Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir.
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir.
Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir.
Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır.
Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə dövlət reyestrinə aşağıdakı məlumatların daxil edilməsi ilə aparılır: torpaq sahəsi üzərində hüququ əldə edən şəxs barədə məlumat; torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi və digər səciyyəvi xüsusiyyətləri göstərilməklə); torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında müqavilənin şərtləri, sahənin istifadəsində müəyyən edilmiş servitutlar, öhdəliklər və məhdudiyyətlər haqqında məlumatlar; torpaq sahəsi barədə sərəncam verilməsinə dair əqdlərin bağlanması və digər fəaliyyət barədə məlumatlar; torpaq sahəsinə dair əqdlərin bağlanmasına qadağanlar müəyyən edilməsinə dair məlumatlar; torpaq sahəsinin dövlət və bələdiyyə ehtiyacları üçün özgəninkiləşdirilməsi barədə qərarların tarixi və nömrəsi qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar.
Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayılan torpaq sahəsinin planı olduqda həyata keçirilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə qeydiyyatın tarixi və nömrəsi, habelə qeydiyyat aparan orqan haqqında məlumatlar göstərilməklə torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə qanunvericilikdə müəyyən olunmuş hüquqi sənədlər verilir.
Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu Azərbaycan dövləti bütün cəmiyyətin maraqlarına uyğun olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı ilə yanaşı, həmin torpaqlardan torpaq mülkiyyətçilərinin və icarəçilərinin düzgün istifadəsinə də nəzarəti həyata keçirir. Ona görə də torpaq ehtiyatlarının təkcə hüquqi baxımdan deyil, həm də təbiət və təsərrüfat baxımından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzifələrindən biri hesab olunur. Əslində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı və torpaqların dövlət uçotu eyni vaxtda aprılır. Bu, qeydiyyat və uçot əməliyyatlarının və sənədlərinin vəhdəti hesabına əldə edilir. Belə ki, inzibati rayonların dövlət torpaq kadastr kitablarında həm bütün torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin dövlət qeydiyyatı, həm də bu subyektlərin ixtiyarında olan kənd təsərrüfatı yerlərinin (uqodiyaların) tərkibinə və keyfiyyətinə dair uçot məlumatları verilir.
Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu torpaq ehtiyatlarının miqdarı, yerləşməsi və təsərrüfat istifadəsi haqqında geniş məlumatların toplanması, sistemləşdirilməsi və təhlili ilə bağlı dövlət torpaq kadastr tədbiridir. O, dövlət torpaq kadastrının tərkib hissəsi kimi, torpaqların təbiəti və təsərrüfat baxımından ilkin öyrənilməsini təmin edir.
Torpaq cəmiyyətdə istehsal prosesinin ümumi bazisini təşkil edir, ona görə də torpaqların kəmiyyət və keyfiyyətcə uçotu vahid torpaq fondunun əsas kateqoriyalarını əhatə etməklə idtisadiyyatın bütün sahələrində aparılmalıdır.
Uçot tədbirinin əsas vəzifəsi vahid torpaq fondunun respublika tabeli şəhər, inzibati rayon və muxtar inzibati-ərazi vahidləri (Naxçıvan MR və Dağlıq Qarabağ) daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) və onun tərkib hissələrinin (növlərinin) qəbul olunmuş təsnifata uyğun olraq torpaq mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) üzrə səciyyəsini verməkdir. Torpaqların dövlət uçotu kənd təsərrüfatı yerlərinin (uqodiyaların) faktiki vəziyyətinə görə keyfiyyəti şübhə doğurmayan plan-xəritə materialları və qrafiki üsullarla aşkar edilmiş cari dəyişikliklərin qeydiyyat məlumatları əsasında aparılır.
Torpaqların kəmiyyət və keyfiyyətcə uçotunun dəqiqlik dərəcəsi torpaqlardan istifadənin xarakterindən və torpaq resurslarının potensial imkanlarından asılıdır. Kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edən kənd təsərrüfatı təyinatlı torpaqlar, dövlət meşə fondu torpaqları, ehtiyat fondu torpaqları, həmçinin şəhər, qəsəbə, kəndlərin hüdudları daxilində yerləşmiş yaşayış, mədəni-məişət, inzibatı və digər əhəmiyyətli bina, tikili və qurğular altındakı torpaqlar daha dəqiq uçota alınırlar. Sənaye, nəqliyyat, rabitə, müdafiə və təhlükəsizlik, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya), tarix-mədəniyyət və digər qeyri-kənd təsərrrüfatı təyinatlı olub, sənaye müəssisələrinin, rabitə və nəqliyyat yollarının, istirahət zonalarının yerləşdirilməsindən ötrü məkan bazisi kimi istifadə olunan torpaqlar müfəssəl formada uçota alına bilər, su səthi altında qalmış su fondu torpaqlarının da dəqiq uçotuna ehtiyac yoxdur.
Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) uçotu torpaq örtüyünə, torpaqların təbii daxili diaqnostik əlamət və xassələrinə, meliorativ vəziyyətinə, ot durumunun tərkibinə, başqa xassələrinə görə aparılır. Bu zaman əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, biçənəklər və örüş yerlərinin keyfiyyəti səciyyələndirilir. Torpaqların keyfiyyəti irimiqyaslı xüsusi torpaq, aqrokimyəvi, geobotaniki, meliorativ tədqiqatlar vasitəsilə öyrənilir.
