sağdan ikinci) azərbaycanlı döyüşçülərlə. 1990-cı illərin əvvəlləri. Əbülfəz Elçibəyin paytaxt Bakını tərk edərək Naxçıvana getməsi AXC dəstəkçilərini təəccübləndirmişdi. Onlar buna reaksiya olaraq bir neçə dəfə etiraz aksiyaları təşkil etməyə çalışsalar da, hər dəfəsində nümayişçilərin qarşısı zorakılıqla alınmışdır. Bəzi nümayişlər silahlılar, bəziləri yüzlərlə polis və hərbçinin zorakı müdaxilə ilə dayandırılmışdır. Baş verənlərdən xəbər tutan Rövşən Cavadov AXC baş qərargahının önünə gələrək üzr istəmiş, nümayişləri dayandırmaqla bağlı əmr vermədiyini bildirmişdir.