Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi, həmçinin 20 Yanvar Bakı faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: "O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər". SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər. Sovet qoşunları gələnə qədər Xalq Cəbhəsi artıq faktiki olaraq ölkənin bir sıra rayonlarına nəzarət edirdi. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər ölüb, 21 nəfər yaralanıb. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra və sonrakı günlərdə daha 21 nəfər həlak olub. Daha 8 nəfər fövqəladə vəziyyət elan olunmayan ərazilərdə — yanvarın 25-də Neftçalada, 26-da isə Lənkəranda həlak olub.
Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polislər də var. Hərbçilərin yandırıcı güllələrdən açdığı yanğın nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. 1990-cı il yanvarın 22-də AzSSR Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrə siyasi qiymət verildi. Azərbaycan SSR Ali Sovetinin hadisələri araşdıran Komissiyasının Bəyanatında qeyd edilirdi ki, müttəfiq hakimiyyət orqanları Azərbaycan SSR-in suveren hüquqlarına etinasız yanaşır, SSRİ-nin yaradılması haqqında Müqavilənin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını pozurlar. Yanvarın 22-də ölənlərin dəfn mərasimi keçirilib. Bu hadisələr Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olub, 20 Yanvar isə respublikada qeyri-iş günü olub.
Zəmin 1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi. Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər. Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər. Fikir ayrılığının digər səbəbi rusdilli kosmopolit Bakı ziyalıları ilə respublikanın digər əhalisini bir-birindən ayıran uçurum idi. "Alimlər klubu"nun bəzi iştirakçıları partiya üzvləri idilər. Millətçiliyi təbliğ edən və Mixail Qorbaçovun perestroykaya maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər. İki ən məşhur radikal – tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı ailələrindən idilər. Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarını" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə uzun sürdü. Sonda, 1990-cı ilin yanvarında Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.
Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi. Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın şimalında – Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü, daxili qoşunların dörd əsgəri öldürüldü.<ref>Bakatin, "4 o p o ra b npomeAineM BpeMeHiı ("Yol keçmiş zamanda"), səh. 174.</ref>
Yanvarın 6–7-də Xalq Cəbhəsi parçalandı. Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı. Cəbhənin tərkibində qalanlar isə Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər. Moskvadan Bakıya daha bir neçə min nəfərlik daxili qoşun kontingenti göndərildi. Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi. İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş "Bakinski raboçi" qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:
Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu. Komitənin beş liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin qəddar düşmənləri idilər. Onlardan ikisi – Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər. Pənahov bəyan etdi ki, Bakı evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş zorakılığa təhrik etdi.
Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydınlıq gətirməyin məqamı çatdı. Hələ basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi. Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı.
Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi – hədə-qorxu və ya həqiqi edam aləti olması – elə də sirr olaraq qaldı. Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar. Etibar Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına razı olmayacağı haqqında onlara xəbərdarlıq etdi və qoşun yeridəcəyinə işarə etdi:
Lakin qoşunları yeritmək haqqında qərar hələ qəbul edilməmişdi. Bəzi mənbələrə görə, Primakov Qorbaçova zəng edib onu razı salmağa çalışırdı ki, hərbi müdaxiləyə icazə verməsin.Primakovun Qorbaçovla telefon söhbətinin şahidi olan Vyaçeslav Mixaylova əsasən
Həmin vaxt AzSSR Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov Bakıya qoşun yeridilməsini Qorbaçov komandasının Azərbaycana qarşı təxribatı adlandırıb. Onun fikrincə faciənin başında duran əsas qüvvələr respublika rəhbərliyini idarəçilikdən uzaqlaşdıran Primakovun dəstəsi və müxalifətdə olan AXC-nin bəzi liderləri idi.
Bakıya hücum
Hücumun gedişi thumb|20 yanvarda Sovet qoşunlarının əməliyyat xəritəsi
Nəhayət, Qorbaçov və onun güc nazirləri yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasınin enerji bloku partladıldığından televiziya yayımı kəsilmişdi. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da Mirzə Xəzərin səsi ilə Azadlıq Radiosundan və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.Məlikovun "Я обвиняю" ("Mən ittiham edirəm") kitabında nəşr edilmiş "Şit" ("Qalxan") həbi-analitik qrupunun hesabatından, səh. 176–179. Bəzi təfsilatlar 20 yanvar hadisələri barədə ən dolğun məlumat mənbəyi olan Məlikovun sənədlər və məqalələr toplusundan gütürülüb
Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbaran edildi, bir çox sərnişinlər, o cümlədən on üç yaşlı Larisa Məmmədova qətlə yetirildi.
SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə — Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi.
20 yanvar deputat istintaq komissiyasının məlumatına görə, Bakıda olan Sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əsasən beş istiqamətdə hərəkət edirdi.
Binə — Qala marşrutu Sovet qoşunlarının Binə-Qala yolu ilə hərəkəti 1990-cı il yanvarın 19-u saat 22:00 radələrində başlayıb. Azərbaycan xalqı ilk qurbanlarını da elə Binə-Qala yolunda verib. Həmin istiqamətdən Bakıya doğru hərəkət edən qoşunların qarşısını keçmiş "Komsomol" dairəsində dinc əhalinin barrikadası kəsib. Gecə saat təqribən 11 radələrində barrikadanı yaran qoşun "Komsomol" dairəsində təcili yardım maşınlarına da atəş açıb. Təcili yardım maşınında olan həkim Aleksandr Marxevka yaralılara tibbi yardım göstərmək istəyərkən həlak olub.
Salyan kazarmasından hərəkət thumb|1990-cı ildə Bakıda Sovet qoşunları