Torpaq örtüyünün səciyyəsi torpaq növmüxtəliflikləri üzrə torpağın qranulometrik tərkibinə, torpaqda humus, azot, fosfor, kaliumun miqdarına, udulmuş əsasların cəminə, torpaq mühitinin reaksiyasına (pH), suvarılan torpaqlarda əlavə olaraq suda həll olan duzların tərkibinə, şorlaşmanın dərinliyinə görə verilir. Tədqiqatlar nəticəsində əldə edilmiş göstəricilər əsasında xassə və əlamətlərinə görə yaxın olan torpaqlar keyfiyyət qruplarında birləşdirilir. Azot, fosfor, kalium (NPK) və digər qida maddələri ilə təmin olunmasına görə də torpaqların xüsusi (aşağı, orta, yüksək) qruplaşdırılması mövcuddur.
Təbii yem sahələrinin (yay və qış otlaqları) uçotu ot örtüyünün tərkibinə və keyfiyyətinə görə aparılır. Burada torpaq tədqiqatları ilə yanaşı, geobotaniki tədqiqatlara da geniş yer verilir.
Torpaqların meliorativ vəziyyəti qrunt suyunun dərinliyinə və minerallaşmasına görə müəyyən edilir. Bu torpaqlar içərisindən hidrotexniki, aqrotexniki və digər meliorativ tədbirlərə ehtiyacı olan torpaqlar ayrıca qeyd edilir. Şoranlıqlar, daşlı torpaqlar, kolluqlar, bataqlıqlar, eroziyaya məruz qalmış torpaqlar, həmçinin suqoruyucu və tarlaquruyucu əkmələr ayrıca uçota alınır. Torpaqların kəmiyyət və keyfiyyətcə uçotu zamanı suvarılan torpaqlara xüsusi diqqət yetirilir. Bu torpaqlarda təkcə kənd təsərrüfatı yerlərinin (uqodiyaların) faktiki vəziyyəti deyil, suvarmanın dərəcəsi (intensiv, qismən) üsulları (selləmə, çiləmə və s.) suvarma və kollektor-drnaj şəbəkəsinin vəziyyəti də nəzərə alınır.
Torpaqların keyfiyyət uçotu təkcə torpaqların deyil, torpaq yerinin də təsnifatını nəzərdə tutur. Torpaqşünaslıq elmində torpaq –quru səthinin torpaqəmələgətirən amillərin təsiri altında formalaşmış, münbitlik xassəsi olan yuxarı, yumşaq bitki bitən üst qatı hesab edilir. Torpaqəmələgətirən amillərin məkan-zaman dəyişkənliyindən asılı olaraq torpaqların şaquli və üfiqi zonalığı qanunu mövcuddur. Torpaqların təsnifatı onların genezisinə və inkişafına görə tərtib edilir.
"Torpaq" anlayışından fərqli olaraq, "torpaq yeri" anlayışı daha geniş məfhumdur. "Torpaq yeri" konkret torpaq örtüyü, relyef, iqlim şəraiti, təbii bitki örtüyü, müəyyən qrup kənd təsərrüfatı bitkilərinin becərilməsindən ötrü yararlılığı, meliorativ vəziyyəti ilə səciyyələnir. Torpaq – torpaq yeri sisteminin yalnız bir elementidir. O, torpaq yerinin digər şəraitləri ilə birgə torpaqdan istifadə əsaslı şəkildə təsir göstərir. Ona görə torpaq yerinin təsnifatında torpaqla yanaşı, digər şəraitlər də, o cümlədən iqtisadi amillər, nəzərə alınmalıdır.
Torpaqların bonitirovkası Torpaqların bonitirovkası torpaqların daxili xassələri əsasında keyfiyyətinin müqayisəli şəkildə qiymətləndirilməsidır. Qiymətləndirmə zamanı əsas meyarlar kimi torpağın daxili xassələri — humus, azot, fosfor, kalim tərkibi, udulmuş əsasların cəmi götürülür. Respublikamızın mürəkkəb təbii şəraiti, relyef, iqlim, bioloji amillərin rəngarəngliyi torpaqların münbitliyinin müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində kənd təsərrüfatı bitkilərinin region, zona və hətta təsərrüfat daxili yetişdirilməsi xərclərini artırıb — azaltmaqla istehsalın iqtisadi göstəricilərini mürəkkəbləşdirmişdir. Ona görə də torpaqların münbitliyinin müxtəlifliyinin qeydiyyata alınması, yəni onların genetik-istehsalat təsnifatının verilməsi və torpaqların daxili diaqnostik göstəriciləri əsasında müqayisəli şəkildə qiymətləndirilməsi bonitirovkanın həm nəzəri, hən də praktiki cəhətdən ən əhəmiyyətli problemlərindəndir. Torpaqların bonitirovkası torpaqşünaslıq elminin və həmçinin dövlət torpaq kadastr tədbirinin müstəqil sahəsi olub, torpağın həm təbii-tarixi varlıq, həm də istehsal vasitəsi kimi qiymətləndirilməsinin elmi-nəzəri əsaslarını tədqiq edən, prinsip və metodlarını işləyən, istehsalatda geniş tətbiqi məsələlərini araşdıran təlimdir.
Torpaqların həm təbii-tarixi varlıq, həm də bir istehsal vasitəsi kimi bir sıra özünəməxsus xüsusiyyətləri, digər tərəfdən kənd təsərrüfatı istehsalının sənaye istehsalından fərqli olaraq, təbii şəraitdən, o cümlədən torpağın münbitliyindən asılı olması, onun müqayisəli şəkildə qiymətləndirilməsini zəruri edir. Belə ki, çox vaxt eyni miqdarda sərf olunmuş əmək və kapitalın müqabilində əkinçinin əldə etdiyi məhsul və gəlir, torpaqların münbitliyindən asılı olaraq müxtəlif ola bilər və yaxud eyni münbitliyə malik olan torpaqlarda kapital əməyin daha çox sərf edildiyi yerdə əlavə gəlir və ya renta digərindən artıq olacaqdır.